Türkiyə və Azərbaycan ən çətin zamanlarda bir-birinə dayağıdırlar
Azərbaycan və Türkiyə qədər keçmişi və gələcəyi bir-birinə bağlı olan başqa bir dövlətlərarası münasibətə rast gəlmək mümkünsüzdür. İki qardaş xalqı bir-birinə eyni soykökü, dil, din birliyindən də üstün tellər bağlayır. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında türk əsgərlərinin savaşı, Türkiyə Cümhuriyyətinin qurtuluş savaşında azərbaycanlıların canı və qanı ilə iştirakı dünya tarixində bənzəri olmayan hadisələrdir. Bu münasibət böyük Atatürkün və Ümummilli Lider Heydər Əliyevin dillər əzbərinə çevrilən fikirlərində ən yüksək şəkildə ifadə olunub. Bu gün də Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən münasibətlər regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Ölkələrimizin siyasi-iqtisadi əlaqələri tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 7 fevral prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini fevralın 18-də qardaş Türkiyəyə etməsi əlaqələrimizin bu günü və sabahı barədə aydın təsəvvür yaradır. Belə ki, iki dost ölkənin liderlərinin prezident seçkilərində qələbələrindən sonra ilk səfərlərini məhz Azərbaycana və Türkiyəyə etmələri dünyanın diqqətindən kənarda qalmır. Hər iki ölkənin liderləri istər təkbətək, istər geniş tərkibdə görüşlərində, istərsə də mətbuata birgə bəyanatlarında bu mühüm addımın bir ənənə halını alaraq münasibətlərimizin göstəricisi olduğunu xüsusi vurğulayıblar.
Xalqlarımız və ölkələrimiz arasında tarixdə bənzəri olmayan qardaşlıq münasibətlərinin ən möhtəşəm nümunələri dar gündə bir-birimizə dəstək olmağımızdır. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın otuz ilə yaxın davam edən işğalına son qoyulması ilə nəticələnən Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində tamamilə yeni səhifə açdı. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatları ilə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin, onun hökumətinin və xalqının Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstək yalnız işğal altındakı torpaqlarımızın azadlığının deyil, eyni zamanda, Türkiyənin qətiyyətli mövqeyinin təntənəsi oldu. Bütün dünya, eləcə də bölgəmizdə strateji maraqları olan tərəflər bir daha əmin oldular ki, mövzu Vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qardaş hüququnun qorunması olanda, belə məsələlər Türkiyədə müzakirə olunmur, yalnız qətiyyətli qərarlar qəbul edilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında Azərbaycana açıq, dəqiq və birmənalı dəstək ifadə etməsi nəinki xalqımızı ruhlandırdı, eyni zamanda, müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Bu tarixi Qələbənin təntənəsi olan Zəfər paradında Azərbaycan və Türkiyə prezidentləri çıxışlarında dünyaya xalqlarımızın və ölkələrimizin qardaşlığının sarsılmazlığı və daim bir-birinin yanında olmaları barədə çox mühüm və aydın mesajlar verdilər. Qardaş ölkələrimizin dövlət başçılarının Zəfər paradında tarixi çıxışları qələbəmizin möhtəşəmliyini bir daha dünyaya çatdırdı.
2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar. Bəyannamə müstəqillik salnaməmizə ələamətdar hadisə kimi yazıldı. Tarixi Qars müqaviləsindən 100 il sonra Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Hər iki qardaş ölkə arasındakı münasibətlərin bütün sahələrini əhatə edən Bəyannaməni əməkdaşlığın yol xəritəsi adlandaranların sözlərində həqiqət var. İqtisadi inkişafın, siyasi birliyin, milli təhlükəsizliyin təminatı kimi mühüm məsələləri əks etdirən sənəd hər iki qardaş ölkəyə qarşı xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Bəyannamədə qeyd edildiyi kimi, qarşılıqlı olaraq bir dövlətin təhlükəsizliyi, ərazi bütövlüyü üçün yaranan təhlükə digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəliyi yaradır. Başqa sözlə deyilsə, hər iki qardaş ölkə beynəlxalq hüququ əsas tutmaqla öz diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərini oxşar, bəzi məqamlarda eyniləşən birgə maraqları baxımından təkmilləşdirəcək. Şuşa Bəyannaməsindəki «Türkiyə Respublikası və Azərbaycan Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər» sözlərdə iki ölkənin əməkdaşlıq proseslərinin sərhədləri, istiqamətləri açıqlanır. “Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, eyni dinə mənsubluluq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi nümunəsidir. Yəni, tərəflərin öz milli maraq və mənafelərini müdafiə etməklə regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan münasibətlərdə birgə fəaliyyətləri nəzərdə tutulur. Sənəddə, həmçinin deyilir ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin, güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Bu müddəa həm Ermənistanda mövcud olan revanşist qüvvələrə, həm də qonşu dövlətlərə yönələn bir mesajdır. Türkiyə bununla açıq şəkildə bəyan edir ki, Azərbaycanın yanındadır və bu müttəfiqlik yalnız iqtisadi-siyasi amillərlə deyil, həm də hərbi amillə təsdiqlənir.
