RU

Heykəli, büstü, "rayonu" olan Nərimanovun xatirə muzeyi - 52 

Bəzi tarixçi alimlərimiz israrla iddia edirlər ki, .yazıçı, həkim, maarifçi, ictimai xadim kimi qəbul olunan, siyasət və dövlət xadimi kimi birmənalı qiymətləndirilməyən Nəriman Nərimanov Azərbaycan xalqının xoşbəxtliyini görmək istəyən əsl vətənpərvər imiş. Guya məhz buna görə onu öldürüblər.


Məsələn, N. Nərimanov irsinin dərin araşdırıcısı, “Nəriman Nərimanov – ideal və gerçəklik” kitabının müəllifi Firdovsiyyə Əhmədova ya görə, onun amalı Şərqin müstəmləkə boyunduruğundan azad olmasına nail olmaq, Azərbaycanın nümunəsində Şərq üçün ideal respublika modeli yaratmaq idi:” Xalq yolunda sadalandığından da artıq xidmətlərindən sonra niyə düşmənlərimizin millətçi deyə nifrət etdikləri Nərimanovu özünü milli hesab edənlərimiz qəbul etmək istəmir? Əsilzadə zümrəsinə mənsub olsa da maddi cəhətdən sıxıntılı həyat sürmüş Nərimanov bütün qayəsi ilə xalq adamı idi”.

 


Maraqlıdır ki, “amalı Şərqin müstəmləkə boyunduruğundan azad olmasına nail olmaq “ olan Nərimanovun zamanla etdiyi pisliklər bir-bir gün işığına çıxır.

2017-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutunda xüsusi rolu olan Nəriman Nərimanovun tarixi xəyanətini təsdiqləyən sənəd üzə çıxdı.
Araşdırmaçı alim, Azərbaycan Xalq Cumhuriyyəti tarixinin bilicisi, Nəsiman Yaqublu yazır: " Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əliheydər Qarayev, Bünyadzadə, Ağamalıoğlu, və s. hamısı demək olar ki, Rusiya bolşeviklərinin təsiri altına düşüb işğala imkan verdilər".
"Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov, hərbi-dəniz komissarı Əliheydər Qarayev və Komitənin katibi Qabriçidzenin 13 noyabr 1920-ci il noyabrın 20-də imzaladıqları əmrə əsasən, XI Ordunun dəmir yollarının mühafizəsi və müdafiəsi qüvvələrinin rəisi Mixail Qriqoryeviç Yefremov Bakının işğalına görə “Qırmızı bayraq” ordeni ilə təltif edilir.

Hələ siz Nərimanova olan bolşevik sevgisinə baxın: Görkəmli inqilabçı Lev Trotski Nərimanovun ölümü ilə bağlı demişdi: "Lenindən sonra Şərqin ən böyük ikinci itkisi."
Serqo Orconikidze isə Nərimanovu belə təsvir etmişdi: "Partiyamızın Şərqdəki ən böyük nümayəndəsi".
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan cümhuriyyəti" əsərində Qırmızı Ordunun işğalı barədə yazıb:

“İşğalın ilk günlərində, rus ordusunun kəndisinə yapdığı təntənəli bir istiqbal mərasimi ilə Moskvadan Bakıya vürud edən Nəriman, «Tazə pir» meydanında xalqa xitabən söylədiyi nitqində deyordu ki, “Məxsusi bir komision təşkil etdik. Bu komision əski hökumətin fəaliyyətini tədqiq ediyor. Bir kaç gün sonra nəticəyi elan edəcək, o vaxt siz də görəcəksiniz ki, nə kimi xainlər sizi idarə ediyormuş!”
Kaç gün deyil, kaç sənə keçdi, o komision bu nəticəyi hələ elan etməmişdir. Həm edəməz də! Çünki məmləkəti ingilislərə satdı, deyə ittiham olunan hökumətin bir zərrə belə olsun hüquqi-millətdən əcnəbilərə tərk etdiyini bir Nəriman deyil, bütün bolşeviklər bir araya gəlsələr də isbat edəməzlər!

