RU

Tiflisdən İrəvana SEZAR şilləsi! - sərhəddən buraxmır

Ermənistanın xəyanətkarlığı Gürcüstan hakimiyyətində narazılıq yaradıb

Ermənistan Qərb silahlarını, eləcə də Fransadan aldığı SEZAR artilleriya qurğularını ölkəyə gətirə bilmir. Bu sensasion iddia barədə politoloq Qurgen Simonyan danışıb. O deyib:  “Bəziləri Qərbin silahlarının Gürcüstandan keçdiyini deyir. Bəs onda niyə SEZAR-lar hələ də Potidə və ya Gürcüstanın hər yerində ilişib qalıblar?”.

Bundan əvvəl mətbuatda Gürcüstanın Ermənistana silah tranzitindən tamamilə imtina etdiyi barədə məlumatlar yayılmışdı. Bu addımın səbəbi Tiflisin Ermənistanın bir qrup siyasi fəal vətəndaşını Gürcüstan prezidenti Salome Zurabişvilini dəstəkləmək üçün Gürcüstana göndərilməsindən narazılığı ilə də izah olunur.  Bu hərəkət Gürcüstanın siyasi dairələrində mənfi reaksiyaya səbəb olub və görünür ki, ölkənin tranzit siyasətinə təsir edib.

“Bakı-xeber.com” şərhində yazır ki,  Ermənistanın baş naziri Nikol Paşinyanın gürcüstanlı həmkarı İrakli Kobaxidzeyə yazdığı sönük təbrik məktubunda da aydın hiss olunurdu ki, seçkinin nəticələri onların gözləntilərini doğrultmayıb.

Maraqlıdır ki, bir il əvvəl Fransanın “Bastion” markalı çoxməqsədli zirehli maşınlarının  Gürcüstanın Poti limanından Ermənistana daşındığı üzə çıxmışdı. Gürcüstan daha əvvəl Ermənistana silah və hərbi texnika daşınmasına icazə vermirdi. Bu da Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin roluna uyğun bir davranış idi. Əgər iddialar doğrudursa, demək, Gürcüstan yenə əvvəlki  strateji tərəfdaşlıq əlaqələrinin roluna uyğun siyasətə qayıdıb.

Vətən

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Fransa istehsalı olan SEZAR-ların Gürcüstanda qalması Azərbaycan və Gürcüstan arasında olan strateji tərəfdaşlığın yaxşı  nəticəsidir: “Gürcüstan da yaxşı anlayır ki, Ermənistan kimi bir ölkənin silahlandırılması regionda yeni gərginliyə yol aça və bölgədə hadisələr arzuolunmaz ssenari üzrə inkişaf edə bilər. Belə arzuolunmaz vəziyyət isə şübhəsiz Gürcüstana da təsirlərini göstərəcək. Çünki  bir ölkənin qonşuluğunda təhlükəsizlik təhdidləri yaranırsa, bu vəziyyətin məhz həmin ölkəyə də mənfi təsirləri olur. Digər tərəfdən, Gürcüstanda seçki öncəsi kifayət qədər gərginlik var idi. Hakimiyyətə qarşı demək olar ki, prezident Salome Zurabişvili əsas rəqib hesab olunurdu və ermənilərin ona dəstək verməsi "Gürcü Arzusu" hökumətini razı sala bilməzdi. Yəni müəyyən qədər də olsa SEZAR silahlarının Gürcüstandan buraxılmamasında bu məsələnin də təsiri ola bilər. Ancaq əsas məsələ Gürcüstan-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri öz təsirini göstərir. Gürcüstan bu cür mövqedən daim çıxış etməlidir. Hər hansı təsirlərlə, təzyiqlərlə, ultimatum xarakterli mesajlarla dövlət öz vahid strateji xəttindən çəkilməməlidir. Anlamalıdır ki, biz regionda yalnız bir-birimizə dəstək olaraq inkişafa və tərəqqiyə nail ola bilərik, Cənubi Qafqazı vahid bir orqanizm kimi görməliyik. Ətrafında güclü geosiyasi aktorlar olsa da Azərbaycan, Gürcüstan və Ermənistan nəhayət ki, Cənubi Qafqazda dayanıqlı sülh üçün birgə fəaliyyət haqqında düşünməlidir. Təəssüflər olsun ki, İrəvanda bu düşüncədə deyillər. Gürcüstan hakimiyyətini prinsipial mövqeyinə görə təqdir etmək lazımdır".

