RU

Kiçik qız uşaqlarının qətli Türkiyəni sarsıdıb- Azərbaycanda da təhlükə var...

Image

Uşaqlar bütün cəmiyyətlərin “qırmızı xətti”dir. Təəssüf ki, hələ də uşaqlar cinayətə qurban gedir. Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gün sonra kənd yaxınlığındakı dərə yatağında çuvalın içində cəsədi tapılan 8 yaşlı Narin Güranla bağlı cinayət işi geniş rezonansa səbəb oldu. 

Türkiyədə 8 yaşlı Narin Güranın qətlindən sonra İstanbulun mərkəzində daha bir azyaşlı qız öldürülüb. Belə ki, 6 yaşlı Şirin Elmas Hanilçinin meyiti qəbiristanlıqda aşkarlanıb. Uşaq qətlləri mövzusu Azərbaycan cəmiyyətində də narahatlıqla qarşılanır. Belə ki, yaxın keçmişdə ölkəmizdə də tükürpərdici uşaq cinayətləri qeydə alınıb. Bəs uşaqlara qarşı cinayətlərin qarşısının alınması üçün hansı əlavə addımlar atıla bilər?

Şəmsəddin Əliyev: “Uşaq cinayətləri əhali arasında çox böyük vahimə yaradır”

"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, uşaq cinayətləri cəmiyyət üçün ciddi problemdir. Uşaq ölümləri cinayətlərin ən ağır növü sayılır. Uşaq cinayətləri əhali arasında çox böyük vahimə yaradır: “Türkiyə ilə müqayisədə Azərbaycan bu kimi hadisələrdən uzaqdır. Azərbaycanda ağır cinayət növləri azalmaq üzrədir. Cinayətlərin dinamikasında azalma qeydə alınır. Cari ilin 9 ayında quldurluq, qətl, soyğunluq və digər cinayət növlərinin sayı azalıb. Sevindirici haldır ki, ölkəmizdə ağır  uşaq cinayətləri yox dərəcəsindədir.  Bunun da səbəbi odur ki, müəyyən ərazilər Azərbaycan polisinin gücü ilə bağlanıb. Ərazilərə nəzarət var, kriminogen vəziyyətin davranışlarına seyrçi mövqe yoxdur. Məlumdur ki, Türkiyə əhalisi Azərbaycandan 10 dəfə çoxdur. Türkiyənin PKK problemi var. PKK terror təşkilatı qardaş ölkədə vahimə yaradıb. Hesab edirəm ki, Türkiyədə qeydə alınan amansız cinayətlər PKK-çılar tərəfindən törədilir. Heç bir əməli, fəaliyyət qabiliyyəti olmayan insanlara qarşı bu cür davranış insanlığa xas olan bir hal deyil. Nə dinimiz, nə beynəlxalq normalar bunu qəbul edir. Türkiyənin daxili və xarici fəaliyyətini qəbul etməyənlər bu cür addım atır”.

Könül İsmayılova: “Uşaqlara qarşı zorakılıq və cinayət xəbərlərinin sayının artması cəmiyyət arasında ciddi narahatlığa səbəb olur”

Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son illər uşaqlara qarşı zorakılıq və cinayət xəbərlərinin sayının artması cəmiyyət arasında ciddi narahatlığa səbəb olur: “Uşaqların toxunulmazlığı, hüquqlarının qorunması bütün dövlətlər üçün prioritet olub. Uşaqların itkin düşməsi, öldürülməsi, zorakılığa məruz qalması kimi hadisələrə tez-tez rast gəlinir. Uşaqlar xüsusən də qlobal orqan mafiyasının əsas hədəflərindən biridir”.

Psixoloq hesab edir ki, uşaqlara qarşı cinayət törədənlərin əksəriyyəti məhz cəmiyyətin tərbiyə etmədiyi, dəyərləri mənimsəməmiş insanlardır. Biz elə etməliyik ki, bu dəyərləri mənimsəyən, insan azadlığına, uşaq və qadın haqlarına hörmətlə yanaşan cəmiyyət formalaşdıraq. Hər şeyin əsası budur. Əks halda bu kimi cinayətlər davam edəcək: “İstər uşağın təlim-tərbiyə keçdiyi məktəb, istər bağça, istər dərnək olsun - burada elementar təhlükəsizlik tədbirləri haqqında onlara məlumat verilməlidir. Məsələn, uşaqlar tanımadığı şəxslərlə ünsiyyətə girməməsi, onlardan hər hansı bir əşya, hədiyyə almaması ilə bağlı məlumatlandırılmalıdır. Onlara izah edilməlidir ki, hər hansı bir təhlükə olduqda, bu barədə mütləq hüquq-mühafizə orqanlarına, ailə üzvlərinə, ətrafdakı insanlara məlumat versinlər. Bu cür elementar tədbirlər haqqında hər bir təlimçi, pedaqoq özü uşaqları məlumatlandırmalıdır. O cümlədən, bu məsələlərdə evdə valideynlərin, baba-nənələrin və ya böyük bacı və qardaşların da üzərinə böyük məsuliyyət düşür”.

Günel CƏLİLOVA





Избранный
32
baki-xeber.com

1Источники