RU

Məktəblərdə bullinq: real vəziyyət necədir və problemin həlli üçün hansı addımlar atılmalıdır? – ARAŞDIRMA

Məktəblərdə

Bakı, 19 sentyabr, Aysel Azad, AZƏRTAC

Məktəblilər arasında zorakılığa, aqressiyaya məruz qalma halları hələ də günümüzün aktual problemlərindədir. Bullinq adlandırılan bu hal məktəblilərin bir-birinə mənəvi və fiziki üsulla təzyiq göstərməsi ilə müşahidə olunur. Uşaqların həmyaşıdlarına qarşı düşmənçilik münasibəti, onların üzərində güc tətbiq etmələri bullinq qurbanında özlərini müdafiə etməkdə çətinliyə, özgüvən əskikliyinə, təkliyə meyilli olmağa, yad insanlar tərəfindən asanlıqla aldadılmağa səbəb olur.

Bəs bullinqin qaynağı nədir? Bullinqlə mübarizə istiqamətində hansı addımlar atılır? AZƏRTAC mövzunu araşdırıb.

Bullinq necə başlayır?

Psixoloq Aybəniz Zamanova bullinqin əsasən ibtidai siniflərdən başladığını deyib. Onun sözlərinə görə, əgər uşaq ibtidai sinifdən zorakılıq tətbiq etməyə başlayırsa və bu hal təkrarlanırsa, bu, bullinq hesab olunur: “Əsasən bullinqi törədənlər bəzən tərbiyəsində çatışmazlıqlar olan və yaxud da əqlində hansısa bir geriləmə olan şəxslərdir.

Tədqiqatlar göstərir ki, bullinqi tətbiq edən, bullinq göstərən şəxslər fiziki cəhətdən üstünlüyə, güclü bədən formasına sahib olanlardır. Bullinqin qurbanları isə daha çox zəif, emosional, daim depressiv olanlar, ünsiyyətdə zəif olan uşaqlardır. Onlar qurban rolunda olurlar. Bullinq törədənlər adətən özlərinə diqqət çəkməyi sevən, dominantlığa meylli insanlar olur. Ona görə də özlərinə zəif bənd seçirlər. Onun üçün də sinif daxilində hansı uşağa bullinq tətbiq etməklə bağlı əvvəlcədən müşahidə aparırlar”.

Məktəblərdə bullinqlə bağlı vəziyyət necədir?

Məktəblilər arasında zorakılığın kiberbullinq, sosial bullinq, sözlü bullinq kimi növləri olduğunu deyən Aybəniz Zamanova müasir dövrdə kiberbullinqin daha geniş yayıldığını söyləyib. Psixoloq bildirib ki, kiberbullinq əsasən yuxarı siniflərdə, yeniyetmələr arasında baş verir: “Məktəblilər şəkillərini paylaşırlar, təhdidlər edirlər. Hazırkı dövrdə bullinqlə bağlı ən çox sosial şəbəkələr üzərindən qruplar şəklində yazışmalarla qarşılaşırıq.

Məktəb psixoloqları, sosial işçilər şagirdləri bullinqlə bağlı mütləq məlumatlandırmalıdırlar. Hansısa uşaq digərinə bullinq tətbiq edirsə, ona (qurbana) ilk hərəkətə keçən şəxsə köməyə duran, müdaxilə edilən deyilir. Belə olduqda hadisə zamanı bullinqə məruz qalan şəxs özünü tək hiss etmir. Lakin bu köməyə duran şəxs bullinq zamanı nə etmək, necə köməklik etmək lazım olduğunu bilmədikdə geri çəkilməyə başlayır. Bu zaman da bullinq edən şəxs digər sinif yoldaşı, yaxud da digər şagirdi daha çox sıxışdırmağa başlayır. Bullinq göstərən tərəf qarşısındakına “çantamı daşı”, “sən zəifsən” deyərək, onu öz qruplarından kənara atılmaqla hədə-qorxu gəlir”.

Bullinqlə mübarizə istiqamətində məktəb psixoloqlarının bu mövzu ilə bağlı siniflərdə müzakirələr apardığını, valideynlərin iştirakı ilə seminarlar təşkil etdiyini söyləyən Aybəniz Zamanova ümumi təhsil müəssisələrindəki psixoloqların sayının artırılmasını da təklif edib: “Psixoloq nə qədər çox olarsa, şagirdlərə yanaşma tərzi bir o qədər fərqli olar. 1000 şagirdə bir psixoloq düşür. Şagird sayı azaldılıb, psixoloq çoxalsa, bullinqin qarşısını almaq daha rahat olardı.

