RU

Azərbaycan BMT Elektron Hökumət İndeksində bir neçə pillə irəliləyib

Azərbaycan elektron hökumətin inkişafında əhəmiyyətli irəliləyiş əldə edərək Birləşmiş Millətlər Təşkilatının "Elektron Hökumətin İnkişafı İndeksi" (E-Government Development Index-EGDI) üzrə dünyanın qabaqcıl ölkələri sırasında yerini möhkəmləndirib.

Fins.az xəbər verir ki, hesabatda ölkəmiz 2022-ci illə müqayisədə bu il 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerdə qərarlaşıb. Bununla da Azərbaycan ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən “Çox Yüksək EGDI” (“Very High EGDI) qrupuna daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bildirib ki, "Elektron Hökumətin İnkişafı İndeksi" (EGDI) ölkələrin telekommunikasiya infrastrukturu, insan kapitalı və onlayn xidmətlər üzrə inkişafını ölçən kompozit indeksdir. 2024-cü il araşdırması ölkənin süni intellektin (AI) və rəqəmsal hökumətin dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı rolu da vurğulayır.

Günay Quliyevanın sözlərinə görə, dünya üzrə elektron hökumət və rəqəmsal dövlət xidmətlərinin inkişafını qiymətləndirən hesabatda Azərbaycan, Bruney-Darüssalam və Özbəkistan kimi ölkələrlə birlikdə elektron hökumət infrastrukturunda əhəmiyyətli irəliləyişlərə görə xüsusi vurğulanır. Qeyd olunur ki, Azərbaycan həm Telekommunikasiya İnfrastrukturu İndeksi (TII), həm də ümumi Elektron Hökumət İnkişafı İndeksi (EGDI) üzrə çox yüksək göstəricilərə malikdir və bu, ölkənin rəqəmsal transformasiya sahəsində liderliyini daha da gücləndirir.

Araşdırmada həmçinin qeyd olunur ki, Azərbaycan süni intellekt (AI) üzrə milli strategiya üzərində fəal şəkildə işləyir və bu, ağıllı şəhərlər və qabaqcıl texnoloji infrastrukturun yaradılmasına yönəlib. Bu strategiya ictimai xidmətlərin daha da təkmilləşdirilməsinə və şəhər idarəetməsinin inkişafına kömək edəcək.

İİTKM-in şöbə müdiri vurğulayıb ki, quru ilə əhatə olunmuş inkişaf etməkdə olan ölkə (LLDC) kimi, Azərbaycanın bu sahədə irəliləyişi xüsusilə diqqətəlayiqdir. Azərbaycan digər ölkələrlə birlikdə LLDC-lərin çox yüksək EGDI qrupunda təmsil olunma faizini 2022-ci ildəki 3%-dən 2024-cü ildə 19%-ə qaldırmağa nail olub. Bu irəliləyişin arxasında Azərbaycanın rəqəmsallaşma sahəsində apardığı genişmiqyaslı islahatlar və strateji addımlar dayanır. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində yaradılmış aidiyyatı işçi qrupları bu prosesin idarə olunmasında mühüm rol oynayır. Bu qruplar ölkədə rəqəmsal hökumət və rəqəmsal biznes mühitinin təkmilləşdirilməsi, həmçinin beynəlxalq reytinqlərin yüksəldilməsi istiqamətində əhəmiyyətli töhfələr verir. Onların fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq rəqəmsal inkişaf reytinqlərində öz mövqeyini gücləndirir və rəqəmsal innovasiyalar sahəsində liderlik edir.

Hesabatda həmçinin ölkəmiz üçün onlayn xidmətlərin təkmilləşdirilməsi, insan kapitalının inkişafı, süni intellekt (AI) və digər yeni texnologiyaların tətbiqi ilə rəqəmsal inkişafın daha da sürətləndirilməsi istiqamətində tövsiyələr də yer alıb.

Günay Quliyeva əlavə edib ki, BMT-nin tədqiqatı rəqəmsal transformasiyanı iqtisadi inkişaf, dayanıqlı inkişaf və ictimai xidmətlərin yaxşılaşdırılmasında əsas hərəkətverici qüvvə kimi qəbul etdiyini vurğulayır. Bu isə öz növbəsində ölkənin rəqəmsal idarəetmə və innovasiya sahəsində regional lider mövqeyini daha da gücləndirmək strategiyasına uyğundur.

Zemfira Ms
Fins.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
1
fins.az

2Источники