RU

Bayden erası başa çatır: Trampın prezidentliyi beynəlxalq siyasətə nə vəd edir? – FOTO

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 277 seçicinin dəstəyini alaraq 270 seçici səs həddini keçib. Bu da onun seçkilərdə qələbə qazandığını göstərib. Bir müddət əvvəl D.Tramp özü də ABŞ-də keçirilən prezident seçkilərində qalib gəldiyini rəsmən açıqlayıb və özünü ölkənin 47-ci dövlət başçısı elan edib.

D.Tramp vurğulayıb ki, onun hakimiyyəti ABŞ tarixində “qızıl dövr” olacaq. Yeni prezident seçkilərin nəticələrini “Amerika tarixində əvvəl görünməyən siyasi qələbə” kimi qiymətləndirib. Bir çox dünya dövlətlərinin başçısı kimi Prezident İlham Əliyev də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampı təbrik edib, ona bu barədə məktubu ünvanlayıb.

Maraqlıdır, D.Trampın prezidentliyi dünyaya, beynəlxalq siyasətə nələr vəd edir?

Mövzu ilə bağlı Medianews.az-a danışan Politoloq Natiq Miri bildirib ki, D.Trampın qalib gəlməsi ənənəvi Tramp siyasətinin davamı deməkdir. Onun sözlərinə görə, perspektivdə qlobal səviyyədə hansısa ciddi dəyişikliklər görünmür: “Tramp keçmişdə olduğu kimi, yenə də ABŞ-nin artıq saydığı xərclərdən qurtulması üçün bir çox güc mərkəzlərinin maliyyələşdirilməsi öhdəliyindən yenə də imtina edəcək. Bir tərəfdən Rusiya-Ukrayna müharibəsində Kiyevin dəstəklənməsi, digər tərəfdən Avropa İttifaqı, NATO üzrə əsas yükün ABŞ-nin üzərinə düşməsi kimi öhdəliklərdən imtina olunması gözlənilir. Paralel olaraq Donald Trampın verdiyi vəd var ki, Rusiya-Ukrayna müharibəsini bitirəcək. Eyni zamanda Yaxın Şərqdə yeni İsrail-İran qarşıdurmasının qarşısını almaqla bu müharibənin də başa çatdırılması ciddi gündəm olacaq. Çünki dünyanın gələcəyi üçün təhlükə törədən bu iki müharibəni bitirmiş olarsa, bu, Tampın geosiyasi uğuru olacaq. Hətta bu ikinci dönəm belə, Trampın seçilməsi üçün müəyyən qapı aça bilər. Bununla yanaşı, iqtisadi cəhətdən də dəyişikliklər ola bilər. Belə ki, yerli istehsalı təşviq etməklə yeni iş yerlərinin açılması ABŞ-nin iqtisadi qüdrətinin artırılması siyasətinə üstünlük verəcək. Bu kontekstdə ABŞ ilə razılaşmayan və qlobal rəqabətə girən bir çox ölkələr var ki, onlara iqtisadi, maliyyə cəhətdən müəyyən təzyiqlərin ediləcəyini düşünürəm. Məsələn, Çin kimi dövlət var ki, ABŞ ilə daban-dabana ciddi rəqabətdədir. ABŞ Çin anlaşması olmadığı təqdirdə, yenə də Çin məhsulları ilə bağlı vergi rüsumları məsələsinə yenidən qayıdılacağı, hətta artırılacağı kimi məsələlər var”.

Politoloq qeyd edib ki, yanvar ayından sonra D.Tramp prezident kimi fəaliyyətə başlamaqla perspektiv müəyyən olunacaq: “Ancaq ona qədər verilən vədlər və Tramp siyasəti var.  Birinci dönəm bu siyasət o qədər də uğurlu olmadı və onun ikinci dönəm seçilmsinə bu uğursuzluq yol açmadı. Lakin ikinci dönəmdə həqiqətən də Tramp üçün müəyyən perspektiv imkanlar hiss olunur. Donald Trampın ən azından iki müharibəni bitirməsi, ABŞ-nin iqtisadi cəhətdən yenidən dirçəlməsi, eyni zamanda miqrasiya məsələsinin həll olunması kimi prioritet siyasəti var. Bu yöndə ciddi uğurlar əldə olunarsa, düşünürəm ki, həm ABŞ-nin qüdrətinin artırılmasına, həm də Trampın ikinci dönəm seçilməsinə yol açılacaq. Fikrimcə, Trampın Co Bayden administrasiyası kimi burnunu bütün regionlarda başqa ölkələrin güc mərkəzlərinin içinə soxmaq kimi prioritet siyasəti olmayacaq. Məsələn, bu gün Cənubi Qafqaza burnunu soxan Bayden administrasiyası Rusiya-Ukrayna müharibəsi üçün ikinci cəbhənin açılması siyasətinə dəstək verirdi. Lakin Tramp bu siyasətdən əl çəkə bilər. Belə uğursuz geosiyasət Trampın prioritetləri arasında deyil. Amma hər bir halda yanvar ayından sonra konkret xarici siyasət prioritetləri elan olunacaq. Bundan sonra daha dəqiq fikirlər söyləmək olacaq”.

Nailə QASIMOVA

Избранный
67
50
medianews.az

10Источники