Paralel olaraq seminarlar artırılmalıdır, bullinqlə bağlı mövzular müzakirə olunmalıdır, hər bir şagird məlumatlı olmalıdır”.

Bullinq halları baş verən zaman hansı tədbirlər həyata keçirilir?

Psixoloqun sözlərinə görə, bullinqlə mübarizə çox mərhələli, geniş prosesdir və bu mübarizə bir dəfə müdaxilə etməklə keçmir: “Bullinqin profilaktikasına səthi yanaşmaq, bullinq zamanı “uşaqlar arasında münaqişə olub, nəsə oldu, keçdi” demək olmaz. Valideyn diqqət etməlidir ki, mənim övladım bullinqə məruz qalır, yoxsa bullinq tətbiq edir? Şagird evə gəldikdə onun geyimindən və yaxud da saç düzümündən, bədən duruşundan, bədən dilindən bullinqə məruz qalmasını anlamaq olar.

Təhsil müəssisələrində antibullinq kampaniyası başlanmalıdır. Məktəb daxilində dəhlizlərdə iri, diqqət çəkən yazılarla “Bullinq nədir?” sualına açıqlama verilməlidir. Məktəbin müəllimindən, servis xidmətinə (şagirləri avtobusla daşıyan xidmət nəzərdə tutulur – red.) qədər hər kəs məlumatlanmalıdır. Çünki bu, təkcə məktəb daxilində deyil, məktəb həyətində, servislərdə də baş verə bilər. Bu hallarla rastlaşdıqda mütləq məktəb rəhbərliyinə, psixoloqa məlumat verilməlidir.

Valideyn-məktəb-şagird üçbucağı o qədər güclü qurulmalıdır ki, şagird bullinqə məruz qaldıqda müəllimə bildirməyi bacarsın. Lakin müəllimlə arasında münasibət soyuq olduqda, qurban rolunda olan şəxs bunu müəllimə demir, gizlədir və hər dəfə tətbiq olunduqda artıq şagirddə zəifləmə baş verir. Bullinq yeni başlayan ərəfədə tədbir görüldükdə qarşısını almaq daha rahat olur. Lakin bullinq təkrarlandıqda zərərçəkən qəbul dir ki, “mən qurbanam, bu mənə edilməlidir, bu rolda olmağım mənim üçün rahatdır”. Bu cür hallar daha da dərinləşdikdə intihara qədər gətirib çıxara bilər.

Bullinq hansı sinifdə baş veribsə, orada anonim sorğu keçirilir. Bu sorğu əsasında uşaqlar, hətta bullinqə məruz qalan şəxslər öz fikirlərini bildirir və o yazılardan düzgün nəticəyə gəlmək olur.

Məktəblərdə şagirdlər arasından liderlər seçilməlidir. Təbii ki, bu öhdəlik hər bir şagirdə verilmir. Psixoloqlar olaraq müəllimlərlə sıx kontaktda oluruq. Şagird bullinqə şahid olarsa, bu halın qarşısının alınması ilə bağlı onunla maarifləndirici söhbətlər aparılmalıdır.

Bullinqin əleyhinə hansısa bir idman, bilik yarışı keçirilə bilər. Antibullinq həftəsi, antibullinq ayı kimi tədbirlər məktəbdə bullinqin baş verməsin qarşısını ala bilər. “Hər şey bullinqin əleyhinədir” fikirləri şagirdlərin şüuraltında bu kimi halların azalmasına gətirib çıxarır”.

Aybəniz Zamanovanın fikrincə, problemin qarşısının alınmasında müəllim daha çox rol oynayır: “Sinif rəhbəri və yaxud da fənn müəllimi şagirdlərini tanıyır, kimin nəyə qadir olduğunun fərqindədir. Bir müəllim hər bir şagirdə eyni şəkildə yanaşa, eyni tərzdə danışa bilməz. Müəllim sinifdə sosial bərabərliyi qorumalıdır, uşaqlar arasında fərq qoymamalıdır. Müəllim öz şagirdini tanıdığı üçün psixoloqun da işi asanlaşır”.

