RU

Ermənistan “Gürcü arzusu”nun qələbəsindən ilk narahatlığını bildirdi- “Qərbə yolumuz kəsiləcək”...

Image

Akif Nağı: “Ermənistanın Fransa və bəzi Qərb dövlətləri tərəfindən silahlandırılması Gürcüstan üçün də təhdid yaradır”

“Sabah Gürcüstan öz ərazisini Fransanın Ermənistana silah-sursat tədarükü üçün bağlasa, bunun günahı həm Cavax ermənilərinin, həm də qismən də Ermənistan hakimiyyətinin üzərinə düşəcək”. Bunu Aysor.am-a müsahibəsində Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan Gürcüstanda keçirilən seçkilərə münasibət bildirərkən deyib. 

“Gürcüstanda nə baş verdiyini soruşduqda, mənim fikrimcə, heç nə, hər şey təzə başlayır” - deyən Xzmalyan “Gürcü arzusu” partiyasının seçkidə qazandığı qələbəni həzm edə bilmədiyini aşkar şəkildə bildirib.

Onu da deyib ki, Qərb Ermənistan Respublikasının hakimiyyəti ilə xalq arasında aydın fərq qoyur: “İndi Qərbdə Paşinyanla bağlı əvvəlki illüziyalar artıq yoxdur”.

“Əgər sabah Gürcüstan Fransa silahlarının tədarükü üçün öz ərazisini Ermənistan Respublikasına bağlasa, bunun günahı həm İvanişvilinin rusiyayönlü partiyasına səs verən Cavax ermənilərinin, həm də qismən də bu rusiyayönlü partiyanı təbrik etməyə tələsən Ermənistan hakimiyyətinin üzərinə düşəcək”-deyə o bildirib.

Siyasətçi qorxur ki, Gürcüstanda seçkiləri qazanan “Gürcü arzusu” partiyası hökuməti təşkil etdikdən sonra Ermənistana Fransadan silah-sursat daşınması üçün yol verməyəcək, mövcud yolu bağlayacaq.  Cavax erməniləri Gürcüstanın daxilində bir təhdiddir ki, Ermənistan həmişə onlardan Gürcüstana qarşı istifadə edir. Bunları qətiyyən bölgədə sülh, əmin-amanlıq maraqlandırmır, yenə də münaqişə hayındadırlar. 

“Gürcüstan bu addımı ata və yolu bağlaya bilər, bu ehtimal var”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində “Ermənistanın mövqeyi birmənalı deyil. Gürcüstanda keçirilən parlament seçkisi, eləcə də orada gələcəkdə nə olacağı həm regionda, həm regiondan kənarda müxtəlif səviyyələrdə müzakirə olunur. Konkret olaraq məsələyə gəlincə, Ermənistanda Avropa meylli, Avropayönlü siyasilər, politoloqlar, ekspertlər Gürcüstanda gedən prosesə özlərinin prizmasından, mövqeyindən, yəni Ermənistanın  Avropaya inteqrasiyası maraqlarından yanaşırlar. Ermənistanda Paşinyanla bağlı müxtəlif mövqelər dəyişib, dünənə qədər Paşinyanı müdafiə edən, onun Avropayönlü siyasətini dəstəkləyən qüvvələrin içərisində fikir ayrılıqları yaranıb, narazılıqlar var. Ermənistanın daxilində də Avropapərəstlərlə ruspərəstlər arasında  kəskin mübarizə gedir və həmin mübarizənin fonunda Paşinyan çalışır ki, Rusiyadan da əli üzülməsin, Avropa şansını da itirməsin. O, iki stulda oturaraq siyasətini davam etdirir. Bu da Ermənistanın düşdüyü vəziyyətlə bağlıdır. Hakimiyyətdən kənarda olan hər hansı bir ekspert istənilən fikri səsləndirə bilər, çünki dediyi fikirlərə görə məsuliyyət daşımır, xüsusən də hakimiyyət olaraq məsuliyyət daşımır. Paşinyan hakimiyyətə gələnə qədər bir mövqedə idi, gələndən sonra artıq hakimiyyətdə olan siyasi qüvvə kimi Ermənistanın gələcəyi üçün məsuliyyət daşıyır. Onun tezisi ki var, “real Ermənistan qurmaq istəyirəm” deyir. Birmənalı şəkildə başa düşdü ki, real Ermənistanı Rusiyaya yapışaraq da qurmaq mümkün deyil, yaxud birtərəfli qaydada Rusiyadan qopub Qərbə inteqrasiya edərək də qurmaq mümkünsüzdür. Bunu başa düşür və orta bir mövqe tutmağa çalışır, amma Ermənistan üçün çox çətindir.

