RU

Bir neçə saata qazanılan tarixi qələbə: Bir il əvvəl nə baş vermişdi?

2020-ci il Vətən Müharibəsində qazandığımız qələbəmizin davamı olaraq, ötən il 19 sentyabr tarixində aparılan lokal antiterror tədbirləri nəticəsində Azərbaycan tam olaraq öz suverenliyini bərpa etdi.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, əməliyyat gündüz vaxtı, dağ-meşə şəraitində əlverişsiz hava şəraitində başlasa da, qarşıya qoyulmuş bütün vəzifələr dəqiqlik və müəyyən edilmiş müddətdə yerinə yetirilib:

“Müdafiə naziri Zakir Həsənov əməliyyatın gedişatını Azərbaycan televiziyasına verdiyi müsahibədə təsvir edərkən bildirdi ki, əməliyyat bir sutkadan az davam edib, saat 13:00-da başlayıb, artıq saat 22:00-a qədər Ermənistanın əksər birləşmələri mühasirəyə alınıb. Müdafiə naziri təsdiqlədi ki, Azərbaycan qüvvələri düşmənin bütün təchizat yollarını tez bir zamanda kəsib və onun havadan müdafiə və idarəetmə sistemlərini sıradan çıxarıb. Bu da erməni qüvvələrinin kapitulyasiyasına səbəb oldu.

Bir sutkadan az bir müddətdə Azərbaycan Silahlı Qüvvələri 406 kvadrat kilometr ərazini tamamilə təmizlədi və nəzarətə götürdü. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək antiterror tədbirlərini beynəlxalq humanitar hüququn normaları və prinsiplərinə tam uyğun şəkildə həyata keçirdi, mülki əhali arasında itkilərə yol vermədi və mülki obyektlərə ziyan vurmadı. Azərbaycan Ordusu qısa müddətdə 15-18 min nəfərdən ibarət düşmən qruplaşmasını təslim olmağa məcbur etdi.

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Ordusunun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya sistemi, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitəsi və 9 hərbi-nəqliyyat vasitəsi məhv edildi. Bundan əlavə, əməliyyat zamanı 1731 ədəd müxtəlif döyüş texnikası, o cümlədən artilleriya qurğuları, zenit-raket qurğuları, hərbi avtomobillər, xüsusi texnikalar və digər döyüş vasitələri ələ keçirilərək müsadirə olundu. Həmçinin 18 664 ədəd atıcı silah müsadirə edildi.

Xüsusilə qeyd edilməlidir ki, bu əməliyyatda yalnız komando bölmələrinin, mexanikləşdirilmiş və motoatıcı hissələrin bir hissəsi, Quru Qoşunlarının bəzi bölmələri, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrin ayrıca qrupları, eləcə də Silahlı Qüvvələrin raket-artilleriya və mühəndis-sapyor bölmələrinin məhdud sayda şəxsi heyəti və döyüş texnikası iştirak edib.

2020-ci il Vətən Müharibəsində qazandığımız Qələbəmizin davamı olaraq, ötən il, 19 sentyabr tarixində aparılan lokal antiterror tədbirləri nəticəsində Azərbaycan tam olaraq öz suverenliyini bərpa etdi. Erməni separatizmi Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda tamamilə məhv edildi. Bu ərazilərdə Azərbaycan bayrağı qaldırıldı və bu, tariximizə daha bir parlaq səhifə kimi daxil oldu”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
teleqraf.com

1Источники