RU

Azərbaycanın neft strategiyasının əsası – “Əsrin müqaviləsi” ŞƏRH

Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. "Əsrin müqaviləsi"nə gedən yol müxtəlif çətinliklərdən və maneələrdən keçərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdı. 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri ölkənin gələcək inkişafı üçün hava və su kimi tələb olunan maliyyə vəsaiti - ilkin kapital əldə etməkdən ibarət idi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş qarşıdurmasına son qoyulması, ictimai-siyasi sabitliyin bərqərar olması, qonşu ölkələrlə kəskin münasibətlərin qismən yumşaldılması, xarici sərmayələrə ciddi dövlət təminatının verilməsi və s. Qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və haqqında bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Ulu öndər Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasət yürüdərək bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə "Əsrin müqaviləsi"ni pozmaq planlarını puça çıxardı. O, müdrikcəsinə bütün narazı tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarına toxunmur, əksinə, bölgədə hamı üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır. Ulu öndər həm də xarici neft şirkətləri ilə Azərbaycanın imzalayacağı bütün neft-qaz müqavilələrinin şərtlərini bizim milli maraqlara maksimum dərəcədə uyğunlaşdıra bildi. Həmin dövrdə cənab İlham Əliyevin ARDNŞ-in vitse-prezidenti təyin edilməsi onun müdrik və uzaqgörən addımlarından biri oldu. Xarici neft şirkətləri ilə aparılan danışıqlarda birbaşa iştirak edən cənab İlham Əliyev imzalanacaq bütün neft-qaz müqavilələrinin xalqımızın milli maraqlarına cavab verən şərtlər çərçivəsində hazırlanmasını yüksək səriştə və bacarıqla təmin etdi. Beləliklə, 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanmış bu nəhəng neft sazişi regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Bu sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. İmzalanma mərasimində ümummilli lider Heydər Əliyev bu mühüm hadisəni belə dəyərləndirmişdir: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq."

"Əsrin müqaviləsi" Azərbaycan dövlətinə, ölkənin ictimai-siyasi və iqtisadi institutlarına xarici ölkələrin maliyyə və texnoloji resurslarından geniş istifadə etmək imkanı qazandırdı. Bu müqavilə çərçivəsində həyata keçirilən transmilli layihələr Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı, xarici ölkələrlə tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə mühüm təsir göstərdi.

"Əsrin müqaviləsi" nəticəsində Azərbaycan öz gələcək inkişafı üçün lazım olan maliyyə vəsaiti və qabaqcıl texnologiya əldə etdi ki, bunun sayəsində də ölkəmiz qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildi.

Ən vacib bir mühüm məqamı da xüsusi qeyd edək ki, üummilli lider Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Onun ən yaxın silahdaşı, məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti olan İlham Əliyevin xidmətləri böyük idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.

Son 21 ilə yaxın dövrdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, təkmil islahatların nəticəsində biznes mühitinin daha da yaxşılaşdırılması qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft stregiyasının əsas tərkib hissələri olan BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsini bugünkü uğurlar üçün pəncərə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqımıza təbrikində bu reallığı bir daha diqqətə çatıdırmışdır ki, "Əsrin müqaviləsi" imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin deyildi. Bu baxımdan hər bir layihənin uğurlu sonluqla başa çatması Azərbaycana böyük dividend qazandırır, dünyaya açılan pəncərə kimi mövqeyinə yeni-yeni əlavələr gətirir. Artıq bu gün Cənub Qaz Dəhlizinin əhəmiyyətindən və onun əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın genişləndirilməsindən bəhs edilir.

Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarında xüsusi yer tutan bu fikir reallıqlarımızın təsdiqidir: "Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür." Məhz Azərbaycana inamın artması fonunda sonrakı sazişlərə geniş yol açıldı. Ölkəmizə sürətli investisiya axını baş verdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollara yaxındır.

