RU

Gürcüstan seçkiləri Ermənistan üçün bu problemi yaratdı...

Image

Gürcüstanda oktyabrın 26-da keçirilmiş parlament seçkiləri Qərbin Cənubi Qafqazda ciddi məğlubiyyəti hesab olunur. Elə bu fonda Gürcüstanda baş verənlər Ermənistanda da ciddi narahatlıq predmeti olaraq qalmaqdadır. Hesab edilir ki, bu gedişlə Ermənistanda daha çətin durum formalaşacaq.

Qeyd edilənlər fonunda Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan bildirir ki, geosiyasi müstəvidə Ermənistanı yaxşı vəziyyət gözləmir: “Gürcüstanda baş verənlər Ermənistan üçün narahatlıq doğurur”. O, Tiflisdə hakim partiyanın qalibiyyətinin digər ölkələrə də təsir edəcəyini bildirib: “Bu, həm də Moldova, Ukrayna, Ermənistan və Gürcüstanın olduğu Cənub-Şərqi Avropa regionu üçün bir şansdır. İrəvan bölgədə demokratiyanın lideri ola bilər. Lakin baş nazir Nikol Paşinyanın qalib “Gürcü Arzusu” Partiyasını tələsik təbrik etməyə çalışması uğursuz diplomatik addım idi. Bu, şansımızı zəiflədir. İndi Qərbdə Paşinyanla bağlı əvvəlki illüziyalar yoxdur. Amma İrəvan üçün problemli vəziyyət var. Sabah Gürcüstan Rusiyanın tələbi ilə Fransa silahlarının Ermənistana daşınması üçün ərazisini bağlasa, o zaman Bidzina İvanişvilinin partiyasına səs verən Cavax erməniləri də, bunu dəstəkləyən Ermənistan hakimiyyəti də günahı üzərinə götürəcək”. Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının rəhbəri Hayk Mamicanyanın seçkilərin nəticələri gürcü xalqının bu məsələyə münasibətini və yanaşmasını açıq şəkildə göstərib: “Rusiyanın Cənubi Qafqazda təsirini azaltdığını və ya ümumiyyətlə, Rusiyadan imtina edildiyini deyənlərin hamısı indi Rusiya-Azərbaycan, Rusiya-Gürcüstan münasibətlərinin hansı səviyyədə olduğunu görür. Buna görə də burada bu sual əsas hala gəlir ki, bəs Ermənistan idarəçiləri ölkəmizin xarici siyasəti ilə nə edirlər? Ermənistan idarəçilərinin fəaliyyəti ümumiyyətlə absurddur. Ermənistanın təhlükəsizlik arxitekturasının sütunu olan KTMT-yə gəlincə, onlar əvvəlcə KTMT-yə üzv dövlətlərin Qarabağdakı hərbi əməliyyatların bir hissəsi olması ilə bağlı bəzi yüksək səslə bəyanatlar verirlər, sonra isə həmin sistemə alternativ yaratmayaraq, başqa bəyanatlar verirlər”. Mamicanyan bildirib ki, yaranmış vəziyyətin səbəbləri var, bu, Ermənistanda hakimiyyət başında oturan şəxsin Ermənistanın maraqlarına xidmət etməməsinin nəticəsidir. Baş verənləri şərh edən hərbi-siyasi analitik, Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi Aleksandr Tixanski Gürcüstanda keçirilən parlament seçkiləri ərəfəsində və ondan sonra Ermənistanda gürcü müxalifətini dəstəkləyən bəyanatların səslənməsi faktlarını  şərh edərkən bildirib: “Bu gün bir çox erməni millətçiləri, o cümlədən gürcü pasportu olanlar həm Rusiyaya, həm də “ruspərəst” adlandırdıqları Gürcüstan hökumətinə nifrət edirlər”. Ekspert bu vəziyyəti erməni millətçilərinin Gürcüstanı Qərblə Rusiya arasında döyüş meydanına çevirmək istəyi ilə izah edib: “Erməni ekspertlər səsvermənin elektron formatda keçirilməsindən təəssüflənir, çünki seçkilərin nəticələrini saxtalaşdırmaq çətin idi. Qanun pozuntuları ilə bağlı faktlar o qədər də inandırıcı deyil. Seçki dairələrinin ən azı 75 faizində seçkilər elektron qaydada keçirildiyi üçün pozuntuların olduğunu söyləmək çətindir. Bəli, müəyyən problemlər var idi, amma ümumilikdə deyə bilərik ki, seçkilər bəzi nöqsanlarla baş tutmuş sayılır.

Gürcüstanda gedən proseslər, qonşu ölkədə siyasətin necə davam edəcəyi Ermənistan üçün önəmlidir. Belə ki, Ermənistanın ixrac və idxalının təxminən 70 faizi Gürcüstan ərazisindən keçir. Ermənilərin Gürcüstandakı iğtişaşlara verdiyi dəstək siyasi elitanın qonşu ölkədə hakimiyyəti dəyişməyə yönəlmiş hərəkətləri ilə izah olunur”.

