Yayımlandı: 19 Sentyabr 2024 13:31 Cabbar Savalana təzminat ödəniləcək, MHİ-nin iddiası qəbuledilməz sayılıb Sentyabrın 19-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 2 şikayət üzrə yekun qərarını elan edib. Bu barədə “aihmaz.org” məlumat yayıb. Bildirilir ki, birinci qərar AXCP üzvü Cabbar Savalanlının narkotik ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır: “Ona qarşı ittihamların uydurma olduğunu, narkotiki onun üzərinə polis əməkdaşlarının qoyduğunu iddia edən Savalanlı ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu mübahisələndirmişdi”. “Məhkəmə Cabbar Savalanlının iddialarını əsaslı hesab edib və müəyyən edib ki, polis onu saxladıqdan bir gün sonra sənədləşmə aparıb, üzərində axtarış saxlanıldıqdan dərhal sonra yox, təxminən yarım saat sonra aparılıb və lazımi vaxtda vəkillə də təmin edilməyib. Bütün bu suallar qaldırılsa da, yerli məhkəmələr suallara aydınlıq gətirməyib”, – deyə məlumatda qeyd edilib. Avropa Məhkəməsi Konvensiyanın 6.1-ci maddəsinin pozulduğuna qərar verib. Qərara əsasən, hökumət Cabbar Savalanlıya 4500 avro mənəvi zərər və xərc, məsrəf əvəzi ödəməlidir. Cabbar Savalanlı 2011-ci ilin fevralında Cinayət Məcəlləsinin 234.1 (narkotikdən istifadə) maddəsi ilə həbs edilib, həmin ilin mayında 2.6 il azadlıqdan məhrum edilib. Dekabrda isə əfv fərmanı ilə azad olunub. İkinci şikayət Media Hüququ İnstitutunundur (MHİ). Qərarda Media Hüququ İnstitutunun 2006-cı ildə qeydiyyatdan keçdiyi, informasiya və ifadə azadlığı hüququ ilə əlaqəli müxtəlif layihələr həyata keçirən qeyri-hökumət təşkilatı olduğu bildirilir. Qeyd olunur ki, Milli Məclisin “Elektrik enerjisi haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara əlavə və dəyişikliklər səs çoxluğu ilə qəbul ediləndən sonra imzalanmaq üçün Prezidentə göndərilib və ardınca dərc olunaraq qüvvəyə minib: “Bundan sonra məlum olub ki, Milli Məclisdə qəbul edilmiş qanun layihəsinin mətni ilə imza üçün Prezidentə göndərilən mətn eyni deyil. Xüsusilə, imzalanması üçün Prezidentə göndərilən mətndə hüquqi şəxslər üçün güzəşt nəzərdə tutulmayıb. Məsələ mətbuatda geniş müzakirə olunub. Ərizəçi təşkilatın təqdimatına görə, Milli Məclisin sədri parlament üzvlərindən birinə etiraf edib ki, qanun layihəsi qəbul edildikdən sonra onun mətni Komitə tərəfindən dəyişdirilib. Daha sonra düzəliş edilmiş həmin mətn imzalanması üçün Prezidentə göndərilib”. “Ərizəçiyə görə, Komitənin sədri də bu faktı dolayısı ilə etiraf edib. Bununla bağlı MHİ 2010-cu il Milli Məclisə informasiya sorğusu göndərərək, həm qanun layihəsinin Milli Məclisin 30 sentyabr 2009-cu il tarixli plenar iclasında qəbul edilmiş rəsmi mətninin, həm də imza üçün Prezidentə göndərilmiş mətnin təqdim edilməsini xahiş edib. Amma Milli Məclis informasiya sorğusuna cavab verməyib”, – məlumatda vurğulanır. Ardınca MHİ Səbail Rayon Məhkəməsində iddia qaldırıb, işə baxılan zaman Milli Məclis ərizəçinin istədiyi mətnləri və plenar iclasdan əvvəl keçirilmiş iclasın protokolunu təqdim edib. Ancaq məhkəmə tələb olunan informasiyaların təqdim olunduğu əsası ilə MHİ-nin iddiasını rədd edib. Qərardan şikayət edilsə də, apelyasiya və kassasiya instansiyaları təmin etməyib. Təşkilat AİHM qarşısında iddia edirdi ki, ona münasibətdə informasiya azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu baş verib. Lakin AİHM bu ərizəni qəbuledilməz sayıb. Meydan TV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта