RU

ABŞ seçkiləri yeni dünya düzənini müəyyən edəcək: Amerikalılar dəhşətli vətəndaş savaşına sürüklənir

ABŞ cəmiyyətində tarixi parçalanma mövcuddur, bu dəfəki prezident seçkilərinin qorxunc qarşıdurmalara, hətta daxili xaosa yol aça biləcək kütləvi iğtişaşlara səbəb olacağı ehtimal edilir... Bu halda, ABŞ-ın vətəndaş müharibəsi təhlükəsinə düçar olmaqla, öz tarixinin ən qaranlıq keçmişinə geri dönmə ehtimalından yayınmaq üçün çıxış yolları axtarmaq məcburiyyətində qala biləcəyi də qətiyyən istisna deyil...

Bütün dünyanın diqqəti ABŞ-a yönəlib. Belə ki, bu ölkədə keçiriləcək növbəti prezident seçkilərinin yekun nəticələri beynəlxalq məkanda genişmiqyaslı dəyişikliklər ehtimalı yaradır. Hər halda, ABŞ-da seçkilərin nəticələri məlum olduqdan sonra heç də hər şeyin əvvəlki kimi olmayacağı artıq qətiyyən şübhə doğurmur. Bu, təxminən pandemiya dövründə yaranmış situasiyanı xatırladır. Çünki pandemiyadan sonra bütün dünyanın sürətlə dəyişəcəyi heç kimdə ciddi şübhə doğurmurdu. Və bunun əsas sübutu isə hazırda beynəlxalq siyasi-hüquqi sistemin artıq əvvəlki şərtlər çərçivəsində təsirdən çox-çox uzaq olması hesab edilir.

İndi də təxminən oxşar proseslər cərəyan edir. Ağ Evə sahibliyin kimin əlinə keçəcəyindən asılı olmayaraq, beynəlxalq məkanda radikal geopolitik dəyişikliklərin başlayacağı qətiyyən şübhə doğurmur. Buna qədər beynəlxalq məkanda cərəyan edən prosesləri yeni dünya düzəninə keçidə hazırlıq mərhələsi də hesab etmək olar. ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən sonra isə yeni dünya düzəninin necə formalaşacağını müşahidə edəcəyik. Və bu prosesin əsas istiqamətləri isə məhz ABŞ-da hakimiyyətin hansı siyasi qüvvənin əlinə keçməsindən asılı olacaq.

kamala-biden.JPG

Onu da qeyd etmək lazımdır ki, Bayden administrasiyasının təmsilçisi, vitse-prezident Kamala Harrisin hakimiyyətə gələcəyi təqdirdə belə, köhnə dünya siyasi sisteminin dağılma prosesinin davam edəcəyi ehtimal olunur. Yəni, bəşəriyyətin yenidən əvvəlki şərtlərlə köhnə dünyaya geri dönüşü artıq demək olar ki, mümkün deyil. Ancaq vitse-prezident Kamala Harrisin prezident seçiləcəyi təqdirdə, dünyanın daha dəhşətli və ağrılı situasiyaya doğru irəliləyəcəyi də elə indidən təxmin edilir. Və bu baxımdan, ABŞ seçicilərinin verəcəyi yekun qərar bəşəriyyət üçün taleyüklü xarakter daşıyır.

Məsələ ondadır ki, vitse-prezident Kamala Harris Bayden administrasiyasının xarici siyasət kursunu daha aqressiv mövqedən davam etdirəcəyi ehtimal olunur. Xatırladaq ki, Bayden administrasiyası dünyaya Ukrayna savaşı kimi uzunmüddətli bir fəlakət qaynağı hədiyyə etmiş oldu. Bundan sonra slavyan qardaşlar olan ruslarla ukraynalıların arasında düşmənçiliyin aradan qaldırılmasının mümkün olacağı o qədər də inandırıcı görünmür.  Və bu iki xalq arasında qarşılıqlı nifrətin onilliklər boyu davam edəcəyi ehtimal edilir.

Belə anlaşılır ki, Bayden administrasiyası postsovet məkanının iki böyük xalqını və dövlətinini bir-birindən tamamilə qoparmağa nail olub. ABŞ və Qərbin MDB məkanına yönəlik uzaqgedən planlarında bu, həlledici faktor rolunu oynaya bilər. Eyni zamanda, qoca Co öz savaş planları ilə dünyada qütbləşməni də dıeinləşdirməyi bacarıb. Hər halda, bundan sonra Qlobal Şimalla Qlobal Cənub arasında hərbi-siyasi qarşıdurma uzunmüddətli xarakter daşıyacaq. Və bu, dünyaya yeni dağıdıcı müharibələr vəd edən faktorlardan biridir.

Ağ Evin keçmiş sahibi Donald Trampın prezident seçiləcəyi təqdirdə də qlobal dəyişikliklər qaçılmaz hesab olunur. Belə ki, Tramp administrasiyasının ABŞ-ın xarici siyasət kursunu indi olduğundan tam əks istiqamətdə dəyişə biləcəyi ehtimal edilir. Belə ki, Donald Trampın hakimiyyəti dönəmində Bayden administrasiyasının səbəbkar olduğu münaqişə ocaqlarının söndürüləcəyi, o cümlədən də, Ukrayna savaşının qısa zaman ərzində dayandırılacağı iddia olunur. Hər halda, Ağ Evin keçmiş sahibi öz bəyanatlarında bütün dünyaya sülh və sabitlik vəd edir.

tramp-avropa.JPG

Digər tərəfdən, Donald Tramp NATO-nun öz dövrünü bitirdiyini vurğulamaqla yanaşı, Avropa Birliyi ölkələrinin təhlükəsizlik təminatı ilə bağlı yükünü də ABŞ-ın üzərindən atmaq niyyətini gizlətmir. Ona görə də, Qərb siyasi dairələrində Donald Trampın hakimiyyətə gəlmə ehtimalına ciddi narahatlıqla yanaşırlar və buna artıq indidən hazırlaşmağa çalışırlar.

Qərb siyasi dairələri Tramp administrasiyasının Rusiya və Çinlə münasibətləri normallaşdırmaq niyyətindən və NATO-nun demontaj edilmə təhlükəsindən narahatdır. Və bütün bunların baş verəcəyi təqdirdə, Qərbin dünya üzərində onilliklər boyu davam etmiş hegemoniyasının qısa müddətdə yoxa çıxa biləcəyini proqnozlaşdırır. Və bunun baş verəcəyi təqdirdə, yeni dünya düzənində qlobal nəzarət mexanizmlərinin məhz rəqib qütbün əlinə keçəcəyini ön plana çəkir.

Göründüyü kimi, ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri bütün dünyanın gələcək taleyini dəyişə biləcək qədər önəmli xarakter daşıyır. Ona görə də, bu seçkilərə həm Qərb siyasi dairələri, həm də ABŞ cəmiyyəti ciddi şəkildə hazırlaşır. Hətta bu hazırlığın məzmun və keyfiyyəti həlledici savaş təsiri bağışlayır. Və belə anlaşılır ki, öz tarixinin ən radikal proseslərə yol aça biləcək seçki mərhələsindədir.

Maraqlıdır ki, ABŞ cəmiyyətində bu dəfəki prezident seçkilərinin böyük qarşıdurmalara yol aça biləcəyi ehtimal olunur. Çünki hazırda ABŞ cəmiyyətində tarixi parçalanmanın mövcud olduğu qətiyyən şübhə doğurmur. Üstəlik hər iki tərəf güzəştsiz və amansız mübarizə əzmini qətiyyən gizlətmir. Ən əsasısa indiki situasiyada qarşıduran tərəflərdən hansının qalib gələcəyini müəyyən etmək də hələlik mümkün deyil. Və ictimai rəy sorğuları hazırda bu suallara təxmini cavablar üçün belə, aydın təsəvvür yaratmır.

kama-harris.JPG

Məsələ ondadır ki, prezident Co Baydenin geri çəkilməsindən sonra namizədliyi irəli sürülən Kamala Harris son günlərə qədər öz rəqibini ictimai rəy sorğularında üstələyirdi. Ancaq seçkilərə cəmisi bir neçə gün qalmış Donald Tramp arada olan fərqi qapanmağa və nisbi bərabərliyi təmin etməyə nail olub. Yəni, bundan sonra ABŞ-ın növbəti prezidentinin kim olacağı ilə bağlı suallara yalnız amerikalıların səsləri aydınlıq gətirə bilər. Və bu baxımdan, seçkilərin olduqca gərgin atmosferdə keçəcəyi gözlənilir.

ABŞ-da seçki məntəqəsinin yandırılması, siyasi düşərgələrin tərəfdarları arasında artıq indidən toqquşmaların olması barədə məlumatlar da situasiyanın tədricən gərginləşmə istiqamətində inkişaf etdiyini biruzə verir. Bəzi ehtimallara görə, ABŞ öz tarixində ən dəhşətli nəticələrə yol aça biləcək seçkilər ərəfəsindədir.

Çünki siyasi düşərgələrin tərəfdarları arasında hətta kütləvi toqquşmaların ola biləcəyi ehtimal olunur. Hesab edilir ki, əgər, küçə toqquşmaları kütləvi iğtişaşlara qədər inkişaf edirsə, bu halda ABŞ-da qorxunc daxili xaos qaçılmaz xarakter daşıya bilər. Və bu halda, ABŞ-ın yenidən tarixi vətəndaş müharibəsi dövrünə geri dönmə ehtimalı da istisna edilmir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Избранный
67
41
musavat.com

10Источники