Xəyal

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın silahlandırılmasına qarşı dəfələrlə münasibətini ortaya qoyub, silahlandırmanın Cənubi Qafqaz regionunda sülhü təhdid etdiyini bəyan edib: "Azərbaycan həmişə çağırış edib ki, digər bölgə dövlətləri də Ermənistanın silahlandırılması ilə bağlı ortaya mövqe qoysunlar. Amma təəssüf ki, digər dövlətlər Azərbaycan kimi mövqe nümayiş etdirmirdilər. Hətta Gürcüstan bir müddət öz ərazisindən Ermənistana Fransa silahlarının daşınmasına şərait yaratdı. Bu, həmin dövrlər idi ki, Gürcüstan Qərbdən təzyiqlərə məruz qalırdı, Fransa Tiflisə təsir edirdi. Fransa və bir sıra ermənipərəst dövlətlər Gürcüstanı Cənubi Qafqaza qapı rolunda görürdülər. Və Ermənistana Gürcüstan ərazisindən silah keçirilməsi sübut edirdi ki, bu cür qapı xoş niyyətlər üçün deyil. Lakin artıq Gürcüstanda seçkilər keçirilib və Fransanın diktəsi ilə hərəkət etməyən siyasi qüvvə hakimiyyətini qoruyub saxlamağı bacardı. Gürcüstanda hakimiyyət artıq seçki qayğısını xeyli dərəcədə arxada qoyduğundan Ermənistana silah daşınması üçün Gürcüstan ərazisindən istifadə edilməsinə qırmızı işıq yandıra bilər. Yayılan xəbər doğrudursa və belə olacaqsa, bu, həm də Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin ruhuna uyğun mövqe ortaya qoyması kimi dəyərləndirilə bilər. Məsələnin başqa bir tərəfi də var ki, son seçkilərdə ermənilər Qərbə bağlı olan gürcü müxalifətinə dəstək verirdilər. Hətta daxildə etirazlar, qarşıdurmalar yaradılması istiqamətində ermənilərə Ermənistandan sifariş verildiyi barədə məlumatlar yayılmışdı. Bu məqamın da "Gürcü Arzusu" hakimiyyətinin Ermənistana münasibətində müəyyən soyuqluq yarada biləcəyi ehtimalını söyləməyə əsas verir. Rəsmi Tiflis gördü ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər Gürcüstana qarşı istənilən oyunda alət olmağa böyük həvəslə razılıq verirlər. Günün birində daha bir təhlükəli oyunun Gürcüstana qarşı istiqamətlənməsi halında Ermənistan bu oyunda alət olmağa razı olacaq. Ona görə də hesab etmək olar ki, əgər həqiqətən də yayılan xəbər doğrudursa, Gürcüstan haqlı olaraq həmin silahların Ermənistana göndərilməsinə razılıq vermir. Bizim də Gürcüstandan gözləntimiz həm də budur".

Ekspert vurğuladı ki, Gürcüstan Cənubi Qafqazın tərkib hissəsidir. Ermənistan kimi bir ölkənin silahlandırılması həm də elə Gürcüstanın özü üçün də gələcəkdə təhlükələr vəd edir. Ona görə də Gürcüstan Azərbaycanla bu məsələdə maraq uzlaşması ortaya qoymalıdır: “Ermənistanın silahlandırılmasına qarşı birgə hərəkət, birgə siyasət yürüdülməlidir. Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması məhz Azərbaycanla Gürcüstanın yürütdüyü siyasətin qayəsini təşkil edir. Ancaq təəssüf ki, Ermənistan hələ ki bu siyasətə qoşulmaq istəmir. Ermənistanın qoşulmaq istədiyi təhlükəli oyunlardır”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Избранный
48
36
musavat.com

10Источники