ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının builki seçkidə namizədi Donald Tramp açıq şəkildə kriptovalyuta ilə alış-veriş edən ilk lider olub.
FED.az xəbər verir ki, Nyu-Yorkdakı "PUBKEY" barında Trampın burgerlər üçün ödənişi "Bitcoin"lə olub. O, aldığı burgerlərə orada olan hər kəsi qonaq edib.
Bu simvolik jest kriptovalyuta həvəskarlarının toplaşdığı məkan kimi tanınan barın müştərilərini heyran edib. Onlardan biri, hətta respublikaçıların seçki şüarı olan "Amerikanı yenidən əzəmətli edək!" şüarını dəyişdirərək - "Bitcoin"i yenidən əzəmətli edək!" - deyə qışqırıb.
Tramp dəfələrlə kriptoiqtisadiyyatı dəstəkləmək və inkişaf etdirmək zərurətindən danışıb. O, ABŞ-də "Bitcoin" strateji ehtiyatı yaratmaq planlarından bəhs edib.
Qeyd edək ki, "Bitcoin"in qiyməti son beş ildə 500%-dən çox artıb. Bir "Bitcoin"in cari dəyəri 61 248.5 dollardır. Tramp kimi nüfuzlu siyasətçilər tərəfindən kriptovalyutalara açıq dəstək "Bitcoin" və digər rəqəmsal aktivlərin mövqelərinin daha da güclənməsinə kömək edə bilər. (Oxu.az)