RU

Azərbaycana qarşı ŞOK torpaq İDDİASI - 200 kv/km...

Dörd il öncə imzalanan üçtərəfli bəyanatın əsas müddəalarından birini icra etməyən Ermənistan növbəti dəfə gərginliyi tətikləyir; rəsmi Bakı İrəvanın qarşısına daha sərt tələblər qoya bilər; ekspertlər Mirzoyan-Simonyan yalanlarını ifşa etdilər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentindəki çıxışında sərhədin delimitasiyası məsələsinə toxunaraq deyib ki, İrəvan suveren Ermənistan ərazisinin 29 743 kv/km təşkil etməsi üçün əlindən gələni edir. “Bizim 200 kv/km-dən çox ərazimiz işğal edilib, bu, bizim demarkasiya prosesi çərçivəsində həll etmək niyyətində olduğumuz məsələdir”, - deyən Ermənistan XİN rəhbəri növbəti dəfə suyu bulandırmaq xəttinə sadiqlik nümayiş etdirib.

A.Mirzoyanın sözlərinə görə, Ermənistanın nəzarəti altında olan Azərbaycan əraziləri və Azərbaycanın nəzarəti altında olan Ermənistan əraziləri var idi. Eyni zamanda o hesab edir ki, Azərbaycanla dinc münasibətlər qurmaq olar: “Beləliklə, biz deyə bilmərik ki, aramızda hər şey gözəl idi və indi biz təhsil sahəsində qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalaya bilərik və s. Bizim problemimiz var və biz bu problemi həll edirik”.

Mirzoyan:

Burada diqqəti çəkən məqam odur ki, erməni rəsmilər hələ də 200 kvadrat kilometr torpağın “işğal” olunduğunu deyir. Beləcə, delimitasiya adı altında Azərbaycandan 200 kvadrat kilometr ərazi qoparmaq istəyirlər. Ermənistan parlamentinin sədri Alen Simonyan isə bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının haradan davam edəcəyi ilə bağlı müzakirələr aparılır. Simonyan sərhədlərin delimitasiyası komissiyaları ilə bağlı reqlamentin mövcudluğunu hər iki ölkə üçün böyük qələbə adlandırıb. “Bu, ikitərəfli qələbədir və Azərbaycanla Ermənistan arasında ilk dövlətlərarası sənəddir. Onun həyata keçirilməsi hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir”, - deyə Simonyan bildirib. O, həmçinin vurğulayıb ki, hazırda demarkasiyanın hansı istiqamətdə davam etdiriləcəyi ilə bağlı yekun qərar verilməyib. “Delimitasiyanın harada davam edəcəyi ilə bağlı müzakirələr gedir”, - deyə erməni rəsmisi əlavə edib.

Bu arada, məlum olub ki, Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini təqdim edib. Hələlik Ermənistan Konstitusiyasından Azərbaycanın ərazilərinə qarşı hər hansı ərazi iddialarının çıxarılması istiqamətində addım atılmadığı üçün İrəvandan Bakıya göndərilən cavabın ciddi dəyişikliyə gətirib çıxaracağı, sülhün imzalanmasına təkan verəcəyi şübhəli görünür. Sadəcə, Ermənistan özünü “sülh tərəfdarı” kimi təqdim etmək üçün manevrlər edir. Elə yarımçıq sülh müqaviləsini imzalamağa cəhdlər göstərməsi də buradan qaynaqlanır. Bakıya sülh təklifləri göndərən Ermənistan rəsmiləri digər tərəfdən də Azərbaycana ərazi iddiası irəli sürür, 4 kəndimizi işğalda saxladığı halda... Sülhə hazır olduğunu bəyan edən rəsmi İrəvanın belə iddiaları irəli sürməsi nəyə hesablanıb? Ekspertlərimiz necə hesab edir, Azərbaycanın İrəvandan səslənən avantürist bəyanatlara cavabı necə olmalıdır?

Deputat

Sahib Alıyev

Deputat Sahib Alıyev Ermənistanın rəsmi şəxslərinin ziddiyyətli açıqlamalarına diqqət çəkdi: “Dörd il bundan öncə "Akna" adlandırdığı Ağdamda şəkil çəkdirib oranın “Ermənistan” olduğunu bildirən Simonyanın sərhədlərin delimitasiyası ilə bağlı reqlamentin təsdiqlənməsini hər iki tərəf üçün böyük qələbə adlandırması metamarfozadır. Amma təəssüf ki, bu metamarfozanın onlarda baş verməsi üçün hər iki tərəf böyük itki verdi. Daha dəqiqi, Azərbaycan oğulları məhz onun hər iki tərəf üçün böyük qələbə adlandığı reallığın baş verməsi üçün şəhid oldular, qarşı tərəfdəkilər isə buna dirəniş göstərərkən həyatlarını itirdilər. Bu itkilərin məsuliyyəti kimin üzərindədir, işğal etdikləri ilə kifayətlənməyərək “yeni torpaqlar uğrunda yeni savaş”ın anonsunu kim verirdi? Bütün bunlara görə kim məsuliyyət daşıyır və üzr istəməlidir? Yaxşı olardı ki, Ermənistan rəhbərliyindəkilər guya “işğal altındakı” torpaqlarından dəm vurmamışdan öncə bu suallara aydınlıq gətirsinlər. Və ona da aydınlıq gətirsinlər ki, şərti sərhəddə heç bir döyüş, yaxud da əməliyyat baş vermədiyi halda, bunların “işğal altındadır” dedikləri torpaqların sahəsi necə olur artır, əvvəl 100 kv/km idi, sonra 120 etdilər, daha sonra 150 və 180-ə qaldırdılar, indi də 200 və hətta 220 rəqəmindən dəm vururlar". S.Alıyev digər məqamlara da toxundu və arqumentlərini, faktlara əsaslanan konkret suallarını irəli sürdü: “Ümumiyyətlə, onlar hansı xəritəyə dayanaraq torpaqlarının işğal olunduğunu bildirirlər, delimitasiyanın məhz haylar istəyən xəritə əsasında aparılmasına kim razılıq verib? Bilirsiniz, bu suallar ona görə səslənir ki, qarşı tərəf hətta konstruktiv təsir bağışlayan açıqlamalarında belə xislətinə uyğun şəkildə təhriflərsiz ötüşmür. O üzdən də  Simonyandan soruşuram: "Akna" adlandırdığınız və Ermənistanın olduğunu bildirdiyiniz Ağdam da o 29 743 kv/km ərazinizin tərkibində hesab olunur, ya yox? Olunmursa, onda siz bir vaxtlar həmin Ağdamda nə gəzirdiniz, etdiyiniz bu hərəkətin adı nə idi, ona görə kim məsuliyyət daşıyır, bədəli necə ödənməlidir?"

