Anası dünyasını dəyişmiş uşaqların atası da qəzada ölüb.
Modern.az "Xəzər TV"yə istinadən xəbər verir ki, Astarada 6 uşaq atasını yük avtomobili vuraraq öldürüb. Hadisə axşam saatlarında rayonun Çayoba kəndi ərazisində baş verib. 36 yaşlı Peyman Ruşanov idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən, toydan çıxıb evinə gedən piyada 44 yaşlı Nazim Baxşiyevi vurub.
Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nazim Baxşıyevin qohumlarının bildirdiyinə görə onun həyat yoldaşı da 3 il bundan əvvəl xəstəlikdən ölüb. Nazim fərdi işlər görərək 6 uşağı saxlayırdı.
Hadisəni törədən sürücü, qaçmağa çalışsa da, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Peyman Ruşanov şübhəli şəxs qismində saxlanılıb.
Neftçaladakı qəza da ölümlə nəticələnib. Rayonun Mirzə Qurbanlı kəndi ərazisində Murtuzəli Rzayev idarə etdiyi motosikletlə hərəkətdə olarkən hasara çırpılıb. Yaralı Xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.