Gürcüstanda gedən prosesləri erməni tərəfi bu şəkildə şərh edir. Şərhdən də hiss olunur ki, onlar Gürcüstanda Avropa meylli qüvvələrin tərəfindədirlər. Avropa heç nəyə baxmadan Ermənistanla əlaqələrini saxlayır. Əgər sabah Ermənistan rəhbərliyi aydın şəkildə Rusiyayönümlü siyasət yürütsə, yenə də Fransa, yaxud ona yaxın olan bəzi ölkələr Ermənistanla əlaqələrini saxlayacaqlar. Ermənistanın vəziyyətini başa düşərək əlaqə, münasibət saxlayacaqlar. 

Ermənistanın silahlanmasına gəlincə, bu barədə danışan başabəla ekspert Ermənistanın silahlanmasından daha çox, bu ölkənin taleyi ilə bağlı düşünməlidir. Deyir ki, əgər Gürcüstan yolu bağlayarsa Ermənistana Fransadan silah gəlməyəcək. Bunlar çox tragikomik vəziyyətdədirlər. Ermənistan Fransadan bu silahları daşımaqla nəyə nail olmaq istəyir?   Guya Azərbaycana qarşı müharibə aparacaqlar, yaxud ölkənin daxilində hansısa silahlı qüvvələrə qarşı addım atacaqlar. Aydın deyil, bunların mövqeyində məntiq yoxdur. 

Ermənistandakı müəyyən qüvvələr “Gürcü arzusu” partiyasının seçkilərdə qələbə qazanmasından narahat olublar. Ermənistanlı siyasətçi bu narahatlığı elə-belə dilə gətirmir. Gürcüstan hakimiyyəti Fransadan Ermənistana silah daşınmasının təhlükəsini yaxşı anlayır. Bu baxımdan hesab edirəm ki, Gürcüstan bu addımı ata və yolu bağlaya bilər, bu ehtimal var. Bilirsiz ki, Ermənistanın Fransa və bəzi Qərb dövlətləri tərəfindən silahlandırılması Gürcüstan üçün də təhdid yaradır. Ermənistanın Gürcüstana qarşı da ərazi iddiaları var, Cavaxetya bölgəsini ələ keçirmək istəyir. Ermənistan separatçı meylləri qızışdırmaq üçün Cavaxeti ermənilərindən Gürcüstan hökumətinə qarşı istifadə etmək istəyir. Bununla onlara işarə verirlər ki, məqam düşən kimi Gürcüstam hökumətinə qarşı çıxsınlar. Bu da Ermənistanın məkrli xislətindən, xəyanətindən və Gürcüstana arxadan zərbə vurmaq niyyətindən irəli gəlir. Hesab edirəm ki, Gürcüstanda hakimiyyət artıq o qədər müdrükdür, o qədər davamlı siyasət yürüdür ki, ermənilərin bütün cəhdlərinin qarşısını alacaq”.

A.Nağı qeyd etdi ki, Avropa ilə Gürcüstanın münasibətləri korlanıb, Fransa başda olmaqla Avropa İttifaqı Gürcüstana qarşı qərəzli qətnamələr qəbul edir: “Gürcüstan da bunun cavabı olaraq, ola bilsin, Fransa ilə münasibətlərə yenidən baxsın və bu silahdaşımanın qarşısını yolu bağlamaqla alsın. Əslində, Ermənistanın silahlanması, silahlandırılması bütün region üçün problem yaradır. Ermənistan gələn silahları Cavaxetyadakı ermənilərə ötürə bilər, ordakı erməniləri bəlkə də silahlandırır da. Kim təminat verə bilər ki, sabah Ermənistan Fransadan aldığı bu silahları Gürcüstana tuşlamayacaq? Bütün hallarda, Ermənistan ziyanlı mövqedən çıxış edir”.     

