İsa Qəmbər: “Bakının işğaldan azad olunması da bayram kimi qeyd olunmalıdır” Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib. Bu barədə ölkə başçısı İlham Əliyev sentyabrın 19-da sərəncam imzalayıb. Sənəddə bildirilir ki, Ermənistan 1990-cı illərin əvvəllərindən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozub və Azərbaycanın 20 faiz ərazisini işğal edib. Eyni zamanda, sənəddə Ermənistan azərbaycanlılara qarşı etnik təmizlənmə və hərbi cinayətlər törətməkdə günahlandırılıb. Sərəncamda qeyd olunur ki, 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük müharibədə Azərbaycan qalib gəlib: “Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub”. Bundan başqa, ölkə başçısı sərəncamında 2023-cü il sentyabrın 19-dakı hərbi əməliyyatlara da toxunub. Bildirilib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının almaq və Ermənistan silahlı qüvvələrini tərksilah edərək çıxarmaq, həmçinin konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə hərbi əməliyyata başlayıb. Beləliklə, sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Azərbaycanda ilk dəfə suverenlik haqqında sənəd 1989-cu ilin sentyabrın 23-də qəbul edilib. Bu, Azərbaycan Ali Sovet tərəfindən qəbul edilən “Azərbaycan Sovet Sosialist Respublikası suverenliyi haqqında” Azərbaycan SSRİ-nin Konstitusiya Qanunudur. İki gün sonra qüvvəyə minən Konstitusiya Qanununda qeyd olunurdu ki, Azərbaycan SSRİ tərkibində suveren dövlətdir. “Azərbaycan SSRİ İttifaq tərkibdən azad şəkildə çıxmaq hüququna malikdir ki, bu da respublika əhalisi arasında referendum keçirməklə mümkün ola bilər”, – deyə qanunda qeyd olunmuşdu. Həmçinin bildirilirdi ki, Azərbaycan SSRİ siyasi, iqtisadi, sosial-mədəni quruculuqla, inzibati-ərazi quruşu ilə bağlı bütünü məsələləri müstəqil həll edir. Müsavat Partiyasının başqanı İsa Qəmbər 20 sentyabrın Azərbaycanın müasir tarixində çox önəmli bir gün olduğu qənaətindədir: Foto: Meydan TV “Azərbaycanın bütün ərazilərinin işğaldan azad edilməsi bir günlük antiterror əməliyyatı nəticəsində həllini tapıb. Həmin günün önəmini biz də çox yüksək qiymətləndiririk. Eyni zamanda, bu kimi məsələlər barədə ciddi hə hərtərəfli müzakirələrdən sonra qərar verilməlidir. Yəni 20 sentyabrın bayram günü kimi qeyd edilməsi zərurəti müzakirə olunmalıdır, həm hüquqi, həm də siyasi baxımdan hərtərəfli araşdırılmasına ehtiyac var. Məsələn, biz müsavatçılar hesab edirik ki, 1918-ci ilin 15 sentyabrında Bakının işğaldan azad edilməsi Azərbaycanın istiqlalı və suverenliyi baxımından həddən artıq önəmli gündür. Uzun müddətdir təklif edirik ki, 15 sentyabr dövlət bayramı səviyyəsində qeyd olunmalıdır. Bu, Bakı Günü, Paytaxt Günü ola bilər, amma hər halda tariximizin önəmli günü kimi qeyd edilməsi vacibdir”. İsa Qəmbər bildirib ki, Müsavat Partiyası ilə yanaşı, başqa təşkilatlar, şəxslər də oxşar təkliflərlə çıxış ediblər, amma bu günə qədər bu istiqamətdə hakimiyyət tərəfindən hər hansı addım atımayıb: “Ona görə bu məsələlərin ictimaiyyətin rəyi nəzərə alınmaqla gerçəkləşdirilməlidir”. Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı hesab edir ki, belə bir sərəncamın imzalanması insani və siyasi baxımdan qeyri-təvazökarlıqdır: Azər Qasımlı, Foto: Meydan Tv “Bəli, 44 günlük müharibə İlham Əliyevin dönəmində başladı və uğurlu oldu. Fakt olaraq Xankəndi separatçılardan azad olunub və Rusiya sülhməramlıları ərazini tərk edib, amma bu proses tam bitməyib və sonunun nə olacağını da bilmirik. Çünki ölkədə demokratik institutlar məhv edildiyindən bu mövzuda bütün informasiyalara əlimiz çatmır. Kremllə Əliyevi birləşdirən nələr var, bunun faktoloji tərəfindən xəbərsizik. Səbəb də ölkədə azad media, bələdiyyə, demokratik seçkilərlə formalaşan parlamentin olmamasıdır. Ona görə “bu hadisə məhz mənim dönəmimdə olduğundan sərəncamı da mən verirəm” yanaşması təvazökar yox, “tək adam” rejiminin istədiyini Azərbaycan tarixinə təlqin etməsidir. Yaxşı olardı ki, sonrakı iqtidarlar bu qərarı versin”. “Hökumət respublika ideyasını silmək üçün Müstəqillik Gününü gündəmə gətirdi. İndi də suverenliklə müstəqillik arasında nə kimi fərq görürlər? Sabah başqa bir hadisə olacaq, onu da tarixə salacaqlar, necə ki Qurtuluş Gününü gördük. Belə qərarları qəbul edib sonunda da içində boğulacaqlar. Bu mənada indiki yanaşma yanlışdır, tarixə müdaxilədir, ən azı kənardan yaxşı görünmür. Yaxşı olardı, ölkədə demokratik təsisatlar bərpa olunardı, ictimai müzakirə açılardı, tarixçilər sözünü deyəndən sonra qərar qəbul olunardı”, – deyə o qeyd edib. Münaqişənin tarixçəsi 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib. Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib. 2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib. Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Meydan TV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта