Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi və Energetika Nazirliyi COP29 çərçivəsində Bakıda Mərkəzi Asiyada enerji keçidi üzrə ilk investisiya forumu keçirəcək.
Energetika Nazirliyindən aldığımız məlumatda bildirilir ki, noyabrın 15-16-da reallaşacaq forum iqlimlə bağlı maliyyələşmənin əsas prioritet istiqamət olduğu nəzərə alınmaqla, bu sahədə ambisiyaların artırılmasına, eləcə də praktiki tədbirlərin həyata keçirilməsinə dəstək məqsədi daşıyır.
Forumun keçirilməsi ilə bağlı IRENA-nın baş direktoru Francesco la Camera deyib: “Lazımi investisiyaların cəlb edilməsində ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, Mərkəzi Asiya bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı üçün böyük potensiala malikdir. COP29 çərçivəsində enerji keçidinə dair Bakıda keçiriləcək investisiya forumu sərmayələrlə bağlı maneələri aradan qaldırmaq, maraqlı tərəflərin fəaliyyətlərini əlaqələndirmək və dünyanın diqqətini bu bölgədən olan layihələrə cəlb etmək üçün xüsusi olaraq hazırlanıb”.
COP29-un prezidenti Muxtar Babayevin sözlərinə görə, Azərbaycan “yaşıl” enerji keçidinə daim sadiqlik göstərib və hazırda bərpaolunan enerji mənbələri sahəsində qonşu Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq qurulub: “Enerji sistemlərinin birləşdirilməsi haqqında Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirləri arasında əldə edilmiş razılıq kimi təşəbbüslər bu əməkdaşlığın təsdiqidir. Biz inanırıq ki, dünya bu ilin noyabrında Bakıda bir araya gələndə COP29 tədbiri gənclərin, bərpaolunan enerji potensialının, canlı iqtisadiyyatın köməyi ilə Mərkəzi Asiyanın “yaşıl”, ədalətli inkişaf yolunda irəliləməsi üçün tramplin rolunu oynaya və bu yolu davam etdirmək üçün lazımi investisiyaları cəlb edə bilər”.
Energetika naziri Pərviz Şahbazov isə qeyd edib ki, Azərbaycan bərpaolunan enerjinin regional layihələrlə inkişafını gerçəkləşdirən strateji əhəmiyyətli təşəbbüslərin reallaşması üçün mühüm addımlar atır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi, Mərkəzi Asiya ölkələrinin nəhəng enerji potensialının “yaşıl” enerji dəhlizləri ilə Türkiyə və Avropa bazarlarına nəql olunması əsas prioritetlərdən biridir. COP29 zamanı lRENA və Azərbaycanın birgə keçirəcəyi Enerji Keçidi İnvestisiya Forumu Mərkəzi Asiya ölkələri ilə “yaşıl” enerji tərəfdaşlığını gücləndirəcək, investorların, enerji şirkətlərinin marağını cəlb edəcək və müştərək layihələrin reallaşdırılmasını sürətləndirən məhsuldar platforma olacaq.
Qeyd edək ki, iki günlük forumda Mərkəzi Asiyadakı bərpaolunan enerji keçidi layihələrinə investisiya yatırımlarının təşviqi məqsədilə dünya və region üzrə maraqlı tərəflər bir araya gələcək, BƏƏ-nin COP28-də əldə etdiyi konsensus nəticələrinin inkişafı məqsədilə bərpaolunan enerji istehsalının artırılmasının zəruriliyi vurğulanacaq, enerjiyə keçidlə əlaqəli texnologiyalara investisiyaların artırılması imkanları ilə bağlı hökumətlər, maliyyə institutları, investorlar, layihənin icraçı tərəfdaşları, layihə tərtibatçıları (developerlər) və digər əsas maraqlı tərəflər arasında geniş dialoq keçiriləcək.