Dünyada bullinq və onun statistik göstəriciləri

Mövzuya münasibət bildirən təhsil məsələləri üzrə ekspert Elmin Nuri tədqiqatlara əsasən, bütün uşaqların gec-tez bullinqlə rastlaşdıqlarını deyib: “Bullinq terminindən ilk dəfə 1985-ci ildə Böyük Britaniya məktəblərində tədqiqat aparılan zaman istifadə edilib. Qurban, incidilən şəxs və ya şahid rolları uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. ABŞ Təhsil Departamentinin məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri son məktəb ili ərzində bullinqin qurbanı olub. Ukraynada UNICEF üçün aparılmış tədqiqatlara əsasən, məktəblilərin 89 faizi bullinqlə rastlaşırlar. Qərb mənbələrinin məlumatına görə, 14 yaşa qədər şagirdlərin 50 faizi məktəbdə təqiblərə məruz qalır. Yeniyetmə yaşında isə bu faiz dərəcəsi enir.

Rusiya məktəblərində bu sahədə tədqiqatlar 2000-ci illərin sonunda başlayıb. Aşkar olunub ki, bullinq kütləvi hadisədir. 2010-cu ildə tədqiqatçılar müəyyən ediblər ki, 11 yaşa qədər 22 faiz oğlan və 21 faiz qız həmyaşıdları tərəfindən təhqirlərə məruz qalıb. Moskvada 1200 şagird arasında keçirilmiş sorğudan məlum olub ki, onların 78 faizi oxuduqları məktəbdə bullinqin şahidi olublar. Yeniyetmələr arasında isə bu rəqəm müvafiq olaraq 13 və 12 faiz təşkil edir.

Norveçdə isə oğlanların 11, qızların isə 2,5 faizi bullinq kimi öz həmyaşıdlarına qarşı aqressiv davranışda olduqlarını etiraf ediblər. Hazırda bullinq üzrə tədqiqatlar ABŞ, Fransa, Britaniya, Finlandiya, Cənubi Koreya kimi ölkələrdə aparılır”.

Ekspert bildirib ki, xarici ölkələrlə müqayisədə, Azərbaycan ümumtəhsil məktəbləri ilə bağlı kəmiyyət və tədris keyfiyyətinin dəyərləndirilməsi aparılan zaman il ərzində rastlanan bullinq hadisələrinin sayı və səbəbləri göstərilmir: “Səbəblər az-çox bir çoxlarına məlum detallar olsa da, kəmiyyət göstəricilərini təxmin etmək o qədər də asan deyil. Düşünürəm ki, bu istiqamətdə rəsmi statistika elan edilməli, Elm və Təhsil Nazirliyi cəmiyyəti statistik məlumatlarla təmin etməlidir. Çünki növbəti tədris ilində istər bullinq, istərsə də digər olaylarla bağlı hər hansı problemin yaxşı, ya pisə doğru dəyişdiyini bilmək üçün biz yalnız kəmiyyət göstəriciləri arasında müqayisə aparıb doğru qənaətə gələ bilərik. Yerli ümumtəhsil müəssisələrində rastlanan və rəsmi şikayətlər əsasında qeydə alınan bullinq hadisələrinin açıqlanmasına o qədər də ciddi problem görmürəm. Bizim məktəblərdə rastlanan bullinq hadisələri bir çox ölkələrdə baş verən analoji olaylarla müqayisədə çox azdır. Bunun müəyyən mental və təlim-tərbiyənin keyfiyyəti ilə əlaqəli bir başqa səbəbləri də var. Xüsusən də kənd məktəblərində əhali arasındakı daha sıx münasibət, kompakt yaşayış məkanı amili şagirdlər arasında bullinqin qarşısının alınmasına əsas səbəbdir”.

“Bullinq halları ilə bağlı hesabat təqdim olunmalıdır”

Elmin Nuri bullinq halları zamanı həyata keçirilən tədbirlərin dünya ölkələrinin təcrübələrinə əsasən aparılmasını təklif edib: “Bullinq halları zamanı müxtəlif xarici təcrübələr öyrənilməli və onların bizim üçün ən uyğun detalları praktikada tətbiq olunmalıdır. Bullinq zamanı yalnız məktəb rəhbərliyi, hadisə iştirakçılarının valideynlərini aidiyyəti qurumlara dəvət etməklə tərbiyəvi və xəbərdaredici söhbətlər etməklə iş bitməməlidir. Yəni, bizdə praktiki olaraq ən çox bu addım atılır. Nazirlik tabeliyində olan İctimai Şuranın sabiq sədri Günel Səfərovanın da şura adından bullinqin yaşandığı yerlərə baş çəkməsi alqışlanası haldır. Amma bu, yalnız bir örnək nümunədir və bullinqə qarşı daha sərt və inzibati addımların atılması faydalı olardı.

