Bu gün Bakıda “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans işinə başlayıb. “PROSOL” şirkətinin ev sahibliyi ilə həyata keçirilən tədbir çərçivəsində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən ‘‘CTF – Capture the Flag’’ kibertəhlükəsizlik müsabiqəsi təşkil olunub.
"APA-Economics" xəbər verir ki, konfransın açılış mərasimində XRİTDX-nın rəis müavini general-mayor Allahverən İsmayılov çıxış edib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılmasına və inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmiz beynəlxalq səviyyəli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində 36 pillə irəliləyərək 86-cı yerdən 50-ci yerə yüksəlib. Rəis müavini XRİTDX mütəmadi olaraq dövlət qurumlarının informasiya sistemlərini audit və monitorinq etməklə onların informasiya təhlükəsizliyinin vəziyyətini operativ olaraq qiymətləndirdiyini vurğulayıb. Eləcə də, A. İsmayılov qeyd edib ki, bir neçə gündən sonra XRİTDX və Rumıniya Respublikasının Kiberdiplomatiya Mərkəzinin birgə təşkilatçılığı ilə regionda ilk dəfə “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans həyəta keçiriləcək.
“Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans çərçivəsində kibertəhlükəsizlik sahəsində son trendlərə və çağırışlara dair fikir mübadiləsi aparılacaq, panel müzakirələri və ‘‘CTF – Capture the Flag’’ kibertəhlükəsizlik müsabiqəsi həyata keçiriləcəkdir. Panel müzakirələrində Azərbaycanın dövlət və özəl sektorunun nümayənədləri, kibermütəxəssislər, eləcə də ABŞ, Türkiyə, İsrail, Polşa, Ukrayna, Fransa, Qazaxıstan, Xorvatiya, Pakistan kimi ölkələrdən nümayəndələr iştirak edəcəklər.
XRİTDX tərəfindən təşkil olunmuş ‘‘CTF – Capture the Flag’’ kibertəhlükəsizlik müsabiqəsində dövlət və özəl qurumlarından ibarət olan 20 kiberkomanda 3 yer uğrunda mübarizə aparacaq.
Konfrans 2 gün ərzində davam edəcək.