RU

Məktəblinin "dərs yükü" necə azaldılmalıdır?

Artıq məktəb mövsümü başlayıb. Hər il olduğu kimi bu il də ən aktual mövzulardan biri məktəb çantalarının ağırlığıdır. Hər il məktəb açılan zaman gündəmə gələn ağır məktəb çantası mövzusu yenə də gündəmdədir. Məktəb şagirdlərinin çantalarının ağır olması, onları güclə daşıması, dərs yükünün ağır olduğu üçün məktəblilərin bu əziyyəti çəkməsi hamıya məlumdur. Uşaqların məktəbə gedərkən etdikləri ən böyük səhvlərdən biri bütün dərs materiallarını məktəb çantalarına doldurmaqdır. Ağır məktəb çantası uşağa nəinki fiziki ziyan vurur, həm də onu məktəbdən uzaqlaşdıra bilər. Ağır çanta daşıyan uşaqlarda bel, bel və boyun ağrıları erkən yaşlarda başlayır. Mütəxəssislərin fikrincə, şagirdlərin kürəyində və çiyinlərində daşıdıqları çantaların ağırlığı birbaşa onurğanın sağlamlığına təsir edir. Çantaların uzun müddət istifadəsi fiziki pozğunluqlara səbəb olmaqla yanaşı, yana doğru əyrilik olan skoliozun meydana çıxmasına da səbəb olur.
Mütəxəssislər bildirir ki, tövsiyə olunan çəki bədən çəkinizin 10 və ya 20%-ni keçməyən çəki olmalıdır. Lakin burada söhbət uşaqlardan getdiyi üçün təkcə bu çəkilər üzərində düşünməməliyik. Uşaqlar böyüklər kimi yavaş yerimir və ya hərəkət etmirlər. Qaçırlar, hərəkət edirlər, daim aktiv olurlar. Buna görə çəki miqdarı hər hərəkətlə dəyişir. Bu vəziyyət, əgər çanta ağırdırsa, sonrakı illərdə uşağın onurğa sütununun aşınmasını sürətləndirir. Bəzi hallarda yorğunluq, ağrı, hərəkətsizlik kimi problemlər çox gənc yaşda özünü göstərməyə başlayır. Bundan əlavə, daşıma müddəti artdıqca əzələ spazmı meydana gəlir, nəticədə ağrı və sərtlik yaranır. Uzun müddətdə təkrarlanırsa, yükün artması fəqərələr arasındakı disklərdə erkən aşınmaya səbəb olur. Ağır əşyaların daşınması skolyoz və donqar xəstəliyinə səbəb olduğuna dair bir inanc da var. Bu elmi cəhətdən sübut olunmayıb, lakin proses üçün sürətləndirici amildir.

Sosioloq Lalə Mehralı da bildirir ki, uşaqlarda bel ağrılarının ən birinci səbəbi ağır məktəbli çantaları ilə əlaqədardır:

"Uşağın çəkisinin 10-15 faizindən çox olan məktəb çantasının daşınması bel, çiyin və əllərdə ağrılara səbəb olur. 30 kq çəkisi olan bir uşağın maksimum götürə biləcəyi çanta ağırlığı 5,5 kq olmalıdır. Məktəb dövründə uşaqlar çantalarında kitab-dəftər, ləvazimat - ümumiyyətlə çoxlu tədris materialları daşımalı olurlar. Üstəlik, hər dərsə əlavə iş dəftərləri, məktəbdən sonra hazırlıq kursları, məşğələləri varsa, çantalara əlavə kitablar, idman ləvazimatları, ayaqqabılar və başqa ləvazimatlar da qoyulur. Bu da məktəbli çantalarının çəkisinin daha da artmasına səbəb olur. 
Məktəbli çantası, çantanın ümumi çəkisinə təsir etməmək üçün mümkün qədər yüngül materialdan hazırlanmalı, asqı-qayışları qalın olmalı, qayışın qalın hissəsi isə çiyinə uyğun olaraq tənzimlənməlidir.  Beləliklə, çiyinə düşən yük bel tərəfindən də dəstəklənir. Məktəbli çantasının qayışları bərabər məsafədə və hər iki çiyində bərabər səviyyədə olmalıdır. 
Bəzən valideynlər uşaqlarının ağır çanta daşımaması üçün təkərli çantalar seçir, lakin təkərli məktəb çantası təkərsiz və tutacaqsız çantadan daha ağır olur.  Əgər uşaq məktəbdə pilləkan qalxmalı və enməli olursa çantasını əlinə almalı olur,  o zaman təkərli çantaya üstünlük verilməməlidir, çünki bu, əlavə yük yaradacaq. 
Uşaqların məktəb çantalarından istifadə edərkən etdikləri səhvlərdən biri də çantanı bir çiynində daşımaqdır. Çantanın qayışlarından yalnız birini istifadə edərək bir çiyində daşınması  daha çox yükə səbəb ola bilər və daşındığı tərəfdə daha çox gərginlik yaradır. Bunun qarşısını almaq üçün çantaları hər iki çiyin qayışı ilə tam kürək nahiyəsində daşımaq lazımdır. Bundan əlavə, çantadakı bölmələrdən səmərəli istifadə edilməli və daha ağır kitablar və ya materiallar çantanın arxa hissəsinə yaxın yerləşdirilməlidir ki, çəki paylansın və balanslı çanta yaransın. Çantadakı çiyin asqılarının geniş və yumşaq olması çiyində yükün bərabər paylanmasına  kömək edir, dar və sərt çiyin asqıları əzələnin müəyyən nöqtələrinə ağırlığın yüklənməsinə səbəb olacaq".