Ötən illər yaşanan bullinq hadisələrinə cəmiyyət tərəfindən kəskin reaksiyaların göstərilməsi, media vasitəsilə işıqlandırılaraq ictimailəşdirilməsi təhsil ictimaiyyətində bu kimi olaylara daha həssas yanaşma sərgilədi. Lakin çox keçmədən həmin hadisələrin nəticələri, aparılan araşdırmalarla bağlı hər hansı hesabat xarakterli bilgilərin şahidi olmadıq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu istiqamətdə gördüyü iş, qurumun bullinq hadisələrinə anında verdiyi reaksiya və sonradan hadisənin nəticəsinin ictimaiyyətə açıqlanması təqdirəlayiq hallardan sayılmalıdır. Amma sırf bullinq hadisələri ilə bağlı hər tədris ilinin sonunda ümumi illik hesabatın olması çox faydalıdır. Təəssüf ki, bullinq hadisələrinin kəmiyyətini, səbəbi, psixoloji detalları, baş vermə meyarlarından bəhs edən, həmçinin, onların nəticələri, görülən profilaktik tədbirlərlə bağlı hesabat yoxdur. Bu hesabatın olması həm də media üçün çox gərəkli data-baza rolunu oynaya bilərdi”.

“Bullinq ailədən məktəbə gəlir”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov hesab edir ki, bullinq hallarının artmasında sosial şəbəkələrin rolu daha böyükdür: “Bullinq bir neçə il öncə termin olaraq leksikonumuza daxil oldu. Ötən illərdə bulllinq halları bir dalğa kimi daha geniş yayıldı. Cəmiyyətdə olan aqressiya özünü məktəblərdə də nümayiş etdirməyə başladı.

Hazırda bullinq üçün daha geniş meydan açılıb. Doğrudur, mövcud durum daim nəzarətdədir, aidiyyəti üzrə hüquq-mühafizə orqanları bu işdə ayıq-sayırdılar və kifayət qədər məktəblərdə bullinqlə mübarizəyə geniş yer ayırırlar.

Lakin bullinq yalnız uşaqlar arasında mövcud deyil. Burada bəzi hallarda müəllimlər, valideynlər, məktəbin bütün heyəti həm bullinqin qurbanı olur, həm də bullinqdən istifadə edənlər rolunda çıxış edirlər. Əslində şagird davranışı ailədə valideyn-övlad arasında olan münasibətlərin məktəbə transferindən başlayır. Yəni ailələrdə olan aqressiya, zorakılıq, qeyri-normal rəftar məktəbdə davam edir. Ailədə şiddətə məruz qalan şagird həmin şiddəti məktəbdə yoldaşlarına tətbiq edir. Yaxud da əksinə, bəzən müəllimlər də zorakılıq edən tərəf qismində iştirak edirlər”.

“Hadisənin baş verməsini gözləmədən qabaqlayıcı tədbirlər həyata keçirilməlidir”

İlqar Orucovun sözlərinə görə, bullinqlə mübarizədə məktəb rəhbərliyinin rolu böyükdür.

“Məktəb psixoloqlarının səlahiyyətlərinin, peşəkarlığının artırılması istiqamətində işlər aparılmalıdır. Onların əməkhaqqına münasibətdə doğru yanaşma tətbiq edilməlidir. Bu gün məktəb psixoloqlarının aldığı əməkhaqları yaxşı psixoloqların məktəb mühitində çalışmalarına imkan vermir. Yaxşı psixoloq daha yaxşı əməkhaqqı müqabilində özəl psixoloji mərkəzlərdə çalışır, məktəbdə gəlib işləməyə maraq göstərmir.

Məktəbdaxili nizam-intizam qaydalarının daim yenilənməsi, onun işlək bir mexanizm halına gətirilməsi çox vacibdir. Hadisənin baş verməsini gözləmədən qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Məktəb şagirdlərin sevərək, məhz təhsil üçün gəldiyi xoşbəxt bir mühit olmalıdır” – seyə o əlavə edib.

