RU

Qarabağ və Zəngəzurun sahibkarlıq subyektləri barədə ilginc faktlar var...

Image

Asif İbrahimov: “Harada məskunlaşdırma çoxdursa orada mikro və kiçik sahibkarlıq subyektlərinin sayı daha çoxdur”

Bu il oktyabrın 1-i tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 085 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, 93 386 fərdi sahibkar fəaliyyət göstərib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumata görə, mikrosahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 3 875 (ümumi saya görə 2,2%), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 851 (ümumi saya görə 0,5%) olub.

Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 188 (ümumi saya görə, 1,6%), Şərqi Zəngəzur iqtisadi rayonunda 52 (ümumi saya görə, 0,4%) təşkil edib.

Orta sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 86 (ümumi saya görə, 2,1%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 22 (ümumi saya görə, 0,6%) olub.

Oktyabrın 1-nə Qarabağ iqtisadi rayonunda 6 (ümumi saya görə, 0,7%), Şərqi Zəngəzur iqtisadi rayonunda 5 (ümumi saya görə, 0,6%) iri sahibkarlıq subyekti qeydə alınıb.

1 oktyabr tarixinə Qarabağ iqtisadi rayonunda 87 510 (ümumi saya görə, 6,4%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 876 (ümumi saya görə, 0,4%) fərdi sahibkar fəaliyyət göstərib.

Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarında  iri sahibkarlıq subyektləri, demək olar ki, bərabərdir. Birində 6, birində 5 dənədi. Amma kiçik və orta sahibkarlıq subyektləri arasında bu iki iqtisadi bölgə üzrə böyük fərq var. Xüsusən də mikro və kiçik sahibkarlıq subyektlərinin arasında iki bölgə üzrə böyük fərq özünü göstərir. Məsələn, Qarabağ iqtisadi rayonunda mikro və kiçik sahibkarlıq subyektləri çoxdu, lakin Şərqi Zəngəzur iqtisadi rayonunda mikro və kiçik sahibkarlıq subyektləri azdı. Amma sahibkarlıq subyektləri nöqteyi-nəzərindən hər ikisi arasında, demək olar ki, balans var. Birində 5-di, birində 6-dı. Bu nə ilə izah olunur ki, Qarabağda və Şərqi Zəngəzurda iri sahibkarlıq subyektləri bərabər templə inkişaf edir, amma kiçik və mikro sahibkarlıq subyektləri arasında böyük fərq var?

“Ən böyük faktor da əhalidir”

İqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, hazırda 14 iqtisadi rayonumuz var. “Daha əvvəl iki iqtisadi rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları SSRİ dövründə mövcud idi, düzdür, tərkiblərində  ərazi vahidləri, rayonlar nisbətən fərqli idi. Ancaq həmin ərazidə iki iqtisadi rayon mövcud idi - Yuxarı Qarabağ və Kəlbəcər-Laçın. Azərbaycan SSR dönəmində çox məhsuldar, verimli, iqtisadi rayonlar idi və Azərbaycan iqtisadiyyatına ciddi töhfələrini verirdi. Belə ki, orda bir sıra sənaye, kənd təsərrüfatı, iqtisadiyyatın digər sahələrinə aid olan bir çox müəssisələr fəaliyyət göstərirdi. Eyni zamanda turizm potensiallı və yetərincə təbii ehtiyatlara malik, zəngin ərazilər idi. 

Son statisikaya gəlincə, bəli, bu deyilən fərqlər mövcuddur. Xüsusilə bu fərqlər iqtisadi zonalaşmadan yaranan səbəblərdir.  Bilirsiz ki, Qarabağ iqtisadi rayonunun tərkibində olan ərazilər hansı ərazilərdir. Bunlar infrastrukturu dağıdılmamış və hazırda bir çox məsələlərdə yararlı, həmçinin də müharibə dönəmindən sonra daha çox əhali köçürülmüş ərazi vahdiləridir. İki iqtisadi rayon arasında bu istiqamətdə mövcud fərqlər daha çox əhalinin məskunlaşdırılması amili ilə bağlıdır. Harada məskunlaşdırma çoxdursa orada mikro və kiçik sahibkarlıq subyektlətinin sayı daha çoxdur. Sizə bir nümunə gətirim, məsələn, Şuşa ən çox məskunlaşma gedən rayondur. Bundan başqa, Qarabağ iqtisadi rayonunun tamamilə hamısı işğal edilməmişdi. Ağdamın, Füzulinin bir hissəsi,  Tərtər rayonunun bir çox hissələri işğal olunmamışdı. Bu baxımdan həmin ərazilərdə kiçik və mikro sahibkarlıq subyektlərinin çox olması  təbiidir. Ən böyük faktor da əhalidir, yəni orda məskunlaşma məsələsinə diqqət ayrılır”-deyə A.İbrahimov qeyd etdi. 

