RU

Fermerlər üçün maraqlı tədbir: Tarla seminarı

Salyan rayonunda Dövlət sort sınaq məntəqəsinin pambıq sahəsində zərərli orqanizmlərə qarşı tətbiq olunan bioloji mübarizənin nəticələrinə dair tarla seminarı keçirilib. 

Tədbirdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, pambıqçılıqla məşğul olan şirkətlərin nümayəndələri və bölgə fermerləri iştirak edib.

“Cebheinfo.az” xəbər verir ki, tədbirdə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Taleh Zeynalov bioloji mübarizənin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, son dövrlər bitkiləri zərərverici və xəstəliklərdən qorumaq üçün əsasən kimyəvi mübarizə üsulundan istifadə olunur. 

Kimyəvi mübarizə üsulu təsirli olsada, bu üsul həm bitkilər, faydalı həşəratlar, quşlar və heyvanlar, həm də ətraf mühit və insan sağlamlığı üçün zərərsiz deyil. Bu baxımdan zərərvericilərə qarşı mübarizədə ekoloji cəhətdən təhlükəsiz və iqtisadi cəhətdən səmərəli hesab edilən bioloji üsuldan istifadə mühüm əhəmiyyət kəsb edir. 

Bioloji mübarizə zamanı pambıq sovkasının təbii düşməni olan və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilir.

Belə ki, cari ildə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqların istehsalı sahəsi tərəfindən Salyan rayonunda Dövlət Sort Sınaq Məntəqəsinin 15 ha pambıq sahəsində kimyəvi mübarizə tətbiq etmədən trixoqramma ilə pambıq sovkasının yumurtasına qarşı üç dəfə bioloji mübarizə aparılıb. Hazırda bioloji mübarizə tətbiq olunan sahələrdən 35-40 sentner məhsul istehsalı gözləniilir. 

Ümumilikdə isə cari ildə Mərkəz tərəfindən pambıq istehsalı ilə məşğul olan şirkətlərin müraciətləri əsasında respublikanın pambıqçılıq rayonlarında trixoqrammadan istifadə edilməklə pambıq sovkasının yumurtalarına qarşı 29.558 hektar sahədə bioloji mübarizə tətbiq olunub. Bu da ötən illə müqayisədə 9000 hektar çoxdur. Həmcinin 45 hektar yonca sahəsində tətbiq olunan bioloji mübarizə öz müsbət nəticəsini verib. Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb.

Tədbirdə iqlim dəyişikliyi şəraitində ətraf mühit, insan və bitki sağlamlığının qorunması üçün zərərvericilərə qarşı mübarizə zamanı yüksək toksikli pestisidlərdən istifadənin azaldılmasında bioloji mühafizə vasitələrindən istifadənin əhəmiyyəti qeyd edilib.

Sonda Dövlət sort sınaq məntəqəsinin trixoqramma tətbiq olunan pambıq sahələrinə baxış keçirilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal sahəsinin laboratoriyasında çoxaldılır və tarlalara buraxılır. 

Избранный
56
2
cebheinfo.az

3Источники