Dövlət tərəfindən məktəblərdə bullinqlə mübarizə üçün hansı addımlar atılır?

Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində bullinqə qarşı müvafiq qurumlar və təfərdaşlarla birgə maarifləndirici işlər aparılır, profilaktiki tədbirlər icra edilir: “Bulinqə məruz qalan şagirdlərlə bağlı məktəbin rəhbərliyi və psixoloqu tərəfindən daim nəzarət və dəstək tədbirləri həyata keçirilir. Şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Məktəblinin dostu” layihəsi çərçivəsində işlər aparılmaqdadır. Bu layihənin tətbiq edildiyi məktəblərdə şagirdlərə dərs prosesi və tənəffüs zamanı videomüşahidə sistemi ilə, həmçinin dəhlizlərdə seçilmiş müəllimlər və layihə iştirakçıları tərəfindən nəzarət edilir. Ölkə üzrə “Şagird davranış qaydaları”nın tətbiq edildiyi 300-dən çox məktəbdə həmin qaydaların tələblərinə əsasən bu məsələ həssaslıqla diqqət mərkəzində saxlanılır. Uşaq hüquqlarının qorunması və rifahının daha səmərəli müdafiəsinə nail olunması məqsədilə Elm və Təhsil Nazirliyi ilə UNİCEF-in birgə fəaliyyət planına əsasən Təhsil İnstitutu “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə həyata keçirir. İki ildir davam edən layihə çərçivəsində bir sıra şəhər və rayonlarda məktəblərdə uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi tətbiq edilir. Bundan başqa, ümumtəhsil müəssisələrinə təhlükəsizlik və nizam intizamla bağlı təlimatlar göndərilib. Pedaqoji şuralarda müzakirə olunub, nəzarətin gücləndirilməsi ilə bağlı qərarlar verilib. Bullinq halı qeydə alındığı təqdirdə məsələ ətraflı araşdırılır və müvafiq tədbirlər görülür”.

“Bullinq cəmiyyətin bütün təbəqələrini əhatə edə bilər”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın sorğusuna cavab olaraq məktəblilərin bullinqə məruz qalması ilə bağlı komitə tərəfindən “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: bullinq” adlı araşdırma işi aparıldığı bildirilib. Araşdırma zamanı aqressiv davranışların yayılma səviyyəsi, yaranma səbəb və nəticələri, bullinqlə mübarizə yolları təhlil edilib: “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə bağlı 30 nəfər mütəxəssislə dərinləşdirilmiş müsahibə aparılıb və məzmun təhlili həyata keçirilib. Əldə edilən nəticələr əsasında ailələrə, valideynlərə, ümumi təhsil müəssisələrinə, cəmiyyətə, dövlətə və şəxsin özünə yönəlik təkliflər hazırlanıb.

Bununla yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında 2020-ci ildən fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışla mübarizə məqsədi ilə Bakı şəhərinin müxtəlif ümumi təhsil müəssisəsələrində, o cümlədən Uşaq Səfirlər Məclisinin regional nümayəndəlikləri vasitəsilə Respublikanın müxtəlif bölgələrində mütəmadi olaraq bu istiqamətdə müxtəlif maarifləndirici təlimlər, dəyirmi masalar və görüşlər keçirilir.

Eyni zamanda, yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə mübarizə istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti qurumlarla koordinasiyalı şəkildə fəaliyyəti təşkil edir.

Cəmiyyətin diqqətini bu mövzuya yönəltmək, koordinasiyalı fəaliyyətin daha da gücləndirilməsi və problemin həlli istiqamətində yeni nəticələrin əldə edilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cari ilin dekabr ayında “Yektinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə mübarizə” adlı konfransının keçirilməsi planlaşdırılır.

Nəticə

Bullinq təkcə uşaqları deyil, cəmiyyətin bütün təbəqələrini əhatə edə bilər. Buciddi problemlə mübarizə təkcə dövlət qurumlarının deyil, həm də qeyri-hökumət təşkilatlarının, təhsilverənlərin, müəllimlərin, ailələrin və bütün cəmiyyətin ümumi vəzifəsidir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
azertag.az

1Источники