RU

Kərə yağı bahalaşır: Yerli istehsalı niyə artıra bilmirik?

Kərə yağı qiymətlərinin sürətli artımı Azərbaycanda həm istehlakçılar, həm də ərzaq bazarı iştirakçıları üçün narahatlıq doğurur. Ölkəmizdə kərə yağının yerli istehsalının az olması, xarici idxaldan yüksək dərəcədə asılılığa gətirib çıxarır. Bu asılılıq əsasən ölkədəki süd məhsulları sektorunun infrastruktur və texnologiya baxımından inkişaf etməməsi ilə bağlıdır. Eyni zamanda, idxal olunan kərə yağı üçün beynəlxalq bazardakı qiymət dalğalanmaları, yerli bazarda da qiymət artımına səbəb olur. Hava şəraiti, istehsal xərcləri və idxal vergiləri kimi faktlar da bu bahalaşmada mühüm rol oynayır və kərə yağı günbəgün bahalaşır. Bəs, ölkəmizdə istehsalı niyə azdır, niyə xaricdən asılıyıq?

Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadşı Xalid Kərimli vurğulayır ki, yağın bahalaşmasının əsas səbəbi  idxal qiymətlərinin artması ilə bağlıdır: ”Bunun da əsas səbəbi yağın dünya bazar qiymətlərinin artmasıdır. Dünyada yağın bahalaşması nəticəsində  ölkəmizdə də qiyməti artır. Avropa və Asiyada yağa olan təlabatın yüksək olması, ehtiyatların da aşağı düşməsi son bir ildə yağı və pendiri bahalaşdırıb. Ağartı məhsulları ümumiyyətlə son bir ildə 22%-ə qədər bahalaşıb. Bizim bazar da idxaldan asılı olduğu üçün, bahalaşma bizim bazara da təsir edir”.

X.Kərimli qeyd edib ki, öz təlabatımızı ödəyəcək qədər yağ istehsal etmirik: ”Bu səbəbdən biz  idxaldan asılıyıq. Yağ istehsal etmək üçün heyvandarlıq kifayət qədər deyil. Bu sahə üzrə çoxlu ixtisaslaşmış heyvan təsərrüfatları saxlamaq lazımdır. Bu səbəblərdən biz ,bir çox ölkədən geriyik. Rusiya, Belarusiya, Qərbi Avropa buna misaldır. Bu ölkələrə baxanda yarımsəhra iqlimdə yaşadığımız üçün təbii şəraitimiz uyğun deyil. Bu o demək deyil ki, yağı istehsal eləsək qiyməti ucuz olacaq. Dünyada yağ bahalaşırsa, Azərbaycanda da bahalaşmalıdır. İstehsalçı pul qazanmaq istəyir, buna görə vətəndaşa ucuz satmır”.

Ekspert bildirib ki, bir şeyi özümüz istehsal ediriksə,  bu onun ucuz olacağı anlamına gəlmir: "Özümüz istehsal elədiyimiz çox məhsul var ki, bahalaşır və bahalaşmağa davam edəcək. Çünki sahibkarlar bunu bizim ucuz almağımız üçün eləmir, pul qazanmaq üçün edir. Yəni bir şey dünyada bahalaşırsa, onlar da birmənalı olaraq qiyməti bahalaşdıracaqlar”.

 Aytac Baxış, 

Sitat.info

Избранный
28
sitat.info

1Источники