Yerli mətbuatın məlumatına əsasən, həmin şəxs 73 yaşlı İsrail vətəndaşı Moti Mamandır.
* * *
12:57 "İsrailin Baş nazirinə, müdafiə nazirinə və ya "Şin-Bet"in rəhbərinə sui-qəsd həyata keçirməsi məqsədilə İranın təhlükəsizlik qüvvələri tərəfindən "işə götürülmüş" israilli şəxs aşkarlanaraq saxlanılıb". Bu barədə İsrail polisi və ölkənin daxili təhlükəsizlik xidməti "Şin-Bet"in birgə bəyanatında bildirilir.
Məlumata görə, adı açıqlanmayan həmin vətəndaşa İran tərəfindən, eyni zamanda, bir sıra casusluq və təxribat tapşırıqları da verilib. Onun İrana qeyri-qanuni şəkildə iki dəfə gedib-gəldiyi, tapşırıqlar üzrə təlimatlar, habelə ödəniş aldığı diqqətə çatdırılır. Əvvəllər isə uzun illər Türkiyədə biznes fəaliyyəti apardığı, Türkiyə və İran vətəndaşları ilə əlaqələr qurduğu vurğulanır.
İsrail məhkəməsi ötən ay saxlanılan şübhəli şəxsə qarşı bu gün ittiham irəli sürüb.