RU

Yasda muğam oxuyan, 8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

Bu gün tanınmış xanəndə Şahmalı Kürdoğlunun anım günüdür.

Kulis.az şəhid xanəndimizin həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.



Şahmali Kürdoğlu 1930-cu il aprelin 12 də Ağdamda anadan olub.

***

Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalından olan Şahmalının atası Mirzəqulu Fətəliyev ötən əsrin əvvəllərində erməni zülmkarlığına qarşı çıxan qaçaq olub. Qisas aldığı daşnaklar onu tapmasın deyə Qarabağa üz tutub. İzini itirmək üçün adını dəyişib.

***

Aşqabad Universitetinin hüquq fakültəsinin, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunu olan Şahmalı Kürdoğlu Asəf Zeynallı adına Musiqi Kollecində Seyid Şuşinskidən muğam təhsili alıb.

Gallery

Aşqabad Universitetini bitirib vətənə qayıdan Şahmalıya ixtisası üzrə işləmək qismət olmur. Çünki Şahmalının atasını Sovet hökuməti vaxtilə öz “kulak” siyahısına salmışdı. Buna görə də Sovet hökuməti ona hüquqşünas işləməyi “məsləhət” bilməmişdi.

***

Atasına görə heç yerdə iş tapa bilməyən Şahmalı uzun zaman sonra rayonda müəllim kimi fəaliyyət göstərir. Günlərin bir günü böyük bəstəkarımız Fikrət Əmirov Ağdama gəlir. Onun məqsədi Opera teatrına səsi olan, "Leyli və Məcnun"da oynaya bilən xanəndə tapmaq idi. Şahmalını bu niyyətlə Bakıya dəvət edirlər. Ş.Kürdoğlu həm "Leyli və Məcnun" operasında çıxış edir, həm də filarmoniyada konsertlər verir. Beləliklə, məşhurluq başlayır.

Gallery

Şahmalı Kürdoğlu əsl Füzulişünas idi. Onun olduğu məclisdə hər adam Füzulidən, onun şeir dünyasından danışmağa cəsarət etməzdi. Sözə o qədər həssas idi ki, toylarda, məclislərdə muğam oxuyanda ətrafdakıları tamam unudardı.

***

1965-ci ildə, 35 yaşında öz “Rast”ını yazdırmışdı. Azərbaycan radiosu ilə Şahmalının “Rast”ını bütün ölkə eşidib sevmişdi.

***

Şahmalının “Rast”ının radioda təzə-təzə səslənən vaxtlarıymış. Filarmoniya bağında onu bu münasibətlə sənət dostları təbrik edirmiş. Cavan bir tarçalan xanəndəni təbrik edəndən sonra deyir, Şahmalı müəllim, gözəl oxumusunuz, amma seçdiyiniz qəzəllərin sözləri yaman qəlizdir, başa düşmədim.

Şahmalı halını pozmadan deyir:
– Sən başa düşməzsən.
– Niyə, mənim başım baş deyil?
– Baş olmağına, başdı ey, Füzulilik deyil, yumurtanı qabıqlı yeməmək üçündür.

***

Sovet hökuməti zamanında bir erməni qadının hiyləsi ucbatından həbs olunur. O, yeddi il Şuşa türməsində məhbus həyatı yaşayıb.

Cəzaçəkmə müəssisəsinin klubundakı səhnədə onu oxutmaq istəyiblər. Ancaq Şahmalı heç bir israrı, təzyiqi, əlavə cəzanı eyninə almadan qətiyyətlə deyib: "Mən dustaq paltarında səhnəyə çıxa bilmərəm. Bu, sənətə hörmətsizlikdir."

***

Şahmalı Kürdoğlunun həm də çox gözəl rəsm çəkmək qabiliyyəti olub.

***

“Şur” ansamblının yaradıcılarından biri olub.

***

İki dəfə ailə həyatı qurub. Birinci ailəsindən iki oğlu bir qızı olub. İkinci ailəsindən öz adına bənzər Şahiməli adını qoyduğu bir oğlu dünyaya gəlib.

Gallery

Deyilənə görə, Ağdamın Qalayçılar kəndində müxtəlif vəzifələrdə çalışan Muxtar Məmmədov adlı nüfuzlu bir şəxs ölüm yatağında doğmalarına belə vəsiyyət edib: "Bilirəm, mən öləndə molla gətirəcəksiniz. Quran oxudacaqsınız. Məni ağır-əziz edəcəksiniz. Son arzumu yerinə yetirin. Şahmalını tapıb yanıma gətirin. Bu dünyaya onun səsiylə "əlvida" demək istəyirəm". Kişinin arzusunu xanəndəyə çatdırırlar. Şahmalı Kürdoğlu gəlir və yasda "Rast" muğamını oxuyur:

Məqsədim açmaq deyildi dərdimi əsla sənə,
İstədim pünhan edim, səndən nə pünhan, ey təbib!

Şahmalının səsinin yaratdığı hüzn və ağır kədər məclisə toplaşanları hönkür-hönkür ağladıb.

***

Şahmalı Kürdoğlu 1992-ci ildə Ağdamda həyətlərində 8 yaşlı oğlu Şahiməli ilə birlikdə nar yeyərkən həyətə düşən “qrad” qəlpəsinin partlaması ilə həlak olub.

Избранный
27
1
kulis.az

2Источники