RU

Güney azərbaycanlılara şad xəbər - bu problem olmayacaq

Urmiya gölünün quruması birinci növbədə ekoloji deyil, siyasi məsələdir; İran hökumətinə bunu gerçəkləşdirmək üçün imkan verilib-verilməyəcəyini gələcək göstərəcək

Yaponiyanın İrandakı səfiri Sukada Tamaki Urmiya gölü ilə bağlı maraqlı açıqlama verib. “Azad İran” “Telegram” kanalının məlumatına görə, səfir Yaponiya hökumətinin beynəlxalq təşkilatlarla birlikdə Urmiya gölünün bərpası üzərində çalışdığını bildirib.

“Yaxın vaxtlarda İran xalqına və dövlətinə şad xəbərlər çatdıracağıq”, - deyə o qeyd edib.

Xatırladaq ki, prezident Məsud Pezeşkianın seçki vədlərindən biri də Urmiya gölü ilə bağlı olub.

Xatırladaq ki, Azərbaycanın ən böyük göllərindən biri olan, müxtəlif bitki və heyvan növlərinin əhəmiyyətli yaşayış yeri sayılan Urmiya gölü yox olmaq üzrədir. Səbəblərlə bağlı müxtəlif versiyalar səslənir. Daha çox səslənən iddia 23 bəndin tikintisi və su ehtiyatlarının düzgün idarə edilməməsi ilə əlaqədardır. Hazırda Urmiya gölünün ümumi həcmindən cəmi 10%-i qalıb. Suyun səviyyəsinin belə azalması ciddi ekoloji və iqtisadi fəsadlar törədir və milyonlarla köçəri quş növlərinin  və bölgə sakinlərinin həyatını təhlükə altına atır.

Ötən ayın əvvəlində yayılan görüntülərdə Urmiya gölünün qırmızı rəngdə olduğu qeydə alınıb. Ekspert bildirib ki, Şərqi Azərbaycan əyalətindəki gölün qırmızı rəng alması insanlar üçün təhlükəli deyil. Yerli media yazıb ki, gölün suyu bir neçə ildir qırmızı rəngdədir, bu isə turistlərin marağına səbəb olur. Mütəxəssislər bu hadisəni ekoloji dəyişikliklə əlaqələndirirlər. 

Şərqi Azərbaycan əyalətinin rəsmisi açıqlamasında bildirib: “Yüksək temperatur və Urmiya gölünün buxarlanması duzsevər bakteriyaların aktivliyini artırıb və nəticədə gölün rəngi dəyişib”. 

Urmiyə gölündə suyun quruması bir neçə ildir ki, təbiətsevərləri və mütəxəssisləri narahat edir, bununla bağlı müxtəlif kampaniyalar keçirilir.

Azərbaycan

Qorxmaz İbrahimli

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Urmiyə gölünün quruması ekoloji problem deyil, siyasi məsələdir: “Urmiya gölünün quruması  siyasi iradənin zamanında başlatdığı işin nəticəsidir. Fars şovinizminin və beynəlxalq güclərlə əlbir olan bir sistemin işidir. Bilirsiniz ki, o ərazidə yavaş-yavaş kürdlərin balansını artırmaq istəyirlər, deputat seçkilərindən də bu görünür. Oradan seçilən millət vəkillərinin sayında da bu müşahidə edilir. Yəni o ərazini türklərdən təmizləmək, sonra yavaş-yavaş kürdlərin məskunlaşdırılmasını istəyirlər. Bunlar hamısı Böyük Orta Şərq layihəsinin tərkib hissəsində getdiyinə görə, xüsusilə ABŞ bu məsələyə göz yumur. Bu baxımdan Urmiya gölünün quruması birinci növbədə ekoloji deyil, siyasi məsələdir. Urmiya gölünün quruması üçün sudaşıyıcı çaylar üzərində barajlar quruldu, suvarmaya cəlb olundu, nəticədə gölə gedib çatan çayların sayı azaldı. Urmiya gölü adaları, biomüxtəlifli ilə birgə dəniz qədər böyük göldür. Bu gölün bu hala düşməsində fars hökumətinin, İran rejiminin xüsusi rolu olub. Ərazidə türk balansını dəyişmək üçün bu nəticə onlara sərf edir”.

Q.İbrahimli son seçkidə qalib gələn Məsud Pezeşkianın Urmiya gölünün taleyinə münasibətinə də diqqət çəkdi: “Oğuz türkü olan Məsud Pezeşkianın hakimiyyətə gəlməsi dəyişikliklər olacağı ümidini yaratmışdı. Bu, Azərbaycan, türk dilində məktəblərin açılması, təhsillə, türk millətinin İranda mövqeyinin möhkəmlənməsi ilə bağlı atılan addımlarda özünü göstərir. İranın dini liderinin də türk olmasına baxmayaraq, bu günə qədər türk milləti əzilməyə məruz qalır. Məsud Pezeşkian isə faktiki olaraq türk olduğunu ortaya qoyub bu addımları atır. Siyasi iradənin belə hərəkətliliyi ilə paralel olaraq, yapon səfirinin belə bir açıqlama verməsi diqqət çəkir. Hesab edirəm ki, proses boyu yapon texnologiyalarından istifadə olunacaq. İlk növbədə gölün ətrafında artezian quyuları qazıla bilər. Gölü su ilə təmin etmək üçün müvafiq işlər görülə bilər. Əlavə olaraq, yolboyu suvarma sistemləri modernləşdirilərsə, gölə gedən hissədə çayların axarı boyu müasir suvarma sistemləri quraşdırılarsa, çayların suyu daha çox gölə axa bilər. Bundan əlavə, barajlar yeni nanotexnologiyalarla təmin oluna bilər. Bu isə çox böyük sərmayə tələb edir. İran hökumətinə bunu gerçəkləşdirmək üçün imkan veriləcəkmi, bunu gələcək göstərəcək. Məlumdur ki, İranda Pezeşkiana qarşı ciddi mühafizəkar qüvvələr var. Düşünürəm ki, prosesin yekunlaşması uzun müddət çəkəcək. Çünki ərazinin çox hissəsi səhralaşıb. Bir çox ada quruda qalıb. Göl həddən artıq kiçilmiş vəziyyətdədir”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Избранный
25
musavat.com

1Источники