RU

Mənalı ömrün nəğməli hesabatı

Tanınmış dilçi alim, pedaqoq və şair Mahirə Nağıqızı Hüseynova builki ad gününü Beynəlxalq Muğam Mərkəzində təşkil edilmiş ədəbi-musiqili təqdimatla qarşıladı.

Təntənəli məclisin iştirakçısı olan elmi-mədəni ictimaiyyətin təmsilçiləri, rəsmi qurumların nümayəndələri əvvəlcə Mahirə Nağıqızının elmi-bədii yaradıcılıqğını əks etdirən kitablarla və illüstrativ materiallarla tanış oldular.

Mərasimin aparıcısı filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru Mahirə Nağıqızının çoxyönlü elmi-pedaqoji və bədii yaradıcılığı, geniş ictimai fəaliyyəti barədə məlumat verdi. Sonra alimin zəngin və mənalı ömür yolunu əks etdirən videosüjet nümayiş etdirildi.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı Mahirə Nağıqızının ömür yolunun ictimai önəm daşıyan yönlərinə nəzər salaraq onun qadın hərəkatında, uzun illərdən bəri qaçqın taleyi yaşayan soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı ilə bağlı təşkilatlanmada təşəbbüskar və səmərəli fəaliyyətini vurğuladı. Mahirə xanımın incə ruhlu, yüksək amallı şeirlər müəllifi olduğunu xatırladan deputat qeyd etdi ki, onun poetik yaradıcılığında Vətən sevgisi, təbiət, məhəbbət və insanın ruhi-mənəvi dünyası aparıcı mövzulardır.

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli isə fililoq alimin ana dili və ədəbiyyatımızın aktual mövzularında məhsuldar araşdırmalarından, Qərbi Azərbaycanın mədəni irsinin qorunub yaşadılmasında fəal iştirakından, elmi kadrlar hazırlığında fəaliyyətindən söz açdı. O, Mahirə xanıma yeni yaradıcılıq uğurları arzuladı və həsrətində olduğu Qərbi Azərbaycana qovuşmaq xoşbəxtliyi dilədi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali məktəbin yetirməsi olan Mahirə Nağıqızının sevimli müəllimi, unudulmaz dilçi professor, şair və ictimai xadim Həsən Mirzənin elm, sənət və məslək yolunu uğurla davam etdirdiyini söylədi. O qeyd etdi ki, orta məktəbdə müəllimlik fəaliyyətini sonrakı illərdə doğma universitetdə davam etdirən filoloq namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş, dilçilik kafedrasında müdir, filologiya fakültəsində dekan işləmiş, hazırda prorektordur.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov Mahirə Nağıqızının milli dilçilik elminə verdiyi töhfələrdən, onun poetik dünyasında Ana, Ana dili və Ana Vətən anlayışlarının məfkürəvi təcəssümündən danışdı. O qeyd etdi ki, şairin yüksək mənəvi dəyərləri incələyən onlarca şeirinə mahnı qoşulub və buaxşamkı yaradıcılıq hesabatı da həmin nəğmələrlə müşayiət olunur.

Digər çıxış edənlər də Mahirə Nağıqızının ömür yolunun xalqımıza xidmətlə mənalanmış səhifələrini vərəqlədilər, onun elmi, bədii yaradıcılığının və ictimai fəaliyyətinin önəmini vurğuladılar.

Sonda həyat və yaradıcılığı barədə söylənən xoş sözlərə, yüksək qiymətə görə minnətdarlığını bildirən Mahirə Nağıqızı dedi:

– Bu axşam çox qürurluyam, eyni zamanda, həyəcanlıyam. Beynəlxalq Muğam Mərkəzində keçirilən yaradıcılıq gecəsi mənim hesabatım kimi qəbul edildi. Bu gün sözə, elmə verilən belə dəyər məni daha məhsuldar çalışmağa ruhlandırdı. Qərbi Azərbaycan İcmasının üzvü olaraq Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qədim yurd yerlərimizə qayıtmaq uğrunda mübarizədə daha fəal iştirak edəcəyəm. Bundan sonra da gələcəyə böyük inamla yazıb-yaradacaq, tədqiqatlar aparacaq və sonrakı nəsillərin maariflənməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Belə bir tarixi missiyaya xidmət etmək böyük şərəfdir.

Gecədə ölkənin ünlü sənətçiləri təqdimat qəhrəmanının seçmə şeirlərini və mahnı mətnlərinə qoşulmuş müsiqi nömrələrini səsləndirməklə onun yaradıcılığı barədə təsəvvürü zənginləşdirdilər, mərasimə əlavə təntənə gətirdilər.

Tahir AYDINOĞLU
XQ

Избранный
72
xalqqazeti.az

1Источники