RU

Azərbaycanda təhsil niyə ümumilikdə distant formada keçirilə bilmir? - AÇIQLAMA

Distant təhsil “Təhsil haqqında” Qanunda təhsilalma formalarından biri kimi qeyd olunsa da, rəsmi olaraq tanınmır. Lakin pandemiya, müharibə və digər fövqəladə vəziyyətlərdə bu sistem tətbiq olunur. Həmçinin bu yaxınlarda baş tutacaq COP29 tədbiri müddətində də ali təhsil müəssisələrində dərslər onlayn formatda keçiriləcək.

 

Maraqlıdır, əgər əlimizdə distant formada təhsil almaq imkanı varsa, niyə ümumilikdə tətbiq olunmur?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan qanunvericiliyində "Təhsil haqqında" Qanuna görə, təhsil, əsasən, ənənəvi formada – dərslərdə birbaşa iştirak və praktik tədris əsasında həyata keçirilməlidir:

 

“Qanunda göstərilən bu prinsiplər tələbələrin bilik və bacarıqlarının üzbəüz ünsiyyətlə daha yaxşı inkişaf etdiyini nəzərdə tutur. Eyni zamanda, ənənəvi tədrisin daha effektiv olmasını təmin etmək məqsədilə təhsil müəssisələri məsuliyyət daşıyır. Bununla yanaşı, distant təhsilin tətbiqi üçün qanunvericilikdə hələ də dəqiq tənzimlənmə və texniki şərtlər nəzərdə tutulmayıb, bu isə distant təhsilin formal olaraq tanınmasının qarşısını alır. Dünya təcrübəsi göstərir ki, müvafiq infrastruktur və sistem tətbiq olunduqda, distant təhsil tələbələr üçün səmərəli bir seçim ola bilər”. 

 

Ekspert qeyd edib ki, distant təhsil dünya ölkələrində getdikcə daha geniş yayılır və bu modelin üstünlükləri və çatışmazlıqları təhlil olunur:

 

“Məsələn, ABŞ və Böyük Britaniya kimi ölkələrdə universitetlər müxtəlif onlayn proqramlar təklif edir və bu sistemin inkişafı üçün böyük maliyyə və texniki resurslar ayırırlar. Eyni zamanda, bu proqramlar yalnız geniş infrastruktur və internetin əlçatan olduğu ölkələrdə geniş tətbiq olunur. Sinqapur və Finlandiya kimi qabaqcıl təhsil sisteminə malik ölkələr distant təhsil üçün ciddi texniki infrastruktur yaratmış və məzmun keyfiyyətinə xüsusi nəzarət edir, çünki bu, təhsilin keyfiyyətini qorumaq üçün vacibdir. Əlavə olaraq, distant təhsilin kütləvi tətbiqi zamanı dövlətin təhsil müəssisələrini və müəllim heyətini texniki resurslarla təmin etməsi və tələbələr arasında rəqəmsal bərabərsizliyi aradan qaldırması tələb olunur.


K.Əsədovun sözlərinə görə, Azərbaycan üçün distant təhsilin məhdud tətbiqi həm də təhsil bərabərliyinin təmin olunması və təhsilin hər kəs üçün eyni keyfiyyətdə əlçatan olması ilə bağlıdır:

 

“Ölkədə hər bir tələbənin yüksək sürətli internetə və kompüter texnologiyasına çıxış imkanı yoxdur, bu isə distant təhsilin keyfiyyətini təmin etməkdə əsas çətinliklərdən biridir. Distant təhsilin geniş tətbiqi üçün tələbələrin bu texniki resurslara eyni səviyyədə çıxış imkanına malik olmaları və mövcud texniki infrastrukturun təkmilləşdirilməsi zəruridir. Pandemiya dövründə aparılan təcrübələr göstərdi ki, həm müəllimlər, həm də tələbələr müəyyən texniki çətinliklərlə qarşılaşırlar və onlayn təhsil sisteminin tam mənada işləməsi üçün əlavə təlim və dəstək proqramlarına ehtiyac var”.

 

Mütəxəssis sonda vurğuladı ki, distant təhsil tələbələrə daha çox seçim imkanı yarada bilər, lakin onun tətbiqi üçün müvafiq infrastruktur, qanunvericilik tənzimləmələri və resurslar tələb olunur:

 

“Distant təhsilin tətbiqi üçün yalnız texniki infrastruktur deyil, həmçinin pedaqoji metodologiyaların təkmilləşdirilməsi və müəllimlərin bu istiqamətdə təlim alması tələb olunur. Bu həm də tələbələrin özünüidarəetmə, vaxtın səmərəli istifadəsi və texnologiyadan düzgün istifadə etmə bacarıqlarını artıracaqdır. Bu baxımdan, Azərbaycanda distant təhsilin müvafiq tənzimləmə ilə mərhələli olaraq tətbiqi və təhsil müəssisələrinin bu dəyişikliyə uyğunlaşması üçün investisiya və resurslar vacibdir. Distant təhsilin geniş tətbiqi gələcəkdə mümkün ola bilər, lakin mövcud şəraitdə ənənəvi təhsil sisteminin üstünlüklərini qoruyaraq, distant təhsilin yalnız ehtiyac yaranan hallarda tətbiqi daha məqsədəuyğun sayılır”.

 

Firuzə Əliyeva
 

Избранный
59
33
sfera.az

10Источники