Enerji diplomatiyamızın uğurlarından bəhs edərkən 2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni Sazişin imzalanmasını xüsusi qeyd etməliyik. Bununla da, "Azəri-Çıraq-Günəşli" nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlandı. "Yeni əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsası qoyuldu. "Əsrin müqaviləsi"ndən ötən dövrün reallıqlarını "Biz əgər tarixə baxsaq görərik ki, məhz o vaxtdan bu günə qədər Azərbaycan inamla inkişaf edir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir və ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən neft-qaz sektorumuz da inkişaf edir" fikirləri ilə ifadə edən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, "Azəri-Çıraq-Günəşli" neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 2017-ci ildə, "Əsrin müqaviləsi"nin imzalanmasından 23 il sonra sazişin müddəti 2050-ci ilə qədər uzadıldı: "Yəni, bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. "Əsrin kontraktı" Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün "Əsrin kontraktı"nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlamışdır

Ölkə başçısının imzalama mərasimində ifadə etdiyi bir fikri bu bağlılıqda tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev həmin fikri belə ifadə etmişdi: "Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır".

Və bununla da həmişə olduğu kimi, Ermənistan və onun havadarları Azərbaycanın atdığı hər uğurlu addımdan təlaşa düşür, Azərbaycanla bağlı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla özlərinə təsəlli verməyə çalışırlar. Ancaq təcrübə göstərir ki, bu kimi hərəkətlər Azərbaycan rəhbərliyini seçdiyi yoldan qətiyyən yayındıra bilmir, bilməyəcək də. Prezident İlham Əliyev təmkinli, uzaqgörən və düşünülmüş siyasəti ilə qarşıya çıxarılan bütün maneələri keçir və ölkəni yeni zirvələrə doğru aparır. Prezident İlham Əliyev bildirir: "Biz yalnız görülmüş işləri nəzərdən keçirmirik. Ən əsası odur ki, gələcəklə bağlı planlar qurur və səylərimizi əlaqələndiririk. Əlaqələndirmə olmazsa biz uğur əldə edə bilmərik." Dövlətimizin başçısı bu inamı da ifadə edir ki, gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq.

Bildiyimiz kimi, bu ilki dövr təmiz ətraf mühit və "yaşıl enerji" növlərinin yaradılması Azərbaycanda prioritet kimi müəyyən edilib. Ölkədə ekoloji tarazlığın qorunması və bərpaolunan enerji istehsalı siyasətlərinin strateji əsasını Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təşkil edir. Həmin 5 Milli Prioritetdən biri olan təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilmə istiqamətində qarşıya mühüm vəzifələr qoyuldu. Qeyd edək ki, qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi çıxış edir.

"Əsrin müqaviləsi" ilə başlanan uğurlu inkişaf davamlılığı ilə diqqətdədir. "İqtisadiyyatın güclü olan dövlət hər şeyə qadirdir" tezisi Azərbaycanın timsalında daha aydın görünür. Prezident İlham Əliyev Prezident kimi fəaliyyət başladığı ilk gündən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Bu hədəf artıq reallıqdır. Regional inkişaf proqramlarının uğurlu icrası bu hədəfə yüksək səviyyədə nail olmağa, qeyri-neft sektorunun inkişafına geniş imkanlar açdı. Məhz bu uğurların nəticəsində Bu faktı da xüsusi vurğulamaq istərdim ki, tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsində də "Əsrin müqaviləsi"nin rolu böyükdür. Bu sazişin imzalanması ilə başlanan tərəqqi bizi Zəfərə, suverenliyimizin tam bərpa edilməsinə qovuşdurdu. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyimiz əsas rola malikdir ki, bunun əsasında "Əsrin müqaviləsi" dayanır. Və bu gün işğaldan azad olunana torpaqlarımız - Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan bundan sonra da neft strategiyasının uğurlarını yaşayacaq, daha möhtəşəm zəfərləri ilə dünyanın diqqətində olacaq.

Bütün bu deyilənlərin məntiqi nəticəsini ölkə başçısı nitqində çox lakonik və maraqlı ifadə edib: "Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur".

Bir sözlə, Azərbaycan bundan sonra da sürətlə və qətiyyətlə inkişaf edəcək! Yeni əsrdə yeni zirvələr fəth ediləcək!

Qeyd edək ki, bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Neftçi əməyini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin Fərmanına əsasən "Əsrin müqaviləsi"nin imzalandığı gün – 20 sentyabr ölkəmizdə həm də neftçilərin peşə bayramı kimi qeyd edilir.

ZƏRİFƏ QULİYEVA

YAP Veteranlar şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
50
sia.az

10Источники