RU

"Abzas Media"nın işi üzrə təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulur

"Abzas Media işi" üzrə həbs edilən bütün şəxslərin müdafiə hüququ pozulur və cinayət işinin içərisində olan video materialların surətləri qanunsuz olaraq müdafiə tərəfinə təqdim edilmir. 

Bu barədə "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov bildirib.

"Sənədlərin, videomaterialların surətləri tam şəkildə verilmir. Bu da müdafiə tərəfinin işini çətinləşdirir. Bunlar verilməlidir, çünki bu materiallar iş üzrə sübut kimi göstərilir", - deyə vəkil qeyd edib.

Vəkil məsələ ilə bağlı şikayət edilsə də, heç bir nəticəsinin olmadığını deyib.

Sentyabrın 10-da təqsirləndirilən şəxslərə ibtidai istintaqın başa çatdığı bildirilib. 

Bundan sonra təqsirləndirilən şəxslərin və vəkillərin iş materialları ilə tanış olması prosesi başlayıb, bu proses başa çatdıqdan sonra həbsdə olan şəxslər məhkəməyə çıxarılacaq.

2023-cü ilin noyabr - 2024-cü ilin yanvar aylarında "Abzas Media"nın işi üzrə altı jurnalist və mətbuat işçisi (Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Məhəmməd Kekalov) həbs edilib. 

Sonradan bu iş üzrə iqtisadçı Fərid Mehralızadə də həbs olunub.

Əvvəlcə onların hamısına CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbit olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Lakin 16-19 avqust tarixlərində jurnalistlərə qarşı daha ağır ittihamlar - CM-in 192.3.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Bu ittihamlara görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Jurnalistlər bütün ittihamları rədd edir, hakimiyyətin yüksək eşelonlarında korrupsiya  faktlarını araşdırdıqlarına görə təqib olunduqlarını bildirirlər.

Hüquq müdafiəçiləri bütün təqsirləndirilən şəxsləri siyasi məhbus kimi tanıyıblar.
Избранный
50
arqument.az

1Источники