Qafar

 Qafar Çaxmaqlı

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı İrəvandan səsləndirilən böhtanları təəccüblü saymır: “Ermənistan parlamentinin sədri Alen Simonyanın sual-cavab şəklindəki çıxışında Daşnaksutyun Partiyasından olan deputat Artsvik Minasyana cavablarında əslində yeni fikirlər səsləndirməyib. Demarkasiya və delimitasiya ilə bağlı əsasnamənin təsdiqindən sonra həmin prosesin davam etdirilməsinə heç kəs şübhə etmir. Daşnaklar suyu bulandırmaq üçün bu prosesin bu dəfə guya Azərbaycanın  "girdiyi" ərazilərdən başlanmasını önə sürürlər. 200 kv/km ərazi iddiası da əsassızdır. Çünki demarkasiya edilməyən sərhədlər şərti sərhədlərdir. Ermənistanın özünün hesab etdiyi ərazilər yalnız komissiyanın işi nəticəsində ortaya çıxacaq, Qazax-Tavuş sərhədində olduğu kimi. Bu istiqamətdə məsələlər həll olunmayana qədər Ermənistan həmin əraziləri də özününkü sayırdı". Q.Çaxmaqlının sözlərinə görə, komissiya hansı sərhəd xəttindən işə başlayacaq, gerçəkdən də bu Simonyanın vəzifəsi deyil: “Müzakirələr olacaq və prosesin uzun sürəcəyini də hər kəs yaxşı bilir. Ermənistan müxalifəti hakimiyyəti tənqid etmək, onu köşəyə sıxışdırmaq üçün belə üsullardan istifadə edir. Bu, bizim üçün əhəmiyyətsiz məsələdir. Komissiya yaradılıb, əsasnamə hər iki ölkədə təsdiq edilib, iş davam etdiriləcək”.

Nöqsanların

Məhəmməd Əsədullzadə

Politoloq Məhəmməd Əsədullzadə də vurğuladı ki, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi üzrə əsasnamə və reqlament qəbul edilib və təsdiq olunub: “Bir neçə gün öncə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Mher Qriqoryan sərhəddə görüşdü. Sərhədlərin delimitasiyasi və demarkasiyası prosesini müzakirə etdilər. Artıq 12 km-lik sərhədlərin demarkasiyası təsdiq olunub. Ermənistan tərəfi Kəlbəcər və Cermix (İstisu) istiqamətində Azərbaycan Ordusunun guya onların ərazisinə keçdiyini iddia edir. Bu, sadəcə, əsassız iddiadır. Ararat Mirzoyan parlamentdə bu məsələləri qaldırmamalı idi. Çünki sərhədlərin delimitasiyası üzrə komissiya varsa, əsasnamə və reqlament təsdiq edilibsə, bunu XİN dilə gətirməməlidir. Proses davam edəcək və kim harada dayanmalıdır, müəyyən olunacaq. Əvvəlcədən "Azərbaycan Ermənistanın 200 kv/km ərazisini işğal edib" kimi cəfəng fikirlər prosesi sabotaj etməkdir". M.Əsədullazadə rəsmi İrəvanın “unutduğu” vəzi faktları xatırlatdı və bildirdi ki, Ermənistan əvvəlcə üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir: “Ermənistan hələ də Azərbaycanın 4 kəndini işğalda saxlayır. Naxçıvanın Kərki və Qazağın 3 kəndi faktiki işğal altındadır. Bəs Ararat Mirzoyan bunları niyə dilə gətirmir? Yaxşı, Azərbaycan niyə rəsmi səviyyədə bu məsələni qabartmır? Çünki sərhədlərin delimitasiyası və demarkasiyası prosesində bu məsələlər həll ediləcək”. Ekspert əminliklə qeyd etdi ki, Azərbaycan Ermənistanın ərazisinə daxil olmayıb: “Azərbaycanın əraziləri 30 il işğalda qalmışdı. Ermənistan "sərhədi" Horadizdə çəkmişdi. İndi Azərbaycan rəsmi səviyyədə özünün sərhədinə çıxıb". Politoloq tarixi ədalətin bərqərar olmasını zəruri sayır: “Düşünürəm ki, Göyçə gölü tən ortadan iki tərəf arasında bölünməli və sərhəd xətti Göyçə gölünün ortasından keçməlidir. Azərbaycan tərəfi qarşı tərəfə vaxt verməlidir ki, 4 kəndi təcili boşalt! Yəni Ermənistan rəsmiləri cəfəng iddialar ortaya atarsa, bu tələb qaldırılmalıdır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Избранный
14
8
musavat.com

9Источники