RU

"Antiterror tədbirləri beynəlxalq hüquqa uyğun keçirilib" - Ayxan Hacızadə

Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ölkəmizin Qarabağ iqtisadi rayonundan tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinin Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” kimi qələmə verilməsi qəbuledilməzdir.

"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin 19 sentyabr tarixli bəyanatına dair şərhində bildirilir.

Onun sözlərinə görə, sülhpərvər ölkə olduğunu iddia etməsinə baxmayaraq, Ermənistan tərəfindən Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın “Dağlıq Qarabağ” kimi qondarma adlarla çağırılması Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hörmətsizliyin bariz nümunəsidir.

"Ötən ilin 19-20 sentyabr tarixləri arasında Silahlı Qüvvələrimiz tərəfindən cəmi 24 saatdan az bir müddətdə öz suveren ərazilərimizdə aparılan antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə həyata keçirilib. Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir.

Ermənistanın 2020-ci il Vətən müharibəsində düçar olduğu məğlubiyyətə və qəbul etdiyi öhdəliklərə baxmayaraq və 2023-cü ilədək keçən üç ilə yaxın müddət ərzində öhdəliklərinə zidd şəkildə, nəinki öz qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmadığı, hətta Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürdüyü məlum idi. Ölkəmizə qarşı mina terrorunu davam etdirən Ermənistan, zaman keçdikcə onun daha geniş vüsət almasına rəvac verirdi. Ermənistan rəsmiləri hər vəchlə ərazilərimizdə saxladıqları qondarma rejimin təbliğatını apararaq, Ermənistan baş naziri 2 sentyabr 2023-cü il tarixində qondarma “müstəqillik” ilə bağlı separatçı rejimə təbriklərini çatdırdı.

Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan Ermənistanın heç bir çərçivəyə sığmayan bu kimi davranışlarının qarşısının alınması əsas şərtlərdən idi.

2023-cü ilin 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşının həlak olması isə Azərbaycanın səbir kasasının daşmasına səbəb oldu və antiterror tədbirlərini qaçılmaz etdi.

Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı. Yaşayış yerlərini tərk etməmək barədə Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına, tətbiq etdiyi reinteqrasiya proqramına baxmayaraq, erməni sakinlər Azərbaycan ərazilərini tərk etmək barədə qərar verdilər. Bu onların azad seçimi idi və bunu “etnik təmizləmə” kimi qələmə vermək, Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıları kütləvi şəkildə qovan, soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın riyakarlığını nümayiş etdirir.

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması və nəticə etibarilə yekun sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb. Bu baxımdan, Azərbaycanın regionumuzun təhlükəsizliyi və tərəqqisi naminə sülh prosesinin təşəbbüskarı olduğu və bu istiqamətdə həqiqi səylər göstərdiyi məqamda Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların qalması qəbuledilməzdir və Ermənistan tərəfindən tarixi sülh fürsətinin əldən verilməməsi üçün sözügedən iddiaların aradan qaldırılması istiqamətində tezliklə lazımi adekvat addımların atılması zəruridir.

Azərbaycan xalqı və dövləti üçün bu tarixi önəmli gündə bir daha Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən vətən övladlarımızın əziz xatirəsini dərin hörmətlə yad edirik.

Şanlı Silahlı Qüvvələrimizlə fəxr edir, dövlətimizin və xalqımızın hər zaman müzəffər olmasını diləyirik!", - XİN rəsmisi vurğulayıb.

Избранный
120
14
unikal.az

10Источники