Son günlər xüsusi COP29 nəqliyyat zolaqları ilə bağlı müəyyən yanlış yanaşmalar müşahidə olunur. Bu barədə xüsusilə sürücülər arasında qərarsızlıq yaranıb. Bəziləri düşünür ki, sözügedən zolaqdan istifadə müəyyən cərimələrə səbəb ola bilir.
Gundem.az bildirir ki, əslində bununla əlaqədar müvafiq qurumların verdiyi açıqlamalarda ətraflı qeyd olunub.
Belə ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin məlumatına görə, böyük ziyarətçi axının effektiv şəkildə idarə edilməsi, eləcə də konfrans tarixlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb.
Qeyd etdiyimiz və üzərində COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə tədbir nəqliyyatı üçün ayrılıb. COP29 Azərbaycan Əməliyyat Şirkətinin açıqlamasında bildirilib ki, konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər. Yəni bu ilin 11-22 noyabr tarixləri istisna olmaqla... Bu tarixlərdə hər kəsə məlumdur ki, Bakıda COP29 konfransı baş tutacaq. Sözügedən zolaqlar isə məhz konfrans zamanı yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələrinin istifadəsi üçün nəzərdə tutulur.
Digər tərəfdən, bəzi yollarda COP29 zolağı yeni salınsa da, bəzilərində sadəcə olaraq avtobus yolunun üzərinə COP29 loqosu vurulub. Bu o deməkdir ki, həm avtobus, həm də COP29 zolağı hesab olunan hissələr var. Təbii ki, o yollar avtobusların istifadəsi üçün nəzərdə tutulduğuna görə, şəxsi avtomobillərin girməsinə icazə verilmir və bu, cərimələnməyə səbəb olur.
Sırf COP29 zolağı isə qeyd etdiyimiz ki, tədbirin keçirilməsi tarixinə kimi istifadə oluna bilər. Bir daha müvafiq qurumun açıqladığı məlumatı təqdim edirik: “Konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər”. (Sfera.az)