Bakı, 19 sentyabr, AZƏRTAC
“2024-cü ildə “ADEX” və “Securex Caspian” sərgiləri müdafiə sənayesi sahəsinə həsr olunmuş ən nəhəng tədbirlər sırasındadır. Sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində keçiriləcək bu sərgilər ölkəmizin müdafiə sənayesi potensialını nümayiş etdirir. Bu tədbirlər hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyətin qurulmasına, təcrübə mübadiləsinə və səmərəli əlaqələrin yaradılmasına şərait yaradır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev sentyabrın 19-da 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” və 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
S.Ağabalayev bildirib ki, sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir: “Sərginin təşkilatçısı “Caspian Event Organisers” və onun beynəlxalq tərəfdaşı “Caspian Event Management” şirkətidir. “ADEX” sərgisinin qızıl sponsorları “Baykar” və “Israel Aerospace Industries”, bürünc sponsoru isə “Barzan Holdings” şirkətidir. Bu sərginin uğurla təşkil edilməsində diqqət çəkən məqam bu tədbirlərə müvafiq dövlət strukturları tərəfindən aktiv dəstəyin göstərilməsidir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, bu il tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə birgə iki sərgi zalında stendlə, eləcə də Bakı Ekspo Mərkəzinin açıq sahəsində böyük ekspozisiya ilə təmsil olunacaq. 2024-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilk dəfə olaraq tədbirdə stendlə iştirak edəcək”.
“Hər kəsə məlumdur ki, ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. Dünyanın ən böyük və əhəmiyyətli beynəlxalq tədbirləri ölkəmizdə yüksək səviyyədə təşkil edilir. Bu il də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edirik. Bütün bu uğurlar dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin qətiyyətli siyasəti və həyata keçirilən dövlət proqramları sayəsində əldə olunub. Prezidentin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanı beynəlxalq arenada önəmli bir gücə çevirib. Sentyabrın 24-26-da keçiriləcək sərgiləri ziyarət edən qonaqlar milli pavilyonlarda və sərgi stendlərində müdafiə sənayesi sahəsindəki yeniliklərlə tanış olmaq imkanı əldə edəcəklər. Bu il sərgilərin miqyası daha genişdir və əvvəlki illərə nisbətən Bakı Ekspo Mərkəzində əlavə zallar və açıq ərazilər istifadəyə verilib”, - deyə Samir Ağabalayev əlavə edib.