RU

Küveytdə Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Zəfər Gününün dördüncü ildönümü münasibətilə səfirliyin binasında keçirilən tədbirdə Küveytdə yaşayan və çalışan Azərbaycan vətəndaşları, Küveyt Dövlət Universitetində və Küveyt-Amerika Universitetində təhsil alan azərbaycanlı tələbələr, Küveyt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Sonra canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Emil Kərimov bu il Azərbaycan xalqının Vətən müharibəsində şanlı Qələbənin dördüncü ildönümünü böyük sevinc və iftixar hissi ilə qeyd etdiyini bildirib, 2020-ci ilin bu tarixində Qarabağın və Ermənistanın işğalı altında olan digər torpaqların azad edilməsinin Azərbaycanın müasir tarixinə şanlı Zəfər Günü kimi daxil olduğunu vurğulayıb. O, bu Qələbənin Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin qüdrətli rəhbərliyi, qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində və şəhidlərin qanı bahasına əldə olunduğunu, həmçinin Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb. Diplomat əlavə edib ki, bu şanlı Zəfər Azərbaycan xalqının öz Prezidentinin ətrafında dəmir yumruq kimi birləşdiyini və dövlətimizin hərbi və iqtisadi gücünün artdığını bütün dünyaya bir daha nümayiş etdirdi.

Səfir 2020-ci il noyabrın 8-də Azərbaycanın dilbər guşəsi, görkəmli mədəniyyət xadimləri - yazıçılar, şairlər, musiqiçilərin məskəni olan Qarabağın incisi Şuşa şəhərinin işğaldan azad edildiyini diqqətə çatdırıb. O əlavə edib ki, 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixlərində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Vətən müharibəsində xalqımız 3 minədək şəhid verərək ölkəmizin ərazi bütövlüyünü, beynəlxalq hüququ və haqq-ədaləti bərpa edib.

Diplomat Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan Prezidentinin sülh təklifləri ilə çıxış etdiyini və ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasının qarşılığında Ermənistanla sülh sazişinin imzalanmasının mümkünlüyünü bildirdiyini deyib. Eyni zamanda, erməni separatçılarının növbəti təxribatlarına cavab olaraq, Azərbaycan 2023-cü ilin sentyabrın 19-da Qarabağ bölgəsində 24 saata yaxın davam edən lokal xarakterli antiterror tədbirləri həyata keçirib və qalib Azərbaycan Ordusunun gücü sayəsində ölkənin bütün ərazisində dövlət suverenliyi tam bərpa olunub. İndi Azərbaycan xalqı üçün yeni dövr - quruculuq mərhələsi başlayıb, öz doğma yurd-yuvasından qovulmuş qaçqın və məcburi köçkünlərin qayıdışı təmin edilir.

Səfir Azərbaycan Prezidenti tərəfindən işğaldan azad olunmuş ərazilərin “yaşıl zona” elan edildiyini və orada təbii enerji mənbələrindən istifadə olunacağını bildirib. O qeyd edib ki, bu region su, külək və günəş enerjisi mənbələri üzrə böyük potensiala malikdir. Diplomat, həmçinin Qarabağda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin uğurla həyata keçirildiyini və pilot layihələr üzrə artıq müvafiq işlərin aparıldığını diqqətə çatdırıb, əlavə edib ki, Prezident İlham Əliyev bizim bu torpaqlarda əbədi yaşayacağımızı əminliklə bəyan edib.

“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə çıxışında bildirib ki, torpaqlarımızın düşmən işğalından azad olunmasından sonra Şuşaya ilk səfər edən diaspora fəallarından biri olmasından qürur hissi keçirir. O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həmin ərazilərdə sürətlə bərpa-quruculuq işləri aparılır və bu prosesin canlı şahidi olub.

Tədbirdə çıxış edən Bədi əl-Əvadi bildirib ki, Küveyt vətəndaşı olaraq, Azərbaycan xalqının xoşbəxt və işıqlı gələcəyinə inanır. O, bu fikri Azərbaycan xalqının müdrik və uzaqgörən rəhbərinin olması ilə əsaslandırıb. Belə ki, o 30 il davam edən belə bir münaqişənin 44 gün ərzində sona çatdırılması yalnız Prezident İlham Əliyev kimi qətiyyətli və əzmli bir rəhbərin uğurlu siyasəti sayəsində mümkün ola bilərdi. Küveyt vətəndaşı Prezident İlham Əliyevin apardığı uğurlu və düşünülmüş siyasət nəticəsində Azərbaycan dövlətinin daha çox nailiyyətlərə imza atacağına əminliyini ifadə edib.

Tədbirin keçirildiyi zalda Zəfər Günü ilə əlaqədar fotoşəkillər və videomaterial nümayiş etdirilib, Vətən müharibəsi və Şuşa şəhərini əks etdirən stendlər quraşdırılıb. Eyni zamanda, səfirlik tərəfindən tədbir iştirakçılarına Vətən müharibəsinə həsr edilmiş “Tarixdə 44 Gün” adlı ərəb dilində kitab, o cümlədən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı ərəb dilində hazırlanmış “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” broşürü, habelə “Şuşa İli”nə həsr edilmiş “İrs” jurnalının xüsusi buraxılışı və digər çap materialları təqdim olunub.

Qeyd edək ki, Zəfər Gününün dördüncü ildönümü münasibətilə səfirlik tərəfindən hazırlanmış məlumat Küveytdə ərəb dilində gündəlik nəşr edilən “əl-Sabah” və “əl-Vasat” qəzetlərində, “q8-press.com”, “dasmannews.com”, “nabdapp.com” elektron media portallarında, habelə bir sıra elektron qəzetlərin sosial şəbəkələrində dərc edilib.

Избранный
91
50
yeniazerbaycan.com

10Источники