RU

Sosial fobiya: onun əlamətləri və terapiyası Psixoloq bildirdi

Müəyyən sosial vəziyyətlərdə insanların əsəbi olması normaldır. Yeni mühitdə insanlarla ünsiyyət qurmaq və ya ictimai təqdimat etmək kimi hallar hamımızda narahatlıq yarada biləcək vəziyyətlərdir. Ancaq bu narahatlığın nə qədər tez-tez və nə dərəcədə şiddətlə hiss olunduğu nəzərə alınması lazım olan bir məsələdir. Digər insanlarla qarşılıqlı əlaqənin zəruri olduğu sosial vəziyyətlərdə baş verən sıx narahatlıq vəziyyəti sosial fobiya olaraq təyin olunur. Bu barədə məlumat verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə ƏsgərovanınSİA-ya verdiyi məlumata görə, sosial anksiyete pozuntusu da adlandırılan bu vəziyyət başqa insanlar tərəfindən mühakimə olunmaq qorxusundan qaynaqlanır. Sosial fobiyanın 2 tipi var. Narahatlıqlar bir çox sosial situasiyalarda baş verirsə, ümumi tip, yalnız müəyyən situasiyalarda baş verirsə, qeyri-adi (spesifik) tip adlanır. Ümumi tipə kiminləsə görüşmək və qarşılıqlı əlaqə saxlamaq kimi vəziyyətlər, spesifik tipə isə yemək yemək və ictimaiyyət qarşısında təqdimat kimi performans vəziyyətləri daxildir. Bəs sosial narahatlığa səbəb ola biləcək vəziyyətlər hansılardır?

İctimai yerlərdə yemək yemək Ziyafətdə iştirak etmək Evdə qonaqların olması Alınan məhsulun geri qaytarılması Çox yaxşı tanımadığınız biri ilə göz təması qurmaq Çox yaxşı tanımadığınız biri ilə fikir ayrılığını bildirmək Çox yaxşı tanımadığınız biri ilə telefonda danışmaq Hazırlıqlı və ya hazırlıqsız ictimaiyyət qarşısında çıxış etmək Kiminləsə görüşməyə çalışmaq İctimai tualetlərdən istifadə

Sosial fobiyanın əlamətləri insanda narahatlığa səbəb ola biləcək sosial vəziyyət tərləmə, ürək döyüntüsü, qızartı, ağız quruluğu, titrəmə və nəfəs darlığı kimi fiziki simptomlar görünə bilər. İnsanlar başqalarının onlar haqqında mənfi düşüncələrə sahib olduqlarını və başqalarının onları tənqid və mühakimə edəcəyini düşünürlər. Bu düşüncələrdən sonra narahatlıq mühitində olmamaq üçün səy göstərmək, göz təmasından qaçmaq kimi davranışlar meydana gəlir. Bəzi hallarda utancaq və ya narahat hiss etmək birbaşa sosial fobiyanın əlaməti kimi qəbul edilə bilməz. Sosial fobiyası olan insanlar qorxularının həddindən artıq və ya əsassız olduğunu bilirlər.Sosial fobiyanın səbəblərinə gəldikdə isə psixoloq Yeganə Əskərova bildirib ki, sosial fobiya adətən uşaqlıq və ya yeniyetməlik dövründə başlayır. Ancaq bu, sosial fobiyanın alt tiplərinə görə dəyişə bilər. İnsanın xasiyyəti, genetik meyilləri, uşaqlıqda zorakılığa və ya həddindən artıq tənqidlərə məruz qalması, xəstə olması və ya fiziki xüsusiyyətlərində fərq olması sosial fobiyanın mənbəyi ola bilər.Bundan əlavə, həddindən artıq qoruyucu və ya başqalarının fikirlərinə çox əhəmiyyət verdiyini göstərən valideynlərin uşaqlarında sosial fobiya müşahidə edilə bilər.Sosial fobiyası olan insanlar, sıx sosial narahatlıq və qaçınma davranışları səbəbindən məktəbdə, işdə və digər insan münasibətlərində pozulmalarla qarşılaşa bilərlər. İnsanlar bu vəziyyətin onların sosial həyatına mənfi təsir etdiyini bilməli və lazım gəldikdə peşəkar dəstək almalıdırlar.
“İlk növbədə, sosial fobiyanın inkişafının səbəblərini təhlil etmək üçün araşdırmalar aparılır. Daha sonra insanın həddindən artıq və idarə olunması çətin olan qayğılarını daha rasional düşüncələrlə əvəz etmək üçün işlər görülür. Terapiya prosesinin uzunluğu və prosesin sonunda əldə ediləcək irəliləyişlər insandan insana dəyişir və insanın temperamenti ilə əlaqədardır. Sosial fobiyanın öhdəsindən gəlmək üçün psixoloji dəstək almaq insanın özünə inam qazanmasına və başqaları ilə ünsiyyət qurma bacarıqlarının inkişafına kömək edir”, - deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Избранный
40
sia.az

1Источники