RU

COP29 əleyhinə kampaniya aparanların əsas planı... - Millət vəkili

“X” sosial media platformasında Azərbaycanda keçiriləcək COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bu Azərbaycana qarşı növbəti çirkin hücum kampaniyasının tərkib hissəsidir:

“Açıq şəkildə COP29-a qarşı təbliğat aparsaydılar, başa düşmək olardı. Hazırda guya Azərbaycanda keçiriləcək tədbirə qarşı geniş kampaniya olduğu təəssüratı yaratma çalışılıb. Bunlar saxta profillərlə edilir. Hazırlanmış hansısa bir mətn bir qədər dəyişilərək tirajlanır. Dünya ictimaiyyətində fərqli təsəvvür yaradılmaq planlaşdırılır. Məqsəd isə Azərbaycanı gözdən salmaq, beynəlxalq birlikdə qazandığı nüfuza kölgə salmaqdır”.

O qeyd edib ki, anti-Azərbaycan mərkəzlərin apardığı kampaniyalara baxmayaraq COP29-un yüksək səviyyədə keçəcəyinə heç bir şübhə ola bilməz:

“Bu gün Azərbaycan müstəqil xarici siyasətə malikdir. Heç bir güc mərkəzinin əlaltısı deyil və olmaq fikrində də deyil. Torpaqlarını özü azad edib və özü təbii sərvətlərinə sahibdir. Bu əsas məqamlardan biridir, hansı ki, xaricdə olan müəyyən dairələri qıcıqlandırır. Neftimizdən gələn gəlirlər Azərbaycanın infrastrukturunun yenilənməsinə, sosial layihələrin həyata keçirilməsinə, iş yerlərinin yaradılmasına sərf olunur. Bu isə onlara sərf etmir və buna görə də belə bir saxta kampaniya aparılır. Lakin bütün bunlara baxmayaraq, hazırlıq yüksək səviyyədə gedir. Artıq 50 mindən çox mütəxəssis, çox sayda jurnalist tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçiblər. 100-dən çox ölkənin nümayəndələri, ilk növbədə prezident, baş nazirləri tədbirdə iştirak etmək barəsində öz müraciətlərini bildiriblər”.

Mirzəzadə söyləyib ki, digər tərəfdən, Azərbaycan kimi ənənəvi neft qaz ölkəsinin ətraf mühiti qorumaq istiqamətində təcrübəsi çox maraqlıdır:

“Azərbaycanda işğaldan azad olunan ərazi yaşıl energetika ilə əhatə edilib, son dövrlərdə iki böyük günəş elektrik stansiyası tikilib. Bu günlərdə isə cənab Prezidentimiz elektriklə işləyən avtobusların Bakıda reyslərə buraxılması işi ilə bağlı hazırlıqla tanış olub. Bütün bunlar hamısı Azərbaycanı digər ölkələr üçün maraqlı edir”.


Müəllif: Əsəd Məmmədəliyev
Избранный
53
36
teleqraf.com

10Источники