Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz 2020-ci ildə Ermənistan üzərində parlaq qələbə əldə edərək işğal altındakı torpaqlarımızı azad etdi. Düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən dövlətimiz bu gün bütün ərazilərimizə tam nəzarət edir. Əldə etdiyimiz Zəfərimizdən ötən 4 il ərzində biz Qarabağ və Şərqi Zəngəzurda çox böyük işlərə imza atmışıq.
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" qəbul edilib. Qarabağ və Şərqi Zəngəzurda quruculuğa start verilməsindən ötən müddətdə dövlət büdcəmizin əsas prioritetlərindən biri də milli hədəfimiz olan Böyük qayıdışla bağlıdır. Proqramda hər bir kənd, rayon və qəsəbə ilə bağlı xüsusi layihələr, planlar öz əksini tapıb. Azərbaycanın ən böyük və ən füsünkar rayonlarından biri olan Kəlbəcərə də dövlət proqramında xüsusi yanaşma mövcuddur. Kəlbəcər rayonunun 2020-ci il noyabrın 15-də təhvil verilməsi qərarlaşdırılsa da, qarşı tərəfin xahişi ilə biz düşmənə 10 gün möhlət verdik. Noyabrın 25-də üçrəngli bayrağımız Kəlbəcərdə dalğalandı. Düşmən işğal etdiyi digər rayonlarda olduğu kimi, burada da evləri, dövlət idarələrinin binalarını yandırmışdı. Hətta Kəlbəcəri tərk edərkən burada çox qiymətli ağacları kəsir, tikililərə od vururdular. Düşmənin vandal, barbar hərəkətlərinə baxmayaraq biz bu gün işğaldan azad olunmuş rayonlarımızı yenidən qurmaqda, keçmiş məcburi köçkünlərimizi dədə-baba yurdlarına qaytarmaqda qərarlıyıq. Bu proses hazırda sürətlə davam etdirirlir.
Azərbaycanın “qərb qapısı” adlandırılan Kəlbəcər şəhərinin 2040-cı ilə qədər qurulması nəzərdə tutulur. Kəlbəcər şəhərinin işğala qədərki son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq.
Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq.
Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi (421 min m²) fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması nəzərdə tutulub.
Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.
Plana əsasən, şəhər ərazisinin 22%-i yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək.
Kəlbəcər-Zəngilan-Qubadlı zonası mineral ehtiyatlarla zəngindir. Kəlbəcərin turizm və iqtisadi potensialı olduqca yüksəkdir. Ekoturizmin və kənd turizminin inkişafı üçün burada lazımi şərait mövcuddur.
Azərbaycanın ən yüksək dağ rayonu olan, gözəl təbiəti və zəngin faydalı qazıntı yataqları ilə seçilən Kəlbəcərdə də hazırda genişmiqyaslı bərpa və infrastruktur işləri həyata keçirilir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində inşa olunan 11,6 kilometrlik tunel regionun ən böyük logistik layihələrindən biridir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu 81 kilometr təşkil edir. Kəlbəcərdə inşa edilən tunellərin çətin relyefi olan ərazilər üçün əhəmiyyəti böyükdür.
İcra olunan layihələr mülki əhali və hərbçilər üçün də böyük əhəmiyyətə malikdir. Rayonun elektrik enerjisi ilə təmin olunması istiqamətində mühüm işlər görülür. “Kəlbəcər” yarımstansiyası, “Kəlbəcər-1”, həmçinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları artıq istifadəyə verilib.
Prezident İlham Əliyev dəfələrlə Kəlbəcərə səfər edib və mühüm obyektlərin açılışlarını həyata keçirib.1991-ci ildə fəaliyyətini dayandıran “İstisu” mineral sudoldurma zavodunun yenidən tikilməsi ciddi sosial və iqtisadi önəm kəsb edir.
Hazırda Kəlbəcərdə fermer təsərrüfatları köçürülüblər. Onlar burada maldarlıq, qoyunçuluq və arıçılıqla məşğuldurlar. Burada əldə olunan məhsullar özünün yüksək keyfiyyətinə görə çox fərqlənir. Ulu Öndər Heydər Əliyev hələ 1996-cı ildə kəlbəcərlilərlə görüşündə bildirmişdi ki, heç şübhəsiz, Kəlbəcər işğaldan azad olunacaq və kəlbəcərlilər öz doğma evlərinə qayıdacaqlar. Bu gün kəlbəcərlilər öz doğma yurdlarına geri dönməyi səbrsizliklə gözləyirlər.
FUAD HÜSEYNZADƏ
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Böyük Qayıdışa dair təşəbbüslər” layihə çərçivəsində çap olunur.