RU

“Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda plenar iclas keçirilib

Dini Liderlərin Qlobal Sammiti çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda plenar iclas keçirilib.

APA xəbər verir ki, Qafqaz müsəlmanlarının XI Müftisi Hacı Salman Musayevin moderatorluğu ilə keçirilən iclasda, əvvəlcə, “Bizim planetimiz” adlı videoçarx nümayiş edilib.

Daha sonra iclas çərçivəsində "Dinlərin və inancların iqlim dəyişikliyi böhranına baxışı və onun planet, həyat və yaşam vasitələri üçün təsiri", “Yaşıl gələcəyin təşviqində və iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasında və onunla mübarizədə dini və inanc təşkilatlarının rolu", “Dinlərarası və sivilizasiyalararası dialoq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə", “Silahlı münaqişələr, zorakılıq, ekosid və urbisid aktları ətraf mühitə zərər vurur və iqlim dəyişikliyi ilə qlobal mübarizəyə maneə yaradır” mövzularında çıxışlar dinlənilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov çıxışında dinlərarası dialoq platformasının ciddi əhəmiyyəti barədə söhbət açıb. O qeyd edib ki, inanclar fərqli olsa da, planeti qorumaq bütün sərhədlərin fövqündədir. R.Həsənov bildirib ki, sammit iştirakçıları birgə layihələr həyata keçirsələr, yoxsulluğun azaldılması, münaqişələrin qarşısının alınması və sağlamlığın təşviqi ilə məşğul olunmasında uğurlu nəticələr əldə edə bilərlər.

İclasda çıxış edən G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti Cole Durham qeyd edib ki, forumun əsas istiqamətlərindən biri də dini icmaları iqlim dəyişiklikləri mövzusuna cəlb etməkdir: “Əgər dini icmalar birlikdə çalışsalar, bu çətinliklərin öhdəsindən məharətlə gələ bilərlər. Bu istiqamətdə ev sahibi kimi Azərbaycanın rolu danılmazdır”.

İclasda Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgəyaşayış nazirliyinin baş direktoru Afra Mohammed Al Saabri, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Yer Kürəsi Naminə İnanc Koalisiyasının təsisçisi və direktoru Iyad Abu Moghli, İslam Əməkdaşlığı Təşkilatının Baş katibinin elm və texnologiya üzrə köməkçisi Aftab Ahmad Khokher və digər qonaqlar çıxış ediblər.

İclas Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə davam etdirilib.

Küveytin Vəqflər və İslam İşləri nazirinin müavini Bader AlMutairi, Pakistanın Muslim İnstitutunun direktoru Sultan Ahmet Ali, Hindistanın Yaşamaq sənəti təşkilatının rəhbəri Suami Cyozirmayah, ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayer və digər rəsmi nümayəndələr qarşıya qoyulan məsələlər üzrə fikirlərini bölüşüblər.

Избранный
50
apa.az

1Источники