RU

Cəbrayıl “yaşıl enerji” rayonuna çevrilir

İlk mərhələdə 229 hektar ərazidə bərpa olunan enerji stansiyaları qurulacaq

Baş nazir Əli Əsədov Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında qərar imzalayıb. Sənədə əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi qoyuluş gücü ilkin mərhələdə 50 MVt olmaqla, ümumilikdə, 100 MVt gücündə olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Bununla da, rayonda günəş elektrik stansiyasının tikintisi üçün ayrılan torpaq sahəsi 1169 hektara çatıb.

Hökumətin bu qərarı azad ərazilərin zəngin “yaşıl enerji” ünvanlarından biri kimi Cəbrayılda bərpa olunan enerji layihələrinə yerli və xarici investorların axını üçün münbit şəraitin yaradılmasına xidmət edir. Adıçəkilən rayonda təməlləri qoyulmuş alternativ enerji infrastrukturlarının qurulmasında dövlətin dəstəyini və təşviqedici niyyətini əks etdirməklə, bərpa olunan enerji sektoruna əlavə stimullar verilməsini nəzərdə tutur.

“Xudafərin” və “Qız Qalası” - “yaşıl hidrogen”in əsas sütunları...

Qeyd edək ki, Cəbrayıl rayonunun aid olduğu Şərqi Zəngəzur bölgəsi külək, günəş, su, bioresurslar və termal su mənbələri baxımından nəhəng enerji potensialına malikdir. Ortamüddətli inkişaf konsepsiyasına əsasən, bu ərazilər “Yaşıl Enerji Zonası” elan edilib və Yaponiyanın “TEPSCO” şirkəti tərəfindən müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. Həmin modelə əsasən, “Yaşıl Enerji Zonası”nda enerji istehsalı üçün bir neçə dayanıqlı mənbə müəyyən edilib. Qarabağ və Şərqi-Zəngəzurda azad ərazilərin hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin həcmi ölkə üzrə resursların təxminən 30-40 faizini təşkil etdiyi müəyyənləşib. İlkin qiymətləndirmələrə görə,  azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi potensialı var. Təkcə, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur.

Bu bölgədə bərpa olunan enerji resurslarının əsas mənbələrindən biri kimi Cəbrayıl rayonunun coğrafi-relyef və ərazi xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Belə ki, yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Cəbrayıl və Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kv.metr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Həmin ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Bu yerlərdə  eləcə də külək enerjisi istehsalı üçün də münbit şərait var.

Həmçinin, Cəbrayıl hidroenerji ehtiyatlarına görə, bölgənin ən zəngin rayonudur. Rayonu ərazisində, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” adlı iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir ki, bu 2 güc birlikdə azad ərazilərin “yaşıl hidrogen” resurslarının yarısından çoxdur.

“Nobel Energy” və bp şirkətinin günəş stansiyaları

Cəbrayıl rayonunun alternativ enerji resursları xarici ölkələrin nüfuzlu enerji şirkətlərinin də marağına səbəb olmaqdadır. Bunları nəzərə alan sərmayədarlar Azərbaycan hökuməti ilə enerji infrastrukturlarının yaradılması sahəsində səmərəli müzakirələr aparıb və ilk müsbət nəticələr əldə olunub. 2024-cü ilin ilin mart ayında “Nobel Energy” şirkəti ilə imzalanmış sazişə əsasən, Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının inşasına start verilib. Tikintisi iki mərhələdə həyata keçiriləcək layihəyə əsasən, ilk fazada 50 MVt-dan ibarət stansiya gücü 2027-ci ildə istifadəyə veriləcək. İkinci fazanın isə sonrakı illərdə başa çatdırılması planlaşdırılır. Stansiyanın tam gücü ilə enerji blokuna çevrilməsindən sonra ildə təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq ki, bu da 58 min evin enerjisi ilə təminatı deməkdir. Layihənin tikintisinə 600 nəfər işçi qüvvəsi cəlb olunacaq, stansiya istifadəyə verildikdən sonra isə orada 80 nəfər daimi iş yeri ilə təmin ediləcək.

Cəbrayılda digər enerji infrastrukturunun təməli ötən ay - oktyabrın 2-də bp şirkəti ilə SOCAR arasında “Şəfəq” layihəsinin icrasına dair sazişin imzalanması ilə qoyulub. “SOCAR Green” MMC və bp-nin birgə iştirak müqaviləsinə əsasən, Cəbrayılda 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyası (GES) inşa ediləcək ki, bu layihədə ən qabaqcıl “ağıllı enerji texnologiyaları”ndan - “Virtual Enerjinin Ötürmə Mexanizmi” modelindən ilk dəfə istifadə olunacaq. Nəticədə bu model günəş enerjisi istehsalından əldə olunan enerjinin “AzərEnerji” ASC vasitəsilə birbaşa milli elektrik şəbəkəsinə ötürülməsinə imkan verəcək.

“Şəfəq” layihəsi “yaşıl iqtisadiyyat” quruculuğunun tərkib hissəsi kimi təmiz enerjiyə keçiddə mühüm mərhələ açacaq və Şərqi-Zəngəzurun enerji təminatının gücləndirilməsinə, habelə milli “yaşıl enerji” sisteminə inteqrasiyanın təmin edilməsinə və nəticə etibarilə Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək. Bu stansiya dünyanın ən böyük neft-qaz terminallarından biri Səngəçalı elektrikləşdirməklə karbohidrogenlərlə “yaşıl enerji”nin vəhdətinin nümunəsi olacaq.

Çin və Ərəb şirkətlərindən “yaşıl enerji”yə “yaşıl işıq”...

Bütün bu layihələrlə yanaşı, Cəbrayılda  bərpaolunan enerji potensialının qiymətləndirilməsi istiqamətində digər sərmayəçilərlə işlər davam etdirilir, Çin və Ərəb ölkələrinə məxsus şirkətlərin bölgədə təmsil olunması istisna deyil. “China Gezhouba Group Overseas Investment” şirkəti Füzulidə 160 MVt gücündə iki günəş elektrik stansiyasının tikintisi ilə yanaşı, Cəbrayılda da eyni tipli layihə icra etməyi planlaşdırır. Eləcə də körfəz ölkələrinin investorlarından Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin investisiya proqramında bölgədə “ağıllı enerji” ötürcülərinin qurulması yer alır. Yeri gəlmişkən, bir neçə gün əvvəl ərəb şirkəti Bakıda törəmə müəssisəsini - “ACWA Power Technical Financial Services”i yaradıb ki, bu da “yaşıl enerji” sahəsində imkanların daha da artırılacağına işarə edir.

Hazırda dünyanın ən nəhəng enerji şirkətləri də Azərbaycanda “yaşıl enerji” sektoruna, o cümlədən azad ərazilərə sərmayə planlarını bəyan edib. “Masdar”, “ACWA Power”, “BP”, “Fortescue Future Industries”, “China Gezhouba Group”,”Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlər azad ərazilərdə, o cümlədən Cəbrayılda “yaşlı enerji” layihələrində təmsil olunmaq niyyətindədir.

E.CƏFƏRLİ

Избранный
47
yeniazerbaycan.com

1Источники