RU

Dövlət borcu və iqtisadi inkişaf: 2025-ci ildə borc ÜDM-in 23%-ni təşkil edəcək

Proqnozlara əsasən, gələn ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 30 milyard manata və ya ÜDM-in 23%-inə çatacağı gözlənilir.

Bu barədə Fins.az Maliyyə Nazirliyinin açıqladığı "2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədinə istinadən məlumat verib.

Həmin dövrdə xarici dövlət borcunun 9 milyard manat və ya ÜDM-in 7%-i, daxili dövlət borcunun isə 21 milyard manat və ya ÜDM-in 16%-i olacağı proqnozlaşdırılır.

Ortamüddətli (2025-2028-ci illər) dövrün sonunda Azərbaycanın dövlət borcunun ümumi məbləği 33,8 milyard manata çatacağı və ÜDM-in 23%-dən aşağı olacağı gözlənilir.

Qeyd edək ki, 2023-cü il iyulun 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib. Xarici dövlət borcunun 64,2%-i çoxtərəfli maliyyə institutları, 25,9%-i xarici bazarda yerləşdirilmiş istiqrazlar, 9,9%-i isə ikitərəfli maliyyə institutlarından alınmış kreditlər üzrə öhdəliklərə aiddir. Avrobondların borcun 25,9%-ni, Asiya İnkişaf Bankının 35%-ni, Dünya Bankının 16,7%-ni, digər kreditorların isə 22,4%-ni təşkil etdiyi bildirilib.

Azərbaycanın daxili dövlət borcu isə 16 milyard 571,9 milyon manat olub. Bunun 7 milyard 280,7 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 291,2 milyon manatı isə dövlət zəmanətli öhdəliklər təşkil edir. Hesabat tarixinə görə, dövlət qiymətli kağızlarının 19,5%-i 1 illik, 67%-i 2 və 3 illik, 13,5%-i isə 5 il və daha uzun müddətli olub.

Fuad Mədətov
Fins.az

Избранный
10
50
fins.az

10Источники