Fəqət, Nərimanov və yoldaşları ruslara satmadıq bir şeyi buraxmadılar. Onlar hər şeyi verdilər. Maddi, mənəvi nə varsa həpsini təslim etdilər. Top əndaxtları ilə müftə göndərdikləri petrolun yüzdə 15 faizini Azərbaycana alıb verdirmək üçün aylarla yalvarırdılar. Hissələrinə düşən petrola sərbəst bir bazar təmini üçün dəxi nə dərəcə kiçildilər, nə qədər alçaldılar. Nəhayət, bu surətlə hasil olan sərvəti də, son nəticədə, məmləkəti istila edən Qızıl ordunun şərəfinə israf etdilər”.
Bu da gerçəyin səsi idi...

Və daha bir gerçək...
,
1918-ci ilin martında ermənilər Qafqazdan oğuz türkləri ilə bərabər digər Qafqaz xalqlarının kökünü kəsməyə girişmişdilər. Mart qırğınlarının, soyqırımın müəllifi olan bu toplumun üzvləri Azərbaycan torpaqlarında elə bir ərazi yoxdur ki, orada azərbaycanlıların qanını axıtmasın, oğluna-qızına təcavüz etməsin, körpələrini qılıncdan keçirməsin . Və bundan cəmi iki il sonra “Azərbaycanı sevən Nərimanov” ağlasığmaz bir hərəkətə imza atdı. Ermənistanda əhalinin ərzaqla təmin edilməsində çətinliklər yaranrkən , orada aclıq başlayarkən Gürcüstan, Rusiya deyil ilk maddi və mənəvi kömək Nərimanovun əmri ilə ermənilərə çatdırıldı. Beləki, məhz Nərimanovun razılığı ilə həmin ilin mayın sonunda Azərbaycandan Ermənistana 17 vaqon çörək və 5 milyon rubl yardım edilir. Qatarla təcrübəli partiya işçiləri, kənd təsərrüfatı mütəxəssisləri gedirlər ki, orda sistem qurulsun. Bir müddət sonra, 1920-ci ilin yayında Azərbaycan Ermənistana 50 vaqon ərzaq, 48 çən kerosin və 200 milyon rubl göndərildi. 200 Azərbaycanlı mühəndis, aqronom və digər mütəxəssislər xalq təsərrüfatının bərpasına kömək etmək üçün Ermənistana getdilər.
Nərimanovun “öz xalqını çox sevdiyini” elə bu faktdan aydın görmək olur.
Bundan başqa hamımız bilirik ki, Azərbaycan Cümhuriyyətinin qurucularının, Azərbaycan dövlətinin və xalqının əsl vurğunları, fədakarlarına 70 illik sovet imperiya tarixindənəinki bir xatirə lövhəsi qoyulmayıb, heç adları belə Azərbaycan xalqına xatırlanması qadağan edilib. Xatırlanıbsa da ya “xain” , ya da “satqın “ kimi xatırlanıb. 70 il Məmmədəmin Rəşulzadəni və onun məsləkdaşlarını məktəb partasından öldüyümüz günə qədər bizə belə tanıtdırıldı.
O zaman belə bir sual meydana çıxır: Acaba, imperiya 1964-cü ildə Sumqayıtda Nərimanova büst qoydu, 1972-cı ildə Bakının Yasamal rayonunda
tunc və qranitdən heykəl ucaltı, 1977-ci il noyabrın 6-da keçmiş Nikolayevski küç.17-də (indi İstiqlaliyyət küç.55) yerləşən binanın 2-ci mərtəbəsində muzey açdı ? Nərimanovun “işıqlı” fəaliyyətini dərsliklərə saldı?
Hələ Bakıda böyük bir rayonun adının da Nərimanov olması bir ayrı dərddir.
Axı, bunu hamı yaxşı bilir ki, imperiyaya xidmət göstərilməyən şəxs tarixdən silinir...
Bu məqaləni yazmaqda məqsədim Nərimanov mövzusu ilə müzakirə yaratmaq deyil. Bəzi gözübağlı, və yaxud dərinlikləri bilməyənlərə bəzi nüansları xatırlatmaq idi. Axı, bu gün Nərimanovun ev-muzeyinin açılışından 52 il ötür... Görəsən, həmin imperiya vətənindən perik salınan M.Ə Rəsulzadə və məsləkdaşlarına niyə bir muzey təşkil etmədi? Heç bunu düşündünüzmü? Əziz Nərimanovsevərlər, muzeyiniz mübarək...
Əntiqə Rəşid

Избранный
21
adalet.az

1Источники