RU

Sülh yaxındadır!

İrəvan razılaşır...

Azərbaycanın 2022-ci ildə başlatdığı sülh prosesi bölgə üçün mühüm nəticələr vəd edir. 2023-cü il antiterror tədbirlərinin ardından yaranan yeni situasiya isə region çərçivəsində münasibətlərin normallaşması üçün münbit zəmin formalaşdırıb. Təsadüfi deyil ki, ötən ilin dekabrında Ermənistan ilə Azərbaycanın müvafiq strukturlarının birgə bəyanatı, delimitasiya və demarkasiya komissiyaları arasında keçirilən çoxsaylı görüşlər, nəhayət, bu ilin aprelin 19-da 4 kəndin azad edilməsi ilə bağlı razılığın əldə edilməsi, ikitərəfli komissiyanın fəaliyyətinin əsasnaməsinin təsdiq olunması sülhü addım addım yaxınlaşdıran amillər sırasında qeyd olunur. Sülh razılaşması ilə bağlı əhəmiyyətli irəliləyiş nəzərə çarpır - hətta bəzi məqamlarda COP29-a qədər və ya bu ərəfələrdə sülhün imzalanması ilə bağlı müəyyən anonslar da səsləndirilir. Düzdür, bir müddət öncəyə qədər Ermənistan bəzi məsələlərlə bağlı adekvat mövqe sərgiləməsə də, situasiya dəyişməyə doğru gedir - İrəvan sülhün vacib olduğu qədər region üçün hansı gələcək vəd etdiyini də anlamaqdadır.

İrəvan dəvət olunub...

Belə ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan sülh müqaviləsi ilə bağlı açıqlama verib: “Ehtiyatlı nikbinliklə demək istəyirəm ki, yaxın gələcəkdə biz bir və ya iki qalan bənd üzrə razılığa gələ biləcəyik və tam razılaşdırılmış sülh müqaviləsinə malik olacağıq”. O qeyd edib ki, hər iki ölkə yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcək.

Aydın məsələsidir ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. İrəvan bunu detallı şəkildə qavrayır - post-müharibə dövründə məntiqi nəticə kimi meydana çıxan sülh prosesi özlüyündə həm də siyasi-iqtisadi nizamın yeni qaydalarını ehtiva edir. Ermənistan anlayır ki, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə heç nə əldə edə bilməz - tam əksinə;

- Cənubi Qafqaz yeni dövrdə özünün tam potensialını nümayiş etdirmək imkanlarından məhrum olur;

- Bölgə üçün yeni bir gələcək vəd edən nəqliyyat - kommunikasiya layihələrinin gerçəkləşdirilməsini gecikdirir;

- Yeni eskalasiya üçün zəmin formalaşdırır;

- Yeni qlobal əməkdaşlıq şəbəkələrinin Cənubi Qafqazı da əhatə etməsinin qarşısını alır.

Nəticə etibarı ilə Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması ehtimalları azalır. Azərbaycanın irəli sürdüyü sülh təklifi və bu istiqamətdə aparılan fəaliyyət, bütövlükdə, Cənubi Qafqaz üçün mühüm inkişaf tempi perspektivi vəd edir. Sülhün astanasında dayanarkən verilən bəyanatlar, səsləndirilən fikirlər bu prioritetin nə qədər ciddi olması ilə yanaşı, uğur qazanma ehtimalının da böyüklüyünü ortaya qoyur.

Azərbaycanın humanizmi...

Qeyd olunduğu kimi, COP29 sülh mövzusunu daha da irəliyə aparmaq üçün əhəmiyyətli bir şansdır - beynəlxalq tədbirin əsas çağırışlarından olan “yaşıl” gələcək uğrunda əməkdaşlıq prinsipi də özündə məhz bu elementləri ehtiva edir. Müasir çağırışları, yeni trendləri Cənubi Qafqazın iqtisadi-siyasi həyatına transformasiya etmək üçün səy göstərən Azərbaycan bu yolda əsaslı humanizmi, geniş tolerant duruşu ilə fərqlənib. Qalib ölkə olmasına baxmayaraq müharibədən sonrakı dövrdə sülhlə bağlı təşəbbüslərin meydana çıxması məhz Azərbaycanın xidmətidir. Eyni zamanda, sülh prosesinin beynəlxalq hüququn prinsiplərinə əsaslanması, ədalətə söykənməsi də Azərbaycanın apardığı siyasətin bariz sübutudur. Hətta aralarında diplomatik əlaqələr olmasa belə, Ermənistan da COP29 tədbirinə dəvət alıb. Düzdür, dəvətlə bağlı İrəvan hələ rəsmi mövqe açıqlamasa da, Ermənistan nümayəndə heyətinin Bakıda baş tutacaq BMT tədbirində iştirak edəcəyi gözlənilir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək niyyətində olması barədə Ermənistanın “Hraparak” nəşri hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Konstitusiya dəyişməli, “Minsk Qrupu” ləğv edilməlidir...

Vurğulandığı kimi, Azərbaycan ilə Ermənistan arasında sülhün yaranması ehtimalı günü-gündən artır. Bu, xüsusilə Ermənistan üçün vacib şərtə çevrilir - hazırki gərgin qlobal kataklizmlər dövründə İrəvan özünü bölgəsəl inkişafdan məhrum etməklə intihara doğru yol almış olar. Azərbaycanın sülh təşəbbüslərinə səmimi qarşılıq vermək, manipulyasiyaya əl atmamaq Ermənistan üçün həm yeganə, həm də ən effektiv çıxış yoludur. Ortadakı sülhün şərtləri beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət olaraq təsdiqləməsi üçün yeni zəmin yaradır - burada yer alan müddəalar Ermənistanın qlobal arenada suveren dövlət kimi yer tapması üçün mümkün zəminin yaranması deməkdir. Bunun üçün isə Ermənistan uzun illərdir ki, davam edən əsassız iddialarından geri çəkilməlidir - rəsmi şəkildə Konstitusiyasında dəyişiklik etməklə İrəvan sülhün daha da inişaf etdirilməsinə şərait yarada bilər. Regionda gələcək kataklizmlərin yaranması ehtimalını aradan qaldırmaq üçün bu, ən real yoldur - Konstitusiya dəyişmədikcə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də “aktuallıq” daşıyacaq. Beləliklə də, Ermənistanın gələcəkdə bundan istifadə edərək yenidən eskalasiya yaratmaq həvəsinə düşməsi də istisna edilə bilməz.

Digər bir məsələ isə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı bəyanatın səsləndirilməsidir. Onsuz da hazırki situasiyada ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur - bu qurum keçmiş “Qarabağ münaqişəsi” nin həlli ilə bağlı yaradılmışdı. Bu gün artıq həmin “münaqişə” yoxdur - Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bu problemi həll etdi. Paralel olaraq məsələ beynəlxalq gündəlikdən də düşdü. Hazırda Ermənistan ilə Azərbaycan arasında gedən danışıqlar ikitərəfli təmas xarakteri daşımaqla münasibətlərin normallaşmasına hədəflənib. Beləliklə  də, məsələ iki dövlət arasında müzakirə edilməli, həlli tapılmalıdır...

P.İSMAYILOV

Избранный
115
50
yeniazerbaycan.com

10Источники