RU

Məktəblərdə cinsiyyətə aid dərslərin tədrisi ilə bağlı TƏZAD – Keçilsin, yoxsa keçilməsin?

Bəzi biologiya müəllimləri orta məktəblərdə anatomiya, cinsiyyət məsələləriylə bağlı mövzuları keçməkdən imtina edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Uşaqları bezdirən HAZIRLIQLAR - Dərsdən əlavə məşğələlərə getmək azyaşlılara necə TƏSİR edir?


Yerli mətbuata açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, cəmiyyətin konservativ dəyərləri və cinsiyyət mövzularına dair tabular, müəllimlərin bu dərsləri keçməsini çətinləşdirən səbəblərdir. Xüsusilə də bu, bölgələrdə özünü daha çox büruzə verir.

Bu hal nədən irəli gəlir? Valideynlərin, yoxsa şagirdlərin fikirlərindən?

Bizim.Media-ya mövzu ilə bağlı danışan biologiya müəllimi Ellada Məmmədova bəzi həmkarlarının bu fikirlərilə razılaşmayıb. O, düşünür ki,  anatomiyanın, cinsiyyət sisteminin məktəblərdə keçirilməsi daha yaxşıdır:

“Çünki uşaqlar  bu məlumatları müxtəlif sosial şəbəkələrdən, internet resurslarından istifadə edib öyrənirlər, bunun əvəzinə, biologiya müəllimlərindən öyrənməkləri daha məsləhətlidir”.

Müsahibimiz şagirdlərin bu dərslərə normal yanaşması üçün istifadə etdiyi metodu da bizimlə bölüşüb:

"6-cı sinifdən başlayaraq uşaqlarda dünyagörüşlərini formalaşdırıram, artıq bəzi sözlər gələndə gülmürlər. Dünyagörüşlərini formalaşdıraraq onlardakı kasad dünyagörüşünü zənginləşdirə bilərik. O dərsləri rahatlıqla keçmək olur, düzdür hələ də bəzi uşaqlar mövzuları keçərkən gülürlər, ancaq yenə də  bir çox sinifdə tərəqqi var, gülmürlər".

Təhsil Eksperti Elmin Nurizadə də biologiya müəllimi Ellada Məmmədovla eyni fikirdədir və bu mövzulardan imtina edilməsini düzgün hesab etmir.

O ilk olaraq dərsliklərin hazırlanma prosesindən bəhs edib:


"Ümumiyyətlə, bütün dərsliklərdə  tədris proqramı hazırlanarkən, mövzular müzakirə edilərkən bir çox mərhələdən keçilir. Hər dərsliklə bağlı ekspert şuraları var. Həmin şuralar ən sonda qərar verərək, hər hansı bir mövzunun fənnə aid olan dərs vəsaitinə salınmasına və yaxud çıxarılmasına, hansı istiqamətdən işıqlandırılmasına diqqət yetirirlər. Yəni dərsliklərin hazırlanması o qədər də sadə prosedur deyil. Çünki bir dərslik hazırlanıb təhvil verilirsə və həmin dərslikdə çox kobud səhv olmursa, o yalnız 5 il sonra komissiya tərəfindən dəyərləndirilir, müəyyən dəyişikliklər aparılaraq şagirdlərin məktəblərin ixtiyarına verilir".

Elmin Nurizadə məsələni dünyadakı müxtəlif təcrübələrdə də müqayisə edib:


"Düşünmürəm ki, biologiya dərsliklərimizdə mental dəyərlərə əks, şagird psixologiyasına zidd olan hər hansı bir mövzu, yanaşma var. Düzdür, xarici təcrübədə belə bir məsələ var ki, insan anatomiyasıyla bağlı hər bir detal çox normal qaydada, sakinlərin maariflənməsindən ötəri keçirilir. Çünki onlar cəmiyyətə çıxacaqları üçün müəyyən mövzularla bağlı səthi biliklərə malik olmalıdırlar.

Amma müsəlman, Şərq ölkələrində  mental dəyərlər başqa cür qavranıldığı üçün bu detallar çılpaqlığıyla tədris olunmur. Düşünürəm ki, bizim dərsliklərlərdə bu sırf elmi istiqamətdə, anatomik, insan fiziologiyasının maariflənmə mexanizmi istiqamətində tədris olunur".


Ekspert deyir ki, müəllimlərin bunu keçməsi normal haldır.

"Keçməməsini isə 2 səbəbdən ötrü ümumiyyətlə düzgün hesab etmirəm: Birincisi  bu normal təqdim olunur.  İkincisi isə dərsliklər həmin müəllimin qarşısına, sinifə gələnə, qədər bu sahəylə bağlı mütəxəssislər komissiyalar tərəfindən təsdiqlənir.

Bu dərslikdir, əlavə vəsait deyil ki, deyək ki, bir nəfərin materialı olaraq orada qeyri-etik ifadələr əks olunub.  Bu qədər həssas yanaşmanın fonunda biologiya, anatomiya dərsliklərində insan fizionomiyasıyla bağlı hər hansı bir qeyri-normal təqdimatların olacağını hesab etmirəm".

Nəzrin Mirzəyeva, Bizim.Media

Избранный
44
bizim.media

1Источники