Onun sözlərinə görə, erməni elitası Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası ilə xarici agentlər haqqında qanunun qəbuluna qarşı birgə müraciət imzalayanda hamını təəccübləndirib: “Ermənistanın siyasi elitasının bir hissəsinin Gürcüstan hakimiyyətinə qarşı çıxması, bu ölkənin daxili işlərinə qarışması ilə bağlı vəziyyətin özü unikaldır. Aydındır ki, erməni millətçiləri Gürcüstan müxalifəti illə eyni komandada işləyir. Siyasi elitanın bu hissəsi müəyyən ölkələrdə birləşərək bir-birini dəstəkləməyi xoşlayır. Onlar qarşılıqlı əlaqədə olur və postsovet dövlətlərini Rusiyadan ayırmaq üçün fəal işləyirlər. Beləliklə, Ermənistan iqtidarı və müxalifəti göstərdi ki, onlar da Qərbin sifarişi ilə hərəkət edirlər. Gürcüstanda seçkilərdən sonra vəziyyətin sabitliyini pozmaq üçün təxribatçılara, o cümlədən vicdan əzabı çəkmədən digər Gürcüstan vətəndaşlarını öldürməyə başlaya bilənlərə ehtiyac var. Çox təəssüf ki, həm Qərbdə, həm də qərbyönlü müxalifətdə belə insanlar var. Onların arasında etnik ermənilər və ikili vətəndaşlığı olanlar - erməni və gürcülər də var. O cümlədən Ermənistan Respublikasında daimi yaşayanlar və Qarabağdan olan zərərsizləşdirilməmiş yaraqlılar seçkiyə qədər Gürcüstana köçürülə bilər”. Ekspert bununla bağlı xatırladıb ki, oxşar ssenari artıq NATO-nun Brüsseldəki mənzil-qərargahında müzakirə olunub və burada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla alyans nümayəndələri arasında görüşlər keçirilib. Görüşdə Ermənistan xüsusi xidmət orqanlarının Gürcüstanda yaşayan etnik ermənilər arasında yaradılmış agent şəbəkəsinin köməyi ilə “aktiv tədbirlər” hazırladığı açıqlanıb: “Ermənistanda işə götürülən şəxslərin iştirakı ilə fəal şəkildə hazırlıq işləri aparılır. Bu hadisələrə küçə toqquşmaları elementləri daxildir. Gözlənilir ki, yaxın gələcəkdə onlara Balkan ölkələrindən əvvəllər aktiv şəkildə Serbiya hökumətinə qarşı fəaliyyət göstərən ən təcrübəli mütəxəssislər də qoşulacaq. Gürcüstanda münaqişənin alovlanmasında bu cür təxribatçıların rolunu lazımınca qiymətləndirməmək olmaz. Bu baxımdan 2019-cu ilin yayında rusiyalı deputat Qavrilovun spiker kürsüsündə əyləşdirilməsindən sonra yaranmış emosional vəziyyətdən istifadə edən müxalifətin parlament binasını ələ keçirməyə cəhd etməsini xatırlatmaq yerinə düşər. Daha sonra Ermənistan vətəndaşları da saxlanılıb. Bu gün bir çox erməni millətçiləri, o cümlədən gürcü pasportu olanlar həm Rusiyaya, həm də “rusiyapərəst” adlandırdıqları Gürcüstan hökumətinə nifrət edirlər”. Tixanskinin fikrincə, əvvəllər Rusiyaya sevgi və ümid bəsləmiş bir çox erməni separatçıları indi ümidlərini Qərbə bağlayırlar: “Öz xalqından dəfələrlə geosiyasi oyunlarda istifadə edən erməni millətçiləri Gürcüstanı Qərblə Rusiya arasında döyüş meydanına çevirmək istəyirlər. “Rusiyayönlü” erməni lobbisi qeyri-sabit vəziyyətdən sui-istifadə edərək Rusiya ordusunun Gürcüstana yenidən girməsini təhrik etməyə çalışır. Öz növbəsində, İrəvan yeni revanşist müharibənin baş verəcəyi təqdirdə Gürcüstana Qərbin hərbi tranziti üçün ərazi kimi baxır. Bu, Tbilisidə qərbyönlü müxalifətin hakimiyyətə gələrək Rusiyaya qarşı “ikinci cəbhə” açacağı halda baş verə bilər. Hər iki ssenari gürcü dövlətçiliyi üçün faciəli ola bilər. Ona görə də Gürcüstanda sabitlik və əminamanlıq yalnız Rusiyanın deyil, Türkiyə və Azərbaycanın da maraqlarına cavab verir”.

Samirə SƏFƏROVA





Избранный
34
baki-xeber.com

1Источники