Unutmaq olmaz ki, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dərhal qardaş dövlətin köməyinə çatan ilk ölkə Azərbaycan oldu. Bundan başqa, Azərbaycan dövləti zəlzələdən zərər çəkənlərə 100 milyon dollardan çox maddi yardım etdi. Bu yardımlar bu gün də davam edir. Getdikcə daha da möhkəmlənən bu dostluğun sarsılmazlığını göstərən amillər, tarixi məqamlar artdıqca inamlı addımlara ehtiyac hiss olunur. Xüsusilə hərbi sahədə əməkdaşlığın getdikcə güclənməsi, keçirilən birgə təlimlər, Bakıda, İzmirdə, İstanbulda təşkil edilən “TEKNOFEST” festivallarındakı nailiyyətlər möhtəşəmliyi ilə hər kəsi heyran edir. Türkiyənin Şərqi Aralıq dənizində söz sahibi olması, ölkə ərazisində yüksək sürətli dəmir yollarının ardıcıl istifadəyə verilməsi, Yeni İstanbul Kanalı layihəsinin reallaşdırılması, ən iri hava limanlarının, səhiyyə müəssisələrinin istifadəyə verilməsi qardaş ölkənin xarici düşmənləri kimi, daxili xəyanətkarlarını da məyus edir. Lakin qardaş Türkiyə və Azərbaycan liderlərinin dik duruşu və qətiyyəti həmin düşmənlərə, xüsusilə də Ermənistana və onun havadarlarına layiq olduqları yerlərini göstərir. Ona görə ki, biz haqlı tərəfik. Eyni zamanda, hər iki qardaş ölkə Cənubi Qafqazda, və Yaxın Şərqdə söz sahibidirlər. Qardaş ölkənin müdafiə sənayesi indi bir çox böyük dövlətlərin həsəd aparacağı dərəcədə inkişaf edib. Hazırda dünya bazarında Türkiyə PUA-larının, tanklarının, təyyarələrinin alıcıları durmadan artır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da beynəlxalq aləmdə nüfuzlu və qətiyyətli lider kimi qəbul edilir. Bu gün dünyanın qaynar nöqtələri hesab edilən Suriyada, Liviyada türk ordusu əsl peşəkarlıq nümayiş etdirərək ölkəsinin milli mənafeyinə zidd olan qüvvələri uğurla zərərsizləşdirir. Eyni zamanda, Rusiya-Ukrayna cəbhəsində ən ziddiyyətli məsələlərin həllində (Rusiya tərəfindən taxıl ixracına qoyulan qadağanın aradan qaldırılmasında və əsirlərin dəyişdirilməsində) dünya gücləri Prezident Rəcəb Tayyib Ərdoğanın nüfuzundan və vasitəçiliyindən yararlanırlar. Mötəbər beynəlxalq tədbirlərdə, dövlətlərimizlə bağlı istənilən məsələlərdə daim birlik nümayiş etdirərək bir-birinə dayaq duran iki qardaş ölkə terrorizmə, işğal siyasətinə qarşı birlikdə mübarizə aparırlar. Bütün bunlar ölkələrimiz arasındakı siyasi-diplomatik münasibətlərdən əlavə, iki qardaş xalqın mənəvi bağlılığını bir daha göstərir.
Sevinc Azadi, “İki sahil”