RU

Professor: Xəzərətrafı ölkələr arasında dəniz səviyyəsinin qalxıb-enməsindən ən çox ziyan çəkən dövlət Azərbaycandır

Bakı, 19 sentyabr, AZƏRTAC

Xəzər dənizinin səviyyəsi son 100 ildə 3 dəfə kəskin dəyişib. Dənizin orta illik səviyyəsi 1930-1977-ci illərdə 3,2 metr enib, 1978-1995-ci illərdə isə 2,5 metrə qədər yüksəlib. Bu proses nəticəsində respublikanın təqribən 850 kilometr uzunluqlu sahil xətti zonasında 50 min hektara qədər torpaq sahəsi subasmaya məruz qalıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri professor Əmir Əliyev “Müasir dövrdə Xəzər dənizinin səviyyə dəyişmələri: səbəblər və nəticələr” mövzusunda məruzə ilə çıxış edərkən deyib.

Xəzər dənizinin səviyyəsinin 1996-2023-cü illərdə 2 metr endiyini deyən alim bu prosesin hazırda davam etdiyini, həmin müddətdə respublikamızın dənizsahili zonasında dəniz suları altından 38 min hektar torpaq sahəsinin çıxdığını vurğulayıb.

“Xəzərətrafı 5 ölkə içərisində dənizin səviyyəsinin qalxıb-enməsindən ən çox ziyan çəkən dövlət Azərbaycan Respublikasıdır. Hazırda Xəzərsahili ərazidə əhalimizin yarıdan çoxu, sənaye potensialının isə 80 faizə qədəri yerləşir. Xəzər dənizinin səviyyəsinin 1978-1995-ci illərdə kəskin qalxması sahil zonasında yerləşən sənaye və kənd təsərrüfatı infrastrukturlarına xeyli ziyan vurmuşdur”, - deyə professor Əmir Əliyev diqqətə çatdırıb.

Alim, həmçinin qeyd edib ki, Xəzər dənizinin səviyyəsi hazırkı durumundan (- 28,5 mBS) 1.5 metr aşağı düşərsə, Xəzərin Nabran-Şabran sahil ərazisində, Abşeron yarımadası ərazisində, Cənub-Qərb ərazisində və Bakı buxtasında bir sıra geri çəkilmələr və digər mühüm ekoloji problemlər baş verə bilər.

Professor Əmir Əliyev çıxışında Xəzərin ekoloji problemləri ilə bağlı təkliflərini də səsləndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
azertag.az

1Источники