Təhsil eksperti Elmin Nuri bildirir ki, bu problemin həlli üçün birinci növbədə kağız materialları və dərslik, dərslik vəsaitinin öz ağırlığı ilə bağlı yumşalmaya gedilməlidir:
"Dünya üzrə məktəbli çantalarının ağırlığı və şagird çəkisinə nisbəti ilə bağlı ümumi standartlar. Doğrudur, bu bəzi ölkələrdə dəyişir, amma ümumi standart 10 faizdir. Yəni burada 10 faiz nəyin göstəricidir? Məktəbli çantasının ağırlığı şagird çəkisinin maksimum 10 faizi qədərində olmalıdır. Yəni şagird çəkisinin 10 faizindən artıq olmamalıdır. Belə olduğu təqdirdə, onda müəyyən bir fizioloji problemlərə, onurğa əyriliyinə, ümumiyyətlə qan dövranının qeyri-düzgün fəaliyyətinə gətirib çıxara bilər. Doğrudur, bu məsələnin tibbi tərəfi də var və biz bu istiqamətdə mütəxəssis olmadığımıza görə çox danışa bilmərik. Məsələnin təhsil tərəfi barəsində müəyyən detalları deyə bilərik. Bu da nədən ibarətdir? 
Bilirik ki, fiziologiyasında müəyyən problem yaranan şəxs həm zehni, həm də psixoloji cəhətdən gec toparlana bilir, onda adaptasiya zəifləyir. Bu hamının bildiyi qanunauyğunluqdur. Təsəvvür edin, şagird öz çəkisinin qədərində məktəbli çantası ilə bağlı limiti aşır və bu hər gün, hər gün davam edir. Onda ümumiyyətlə yorulma, müəyyən bir demotivasiya amilləri təbii ki, meydana çıxacaqdır. 
Mən hələ ondan danışmıram ki, məktəbli çantaları niyə ağırdır? Əlavə dərsliklər ilə, yardımçı test tapşırıqları, əlavə vəsaitlər ilə yüklənmə, təlim-tədris proqramının, dərs proqramının ağırlığından danışmıram... Mən hələ yalnız və yalnız məktəbli çantalarının fizioloji təsirlərindən danışıram. Əlbəttə, hər kəs deyə bilər ki, məktəbli çantası öz-özünə ağır olmur ki? Valideyn bunun içərisinə ağır yeməklər qoymur ki, bu ağır olsun. Məktəbli çantası ağırdırsa, bu avtomatik olaraq dərs yükünün ağırlığının göstəricisidir. Məsələnin bir də bu tərəfi var. Həm çantanın öz ağırlığının fizioloji tərəfləri var, həm də çanta ağırlığının göstəricisi olan dərs yükü çoxluğunun da özünün tamam ayrı problemləri var.
Bu gün dərs yükünün ağırlığını aradan qaldırmaq üçün ayrıca işlər görülməlidir. Çanta ağırlığının aradan qaldırılması üçün dərsliklərin sayının azaldılması, dərsliklərin çəkisinin azaldılması, əlavə dərsliklərin məktəblərə yol açmasının qarşısının alınması və s. bu kimi detallara ayrıca diqqətlə yanaşılmalıdır. Mən təklif edirəm ki, biz bu məsələləri qarışdırmayaq. Mən hələlik yalnız məktəbli çantalarının çəkisinin, çanta yükünün azaldılması ilə bağlı demək istərdim ki, xaricdə bir neçə nümunələr var. Birincisi, kitablar hər yarımilə görə buraxılır. Məsələn, bizdə necədir? Bizdə bir il əzində sentyabr ayından iyun ayına qədər birillik kitablar istifadəyə verilir. Yəni ordakı mövzuların tədris proqramına uyğunluğu sentyabrdan iyuna qədər hesablanır. Əvvəl may idi, indi oldu iyun və bu təbii ki, mövzu çoxaldıqca kitabın ağırlığına gətirib çıxarır. Bizdə də bir kitabın fərdi çəkisi dünya standartlarına nisbətdə ağırdır. Nəyə görə? Çünki istifadə olunan kağız materialları ağır materialdır, bu artıq ayrı bir problemdir.
Baxın, birinci növbədə kağız materialları və dərslik, dərslik vəsaitinin öz ağırlığı ilə bağlı yumşalmaya gedilməlidir. İkinci növbədə, dərslik bir tam tədris ili üçün yox, yarım il üçün hazırlanmalıdır. Elə bilin ki, birinci yarım ildə biologiya kitabı və məsələn, deyək ki, ədəbiyyat tamamlanır, məktəbə təhvil verilir. İkinci yarım il üçün isə onun digər yarısı şagirdə təqdim edilir. Bu dünya standartlarında da var. 
Dərs sonra, fənlərin inteqrasiyasından istifadə edə bilərik. Doğrudur, biz buna nə dərəcədə hazırıq, deyə bilmərik. Məsələn, Böyük Britaniya təcrübəsində təbiət fənləri dörd istiqamətdə: fizika, biologiya, coğrafiya və kimya vahid dərslik əsasında birləşiblər. Yəni fənlərin inteqrasiyası bu dəqiqə dünyada gedir. Təsəvvür edin ki, bu, dörd kitabın bir kitaba cəmləşməsi deməkdir və bu da problemin həlli variantlarından biridir. 
Dediyim kimi, məktəb çantasının ağırlığı ilə bağlı məsələ iki istiqamətdən həll olunmalıdır. Birincisi, məsələnin texniki tərəfi, formativ, ikinci məzmun tərəfi, yəni çanta özü-özünə ağırlaşmır ki, dərs yükünün də müəyyən qədər nizamlanması onun ağırlığına təsir edə bilir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
104
50
olaylar.az

10Источники