RU

"Bude/Qlimt" seçim qarşısında: "Qarabağ", yoxsa qızıl medallar? - YAZI

"Qarabağ" Avropa Liqasının əsas mərhələsinin 4-cü turunda "Bude/Qlimt"in qonağı olacaq.

Bilindiyi kimi, "köhlən atlar"ın premyer-liqadakı işləri "yağ kimi" gedir. Ağdamlılar bir oyun az keçirməklə 28 xalla turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyicisi "Turan Tovuz"u üç xal qabaqlayır. Bəs Norveç premyer-liqasında vəziyyət nə yerdədi?

"Football-plus.az" xəbər verir ki, Skandinava ölkəsinin çempionatında mövsüm 30 turdan ibarətdi. Dünən 27-ci tura start verilib. "Bude/Qlimt" bu gün "Molde"nin qonağı olacaq.

Bu yerdə qeyd edək ki, budelilər 54 xalla liderdi. Onlar ən yaxın izləyicisi "Brann"dan iki xal öndədi. Həmçinin növbəti turlarsa qarşılaşacağı rəqiblər turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb. Dəqiq desək, komanda "Molde"dən azı bir xal alsa, çempion olmaq ehtimalını böyük ölçüdə artıracaq.

Qısası, "Bude/Qlimt" vacib dönəmdən keçir. Avropa Liqasının ilk 3 turunda iki qələbəyə, bir heç-heçəyə nail olan norveçlilər tarixində dördüncü dəfə (1916-cı ildə yaradılan klub 2019/20, 2020/21 və 2022/23 mövsümlərində qızıl medallara yiyələnib) ölkə çempionu ola bilər.

Bəs bu məqam "Qarabağ"a qarşı keçiriləcək matçda özünü necə büruzə verəcək? Sualın cavabına noyabrın 7-də, Bude şəhərindəki “Aspmyura” stadionunda aydınlıq gələcək.

KƏNAN BAHADIR

Избранный
62
football-plus.az

1Источники