A.İbrahimovun sözlərinə görə, bu yeni iqtisadi rayonların formalaşdırılmasında, ərazi vahidlərinə dəyişiklik edilməsinə səbəb birinin digərindən ayrılması oldu. “Daha öncə olan bölgüdə işğaldan azad olunan ərazilərin bəziləri tamamilə dağıntılar içində idi, bəziləri də vardı ki, nisbətən inkişaf etmişdi”. 

A.İbrahimovun sözlərinə görə, ermənilər özləri o vaxt onları öz iqtisadiyyatına töhfə verən ərazilər kimi saxlamışdı. Qeyd edir ki, Xocavənd, Ağdərə rayonlarında olan təbii ehtiyatlarımızdan istifadə edirdilər, Xankəndidə məskunlaşma aparmışdılar. 

A.İbrahimov bildirdi ki, artıq 4 ildir torpaqlarımız işğaldan azad edilib və o ərazilərdə  mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin inkişına xüsusi diqqət yetirilir. Ekspert qeyd edir ki, fərqlər daha çox məskunlaşdırma ilə bağlıdır.

İqtisadi təhlillər göstərir ki, bu fərq hər iki iqtisadi rayon üzrə aparılan tikinti-quruculuq işləri ilə bağlıdır. Qarabağ iqtisadi rayinunda tikinti-quruculuq və bərpa işləri daha çox aparılır, eyni zamanda həmin ərazinin məskunlaşmasında xeyli irıliləyiş var. Yəni Qarabağ iqtisadi rayonunda daha çox sayda əhali məskunlaşıb. Orada dağıntı olmayan yaşayış məskənlərinin sayının çox olduğunu deyən ekspertlər hesab edir ki, ona görə də Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın inkişafının bərpa edilməsi daha sürətlə gedir, bu səbəbdən də orda kiçik sahibkarlar üçün münbit şərait var. Məsələn, mikro və kiçik sahibkarlığın inkişaf etdirilməsi üçün məskunlaşma vacib amildir. Məsələn, həmin ərazidə əhali məskunlaşıbsa orada əhaliyə xidmət sahələrinin inkişaf etdirilməsi təbii haldır. Yəni mikro və kiçik sahibkarların əhaliyə xidmət sahələri, tutaq ki, bərbərlərdi, dərzilərdir, xırda iaşə obyektləridi, kiçik mağazalardı. Mikro və kiçik sahibkarlar əsasən bu sahədə fəaliyyət göstərir. Ona görə də həmin seqment üzrə hansı ərazidə məskunlaşma daha böyükdürsə o ərazidə də mikro və kiçik sahibkarlıq daha sürətlə inkişaf edir, daha genişlənir, daha da çoxalır. Amma böyük obyektlərin sahibi olan sahibkarlar ki var, onlar eyni qaydada hər iki iqtisadi rayonda tikinti-bərpa işləri ilə məşğuldurlar. Yəni hökumət bu iki iqtisadi rayona balanslı şəkildə vəsait ayırır və ona görə də onların iri sahibkarlıq subyektlərinin sayı bərabərdir. Yəni birində 5, birində 6-dır. Burada normal olmayan heç nə yoxdur deyən ekspertlər hesab edir ki, məskunlaşma artdıqca Zəngəzur iqtisadi rayonunda mikro və kiçik sahibkarlıq subyektlərinin sayı artacaq. Ekseprtlərə görə, bu fərqlər məskunlaşmaya bağlı məsələdir. 

İradə SARIYEVA





Избранный
38
baki-xeber.com

1Источники