RU

Qlobal iqlim dəyişkənliyi mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda (BETİ) “Qlobal iqlim dəyişkənliyinin heyvandarlığın inkişafına və xəstəliklərin yayılmasına təsiri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.


AZƏRTAC xəbər verir ki, BETİ-nin təşkilatçılığı ilə reallaşan konfransdaKənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları, xarici ölkələrdən və respublikamızdan alimlər, mütəxəssislər və heyvandarlıq təsərrüfatlarının baytar həkimləri iştirak ediblər.

Konfransın əsas məqsədi maraqlı tərəfləri bir araya toplayaraq iqlim dəyişikliklərinin kənd təsərrüfatının baytarlıq sahəsinə olan mənfi təsirlərinin azaldılması, iqlim dəyişmələri ilə mübarizə aparılması, onun təsirlərinin yumşaldılması üçün tədbirlərin həyata keçirilməsi və zəruri addımların atılması istiqamətində müzakirələrin aparılması olub.

Bundan başqa, BETİ ilə müxtəlif ölkələrin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müvafiq müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması, mövcud əlaqələrin daha da gücləndirilməsi, birgə həyata keçirilə biləcək elmi-tədqiqat layihələrinin müzakirəsi də konfransın keçirilməsində prioritet məsələlərdən idi.

Konfransda çıxış edən institutun direktoru Sialə Rüstəmova iqlim dəyişmələri, onun müasir dünyamızda müxtəlif ölkələrin inkişaf xəttinə, qlobal iqtisadiyyatın təkamülünə, habelə iqlim dəyişikliklərinin insan və heyvan sağlamlığına mənfi təsiri barədə məlumat verib.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev bildirib ki, qlobal iqlim dəyişikliyi heyvandarlıq sahəsinə də öz təsirini göstərməyə başlayıb. Bu təsirlərin azaldılması və uyğunlaşdırılması hazırda qarşımızda duran əsas vəzifələrdən biridir.

Konfransda Rusiya İnsan Resursları Akademiyasının Aqrar-Sənaye Kompleksi üzrə Kənd Təsərrüfatı Biotexnologiyaları kafedrasının müdiri, Baytarlıq kafedrasının professoru Kontsevaya Svetlana Yuriyevna “Heyvandarlıqda antibiotiklərin istifadəsini azaltmaq üçün proqramda bərpaedici dərman məhsullarının tətbiqi”, N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Akademiyasının radiologiya, terapiya və klinik diaqnostika kafedrasının professoru Əlizadə Həsənov "Ferorsel" preparatının hind toyuqlarının məhsuldarlığının keyfiyyətinə təsiri”, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini İ.M.Hacıyev “Quşların Y sinif anticisimlərinin heyvanların infeksion xəstəliklərinə qarşı mübarizə sisteminə yeridilməsinin ekoloji və ekonomik aspektləri” mövzularında, Rusiya alimləri A.M.Yermakov, T.V.Kurmakayeva və V.S.Bıçkov isə təqdimatlarla çıxış ediblər.

Konfrans işini panel iclaslarda davam etdirib.

Избранный
29
5
ekologiya.az

6Источники