RU

"Yediyimiz ətdən qurd çıxır, bizi hər gün döyürlər" – Bakıda 13 yaşlı oğlan uşaq evindən qaçdı və EFİRƏ ÇIXDI

Bakıda yeniyetmə internatdan qaçıb.

Musavat.com xəbər verir ki, bununla bağlı jurnalist Xoşqədəm Hidayətqızı aparıcısı olduğu verlişində deyib. Aparıcı Xətai rayonunda yerləşən 3 nömrəli Uşaq evinin 13 yaşlı sakini Ramalı efirə dəvət edib və ondan qaçma səbəbini soruşub. Yeniyetmə bildirib ki, uşaq evində döyüldüyü və təhqir edildiyi üçün qaçıb və 8 gündür ki, küçədə qalır.

“Mən orada qalmaq istəmirəm. Bizi orada asılqanla, bərk əşyalarla döyürlər. Özü də bizi cəzalandırmağı uşaq evinin digər sakinlərinə tapşırırlar. Məsələn, orada Elvin adlı oğlan var. Müəllimə döydürmək istədiyi uşaqları ona təhvil verir. Deyir, Elvin, get filankəsin ayağını sındır. O da icra edir. İlahə müəllimə 3 uşağı ikinci mərtəbənin pəncərəsindən atırdı.

Müəllimələr anamızı söyürdülər. Tərbiyəsiz şeylər göstərirdilər. Mən bu dəfə ayaqyolunun pəncərəsindən atlanıb qaçdım. Nəzarətçilər həmin vaxt dəhlizdə əyləşib çay içirdilər”.

Ramal bildirib ki, bundan öncə də uşaq evindən qaçıbmış.

“Bunu etməyə məcbur idim. Çünki bizi orada döyüb, təhqir edirlər. Bunu əsasən ayaqyolu və dəhlizdə edirlər. Həmin yerlərdə kamera yoxdur. Axşam yeməyində quru çörək, makaron verirlər. Hər gün eyni yeməyi yeməkdən bezmişik. Ətin içindən qurd çıxır. Bizi onu yeməyə məcbur edirlər. Təzə müdirimiz Gülnarə xanım bunlara göz yumur. Mən ora qayıtsam, məni bərk vuracaqlar”.

Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən uşaq evi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Görüntülərdə uşaqlara olan qulluq, onların necə qidalandığı barədə nöqsanlar haqqında məlumat verilmiş, bildirilmişdi ki, müəssisədə uşaqlara quru çörək verirlər.

Həmin görüntüdə yer alan uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilmiş, bunun direktor Məhbubə Hüseynovanın göstərişi ilə edildiyi bildirilmişdi. Həmin videonu çəkən uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışan Gülcan Nağıyeva isə işdən azad olunmuşdu. Daha sonra müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edildi.

 

Şahanə Rəhimli
Musavat.com 

Избранный
18
16
musavat.com

10Источники