A.Nağı hesab edir ki, Gürcüstanla Ermənistan arasında münasibətlərdə müəyyən dəyişiklik baş verə bilər. “Gürcüstan rəhbərliyi də bu gün aydın şəkildə bildirir ki, onlar açıq Rusiya mövqeyinə keçmirlər, Rusiya ilə münsibətləri normal şəkildə saxlayacaqlar, eyni zamanda Avrointeqrasiya qaydalarına da əməl edəcəklər, əsas xətləri də Avropaya inteqrasiya prosesidir. Gürcüstanın seçkini qazanan qüvvələri də bu mövqedən çıxış edirlər. Onlar da başa düşürlər ki, Avropadan tam şəkildə uzaqlaşmaq, təcrid olunmaq mümkün deyil. Belə düşünürəm ki, özlərinin ərazi bütövlüyü və müəyyən iqtisadi çıxarları ilə bağlı əvvəlki siyasətə müəyyən düzəlişlər edirlər. Saakaşvili hakimiyyəti sərt şəkildə Rusiyaya qarşı dayandı, o siyasətin nəticəsi olaraq həm ərazilərini itirdilər, həm də iqtisadi cəhətdən ciddi zərbələr aldılar, vəziyyət həddindən artıq çətinləşdi. O vəziyyəti bu hakimiyyət düzəltməyə çalışır. Birmənalı şəkildə bu hakimiyyətin üzərinə getmək ki, bunlar Rusiyanın əlavəsinə çevrilirlər, Rusiyayönlüdürlər, bu  ittihamı da onlar qəbul etmirlər. Hesab edirəm ki, obyektiv bir siyasət yürüdürlər. Yəni regionda Rusiya amilini nəzərə almaqla öz siyasətlərini yeridirlər, eyni zamanda Avropa dəyərlərinə sadiqliklərini də göstərirlər”.

A.Nağı qeyd etdi ki, Gürcüstan hakimiyyəti Azərbaycanla da normal münasibətlər qurmağa çalışır. Azərbaycanın Gürcüstana investisiya qoyan ölkələrdən biri olduğunu deyən A.Nağı qeyd etdi ki, bunu Gürcüstanda başa düşürlər. Azərbaycanla münasibətləri normal saxlayırlar. 

“Hesab edirəm ki, Ermənistandakılar daha çox Azərbaycanla Gürcüstanın münasibətlərindən narahatdırlar. Gürcüstanda da normal düşünürlər, öz maraqlarını da, Azərbaycanın maraqlarını da, regiondakı vəziyyəti də, Rusiyanın mövqeyini də başa düşürlər. Ona uyğun da mövqe tutacaqlar. Bu səbəbdən də kimlərinsə narahat olmasına dəyməz. Sadəcə olaraq, bu gün Gürcüstan çox çətin, ağır seçim qarşısındadır, dörd partiya birləşərək hakimiyyətə qarşı dayanıb və hakim “Gürcü arzusu” partiyası, demək olar ki, təkbaşına ölkənin taleyini həll etmək məsələsi ilə üz-üzə dayanıb. Bu çətin məsələdir. Burda Gürcüstan müxalifəti də, hakim partiyanın rəhbərliyi də daha çox kimlərləsə münasibət qurmaq, kimlərinsə rəğbətini qazanmaq, Rusiya, yaxud Avropa dəyərlərinə, onlarla münasibətlərə üstünlük vermək yox, Gürcüstanın maraqları mövqeyindən çıxış etməlidirlər. Onlar üçün bir dövlət olaraq Gürcüstanın maraqları üstün olmalıdır. Gürcüstan regionda öz yerini, öz mövqeyini tutmalıdır. Bəziləri deyir ki, Gürcüstan Avropaya inteqrasiya edirsə bu guya yeni ideyaların, Avropa dəyərlərinin regionda təbliği üçün də böyük əhəmiyyət kəsb edə bilər. Bu ilğımlarla, aldadıcı görüntülərlə heç kəs özünü aldatmamalıdır. Real dövlətçilik var və dövlətçilik mövqeyindən çıxış etmək laızmdır. Tarix boyu regionda ən böyük, ən güclü dövlət Azərbaycan dövləti olub, Ermənistan adında dövlət isə ümumiyyətlə olmayıb, gürcülərin də kiçik dövlətləri olub, çox vaxt da Azərbaycan və Türkiyənin nəzarətində, tərkibində olublar”. 

A.Nağı hesab edir ki, bu gün Gürcüstan özünün yeni dövrünə qədəm qoyub, Azərbaycanla əlaqələri yaxşıdır. Gürcüstanda böyük azərbaycanlı icmasının olduğunu deyən A.Nağı bildirdi ki, bu əlaqələrdə onların da mövqeyini nəzərə almaq lazımdır. O qeyd etdi ki, Gürcüstanın indiki hakimiyyəti azərbaycanlıların mövqeyini nəzərə alır, haqlarını tanıyır, azərbaycanlıların mövqeyi ilə hesablaşır. “Azərbaycan məsələlərə birinci növbədə regionda sabitlik baxımından, ikinci növbədə isə öz maraqlarından yanaşmalıdır. Gürcüstanla münasibətlərimizdə çalışmalıyıq ki, Azərbaycanın maraqları mövqeyindən yanaşaq. İnanıram, proses ona doğru gedir ki, Gürcüstanda da, Azərbaycanda da hər şey yaxşı olacaq, qarşılıqlı əməkdaşlıq prosesi davam edəcək”-deyə A.Nağı bildirdi. 

İradə SARIYEVA





Избранный
137
46
baki-xeber.com

10Источники