RU

Uşaqları öyrədən yox, yoran dərs yükü - GÜNAHKAR KİMDİR? - QURUMDAN AÇIQLAMA

Şagirdlərin dərs yükünün ağırlığı, onlara verilən ev tapşırıqlarının çoxluğu son cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biridir. Valideynlər deyir ki, övladları dərsdən sonrakı vaxtlarının çox hissəsini ev tapşırıqlarının həllinə sərf edirlər. Nəticədə yorulur və asudə vaxt keçirə, öz uşaqlıq dövrünü yaşaya bilmirlər. Digər tərəfdən, məktəbdə izahı verilməyən tapşırıqlar şagirdi və valideynləri çətinə salır. Nəticədə də həm uşaq, həm də övladına köməklik göstərməyə çalışan valideyn tapşıırıqların həllinə saatlarla vaxt ayırmalı olur. Müəllimlər isə hesab edirlər ki, ev tapşırıqları uşağın inkişafında mühüm rol oynayır. Bu səbəbdən də şagirdlərə ev tapşırıqları verilməlidir.

Təhsilimizdə ağır ev tapşırıqları problemi var. Tapşırıqlar çox çətindir və dərsliklər dəyişilib deyə valideynlərin çoxu uşaqlara kömək edə bilmir. Nəticədə ibtidai sinif şagirdlərini belə məşğələyə göndərirlər. Niyə ev tapşırıqları çətindir və uşaqların aşağı siniflərdən məşğələyə ehtiyacı olur? SİA məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyindən SİA-nın sorğusuna belə cavab verilib: "Sorğunuza cavab olaraq bildiririk ki, müəllimlər ibtidai təhsildə tədris metodikasını bildiyi təqdirdə öyrənməni düzgün qurur, şagirdləri izafi tapşırıqlarla yükləmir.

Valideynlər uşaqlarının öyrənmə fəaliyyətini dəstəkləmək məqsədilə uşağın gün rejiminə, sağlam qidalanmasına, elektron cihazlardan optimal istifadəsinə, açıq havada fəal oyunlar oynamasına diqqət etməlidir. Çünki göstərilən məsələlərdəki qüsurlar uşaqlarda diqqət pozuntusu, yorğunluq yaradır. Bu isə zəif qavramaya səbəb olur.

Balacaların məktəbə mental olaraq hazırlanması da vacibdir. Adətən, məktəbqabağı valideynləri daha çox məktəbli geyiminin, çanta və ləvazimatların alınması, Bilik günü bayramının maraqlı təşkili məşğul edir. Uşağın məktəb binası, müəllimlərlə əvvəlcədən tanış edilməsi, qaydalara alışdırılması, sosial münasibətlərdə davranış mədəniyyəti barədə məlumatlandırma isə unudulur.

Körpə yaşlarından uşaqla oyunlar, mütəmadi söhbətləşmələr, uşağa gündə 20 dəqiqə kitab oxunması, kiçik və böyük motor hərəkətlərinin inkişafı (uşaq özünəqulluq işlərinə erkən yaşlardan alışdırılırmalıdır: qaşıq və çəngəllə yemək, ayaqqabı bağını açıb-bağlamaq, sərbəst geyinib-soyunmaq və s.) onun öyrənmə fəaliyyətinə güclü təkan verir, lüğət bazasını genişləndirir, fikrini izah etməyə, dinlədiyini və oxuduğunu anlamağa vəsilə olur".

Müəllif: Söylü Ağazadə
Избранный
45
sia.az

1Источники