RU

Trampın qələbəsi dollar-avro münasibətlərinə necə təsir göstərəcək? - "Euronews"-un araşdırması

İqtisadçılar ABŞ seçkilərində Trampın qələbəsinin, avronu dollar qarşısında zəiflədəcəyi barədə ümumi razılığa gəliblər.

Valyuta.az "Euronews"-a istinadən xəbər verir ki,  avro Trampın qalib gəlmə ehtimalının artması ilə seçkidən öncəki bir ay ərzində 2%-dən çox dəyər itirib.

Bəzi analitiklər Respublikaçıların Konqresin tam nəzarətini ələ keçirməsi halında, avronun dollar qarşısında eyni səviyyəyə enəcəyini və ya daha da aşağı düşə biləcəyini irəli sürür.

Ancaq Trampın 2016-2020-ci illərdəki prezidentliyi, ən azı ilk vəzifə ilində bunun əksini göstərir.

Trampın qələbəsi avroya niyə təzyiq göstərə bilər?

Avronu aşağı sala biləcək əsas mexanizmlərdən biri Trampın xarici məhsullar üçün təklif etdiyi gömrük rüsumları ola bilər. Tramp Çindən idxal olunan mallara 60%, digər ölkələrdən gələn mallara isə 10% gömrük vergisi tətbiq edə biləcəyini bildirib.

İqtisadçılar idxal mallarının daha yüksək qiymətinin bir çox şirkəti bu xərcləri istehlakçılara ötürməyə məcbur edəcəyini, bunun isə ABŞ-da inflyasiyanı artırma ehtimalının yüksək olduğunu vurğulayıblar. ABŞ istehsalçıları öz qiymətlərini qaldırarsa, təsir daha da böyük ola bilər.

ABŞ-da daha yüksək inflyasiya Federal Ehtiyat Sistemi (FED) tərəfindən sərt tədbirlər görülməsinə səbəb ola bilər. Qiymət təzyiqlərinə qarşı faiz dərəcələrinin artırılması zərurətə çevrilə bilər.

Digər tərəfdən, ABŞ-ın qoruyucu siyasəti Avropa iqtisadiyyatında zəifləməyə səbəb ola bilər və Avropa Mərkəzi Bankını (AMB) iqtisadiyyatı dəstəkləmək üçün daha yumşaq pul siyasəti tətbiq etməyə təşviq edə bilər.

FED faiz dərəcələrini artırarkən, AMB faizləri azaldarsa, investorlar daha yüksək gəlirli ABŞ aktivlərinə yönələcək və faiz fərqi dolların avro qarşısında daha da güclənməsinə səbəb ola bilər.

Gömrük rüsumları ilə yanaşı, yenidən seçilmiş Tramp administrasiyası daha sərt miqrasiya siyasəti yürüdə bilər

Miqrasiyanın azalması ABŞ-da işçi qüvvəsinin sayına təsir göstərəcək və şirkətlər işçilər üçün rəqabət apardıqca maaşlar üzərində təzyiqi artıracaq. Daha yüksək maaşlar isə inflyasiyanı dəstəkləyərək FED-in daha sərt pul siyasətinə ehtiyacını gücləndirə bilər. Bu, dollar üçün əlavə dəstək təbəqəsi yaradaraq avronu daha da əlverişsiz vəziyyətə sala bilər.

Trampın qələbəsi fonunda analitiklərin avro-dollar məzənnə proqnozları

"ACY Securities"in valyuta analitiki Luka Santos qeyd edir: "Trampın qələbəsi daxili xərcləri artıran və qoruyucu ticarət mövqeyini dəstəkləyən siyasət dəyişikliyini gətirə bilər. Belə bir ssenari investorların ABŞ aktivlərinə marağını artıraraq dolların güclənməsinə yol aça bilər."

"ABN Amro"nun aparıcı valyuta strateqi Corcette Boele Trampın ticarət siyasətinin dolların performansına təsirini vurğulayaraq deyir: “Güclü ABŞ göstəriciləri nəticəsində FED üçün daha az, AMB üçün isə daha çox faiz endirimi gözlənilir.”

"BBVA" strategiyaları Alehandro Kuadrado və Roberto Kobo Trampın qalib gələcəyi və xüsusilə Konqres tam olaraq Respublikaçıların nəzarətinə keçəcəyi təqdirdə avronun 1,08 dollardan aşağı düşəcəyini proqnozlaşdırırlar. Digər yandan isə Kamala Harris seçkidə qalib gəlsə, dolların zəifləyəcəyi gözlənilir.

"Goldman Sachs" isə avro üçün ən aşağı qiymət proqnozlarından birini dərc edib. Analitik Maykl Cahil bildirir ki, "ABŞ və Avropa üçün fərqli pul siyasəti nəticələri avronu 3% zəiflədə bilər."

Ancaq Cahil Trampın geniş gömrük vergiləri və yerli vergi endirimləri tətbiq edəcəyi təqdirdə avronun daha çox, təxminən 10% azala biləcəyini və bunun da avronu dollar səviyyəsinə və ya daha aşağıya endirə biləcəyini deyir.

Trampın 2016-2020-ci illərdəki prezidentliyi avronun enişinə səbəb olmadı
2016-cı ildə Trampın qələbəsi dolları gücləndirdi və avro 2017-ci ilin əvvəlində 1,0340 dollara qədər gerilədi. Lakin “2017-ci ilin yanvar-sentyabr ayları ərzində faiz dərəcəsi fərqi azaldı və dollar avroya nisbətdə zəifləyərək 1,19 səviyyəsinə düşdü.”

Bu dəfə nə ola bilər?

Avronun dollar səviyyəsinə enməsi qəti deyil, lakin Tramp administrasiyasının bəzi faktorları riski artırır. ABŞ-da inflyasiya onsuz da əsas narahatlıq mövzusu olduğundan, gömrük tarifləri və ya daha sərt miqrasiya siyasətindən gələn təzyiqlər FED-in sərt pul siyasəti tətbiq etməsinə səbəb ola bilər.

Avropa iqtisadiyyatının böyüməsi isə xarici şoklara qarşı daha həssasdır. ABŞ gömrük tarifləri Avropa ixracatını nisbətən çox təsirləndirərsə, AMB daha çox yumşalma tədbirləri ilə cavab verə bilər və bu da faiz fərqini artıraraq avro üzərində eniş təzyiqini gücləndirə bilər.

Rəhim

Избранный
10
50
valyuta.az

10Источники