Bakının “Gülüstan” sarayında bağlanan “Əsrin müqaviləsi”nin 30 illiyinə
On doqquzuncu əsrin nəhs ilində,
Yurdumun Gülüstan adlı elində
Bağlandı bir saziş – yadlar dilində -
Böldü iki yerə Azərbaycanı.
Pərən-pərən oldu o gündən millət,
Qisməti qadağa, təqib və zillət.
Nəsillər etsə də nə qədər illət
Poza bilmədilər bu yazılanı.
Neçə əsrlərdir Araz lal axır,
O sahil bu taya həsrətlə baxır.
Ən əziz bayramdır “Novruz”,“İlaxır”
Bəs onların “Bayram görüşü” hanı?
İllərlə boğuldu, tapdalandı haqq,
Dəfələrlə coşdu, kükrədi bu xalq.
Sarıldı silaha – dilində “İlhaq!”
Yaman yatırdılar hər bir üsyanı.
İyirminci əsrin axırlarında,
Şimali ölkənin meydanlarında,
Azadlıq təşnəsi damarlarında
Axdı övladların günahsız qanı.
Səadət günəşi bir gün parladı,
Müstəqil adlandı dövlətin adı.
Nə şirin olurmuş azadlıq dadı
Toy-bayram bürüdü eli, obanı.
Yenə hərzamankı “dost” xəyanəti,
Hərbə sürüklədi azad milləti.
Dünya anlamadı bu fəlakəti
Mərmilər yandırdı dağı, aranı.
Xalqım yola saldı dörd dəhşətli qış,
Nəhayət, baş verdi “Böyük qayıdış”.
Qan izin kəsənə deyildi alqış
Öndərim yox etdi qarı, boranı.
İyirminci əsrin doxsan dördündə,
İyirmi sentyabr – axşamüstündə,
Bakının “Gülüstan” adlı yerində
Bir saziş topladı neçə imzanı.
“Gülüstan” sarayı çox təmtəraqlı,
Çilçıraqlı salon xeyli qonaqlı,
Neçə emblemli, neçə bayraqlı
Məclis birləşdirib sanki cahanı.
Bu - “Əsrin kontraktı” adlanan saziş,
Şahmatda adlanır taktiki gediş.
Kiçik bir ölkədə bacarılan iş
Şok etdi, mat qoydu bütün dünyanı.
Yeni bir “Gülüstan” müqaviləsi –
Haqqın təntənəsi, sülhün müjdəsi –
Yaratdı böyük bir “Neft ailəsi”.
Hamı alqışladı “Bakı – Ceyhan”ı.
O “Gülüstan” hara, bu dastan hara...
Biri parçaladı – bağlandı ara,
“Gülüstan” sarayı Odlu diyara
Açdı qapıları və asimanı.
Dövlətim güclənir, ordum güclənir,
Vətən çiçəklənir, yurdum güllənir.
Baxıb rəhbərinə xalqım güvənir:
“Bəxş edəcəkdir elə aydın səmanı!”
Müasir əsrimin gözəl bir ili
Yox edər bu dərdi, qəmi, nisgili.
Şadlanar Arazın iki sahili,
Dünya bütöv görər Azərbaycanı!
Ələkbər Qasımov