RU

Maliyyə-bank sektorunun COP29 planları

Mərkəzi Bankın (MB) sədri Taleh Kazımovun Azərbaycan Banklar Assosiasiyasına (ABA) daxil olan bankların rəhbərləri ilə keçirilən görüşdə bank sektorundakı vəziyyətlə yanaşı, COP29 zamanı maliyyə sektorunun qarşısında duran məsələlər də müzakirə olunub. Bankların iqlim çağırışlarından irəli gələn tələblərə uyğun üzərinə düşən vəzifə və öhdəliklər, karbon emissiyasının azaldılmasında əhəmiyyət daşıyan layihələrin maliyyələşdirilməsində fəaliyyətinin artırılması və “yaşıl maliyyə” strategiyası istiqamətində yeni maliyyə alətlərinin tətbiqinin vacibliyi diqqətə çatdırılıb.

İqlim çağırışları ilə bağlı risk idarəetmə sisteminin yaradılması

MB ən başlıca istiqamət kimi ölkədə dayanıqlı maliyyə infrastrukturunun yaradılmasını zəruri hesab edir və bank sisteminin bu sahədə ekosisteminin daha da möhkəmlənməsinə çalışır. COP29 ilində bu fəaliyyət daha da şaxələndirilib və Azərbaycanın bank sektoru neçə müddətdir ki, aktiv surətdə Mərkəzi Bankla əlaqələndirilmiş fəaliyyət çərçivəsi üzrə dayanıqlı maliyyə sahəsində işləyir. İkinci istiqamət dayanıqlı maliyyə ilə bağlı risk idarəetmə sistemlərinin formalaşdırılmasıdır. Bu prosesdə də bank sektorunun üzərinə böyük məsuliyyət düşür və idarəetmə strukturunun tam rəqəmsallaşması nəzərdə tutulur. Digər istiqamət yeni maliyyə baxışları çərçivəsində hesabatlılıq formasının müəyyənləşdirilməsidir. Ən vacib və qarşıdakı illərdə daim diqqətin artırılacağı istiqamət isə bank ekosistemində yeni, yəni “yaşıl maliyyə” alətlərinin istifadəsinin geniş tətbiqidir. Bu hədəf hökumətin “yaşıl keçid”ə dəstək siyasətinin əsas komponentlərindən biri olmaqla bank sektoru qarşısında maliyyə təşəbbüslərinin gerçəkləşməsini daha da aktuallaşdırır. MB-nin tövsiyəsinə əsasən, bank sistemi öz infrastrukturunu bu istiqamətə fokuslayıb və hüquqi infrastrukturun yaradılması tədbirləri gücləndirilib.

“Yaşıl maliyyə” investisiyaları üçün yol xəritəsi...

Mərkəzi Bank maliyyə sektorunun yaşıllaşdırılmasında məsuliyyət daşıyan dövlət orqanı kimi “yaşıl maliyyə”nin yaradılmasında öz dəstəkləyici funksiyasını davam etdirəcəyini bildirir. MB tərəfindən ötən il qəbul edilmiş “Dayanıqlı maliyyə inkişafı üzrə Yol xəritəsi” sənədində əsas çağırışlardan biri kimi “yaşıl maliyyə” taksonomiyasının hazırlanması nəzərdə tutulub ki, sənədin yaxın günlərdə yekunlaşacağı gözlənilir. Taksonomiyanın əsas prioriteti iqlim dəyişikliyinin təsirinin azaldılması hədəflərinə uyğun olaraq maliyyə bazarlarında yaşıl ekosistemin qurulması və mühafizəsi ilə bağlı tədbirləri reallaşdırmaqdır. “Yaşıl maliyyə” investisiyaları adlanan bu alətlər COP çağırışlarından meydana gələn “yaşıl” prinsiplərə əsaslanır və ekoloji fayda verməklə, həm də dayanıqlı iqtisadiyyatın inkişafına kömək edir. Bu məqsədlə iqlimlə bağlı risklərin idarə edilməsi üzrə təlimatlar müəyyən ediləcək və təlimatlar vasitəsilə ekoloji, sosial və idarəetmə amillərinin bankların strategiyalarına və idarəetmə çərçivələrinə inteqrasiyası təmin olunacaq.

MB COP29 ili çərçivəsində beynəlxalq institutları ilə “yaşıl maliyyə” alətlərinin ölkəmizdə tətbiqi sahəsində əməkdaşlığı da gücləndirib. “Yaşıl maliyyə” alətlərindən biri olan “yaşıl səhm”lərin ilk emissiyasına hazırlıq başlanılıb. Bu sahədə Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi nəzərdə tutulub. Yeri gəlmişkən, adıçəkilən korporasiya “yaşıl səhm”lərin emissiyasına son illərdə 10 milyardlarla dollar sərmayə yatırıb. Korporasiya bu istiqamətdə daxil olduğu Dünya Bankı Qrupunda “yaşıl istiqraz” buraxılışında əsas maliyyə institutu və emitent kimi fəallığını artırmaqdadır. DB və korporasiya birlikdə son 5 ildə 200 milyard dollara yaxın istiqraz emissiya edib. Ümumilikdə, COP29 çərçivəsində maliyyə institutları ilə əməkdaşlıq gündəliyinə uyğun olaraq çoxtərəfli inkişaf bankları ilə “yaşıl maliyyə” bazarına inteqrasiya səylərinin gücləndirilməsi nəzərdə tutulur.

İnvestorlarla əməkdaşlığa münbit imkanlar...

Azərbaycanın bank sistemi ilə paralel şəkildə maliyyə sektorunun digər təmsilçiləri də iqlim çağırışları şəraitində investorlarla yeni təşəbbüslərə açıqlığını nümayiş etdirməkdədir. Eyni zamanda, maliyyə bazarının bütün iştirakçıları “yaşıl iqtisadiyyat” quruculuğunda mövcud fürsətlərdən daha çox faydalanmağa çalışır. Maliyyə naziri Samir Şərifovun bildirdiyinə görə, Azərbaycanın maliyyə sektorunun dayanıqlılığı və sabitliyi iqlim fəaliyyətləri ilə bağlı prioritetlərin həyata keçirilməsində investorlarla əməkdaşlığa münbit imkanlar yaradır. Belə ki, ölkəmizin kredit reytinqinin yüksəldilməsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq iqtisadiyyatın “yaşıl transformasiyası” ilə əlaqədar planları gerçəkləşdirməyə əlverişli zəmin verir.

Ümumi dövlət strategiyasına əsasən, Azərbaycan inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradıldığını elan edib. Habelə inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşməsinin mühüm sütunu olan “İqlim Dəyişmələri üzrə İtki və Zərər Fondu”na vəsait ayrılması prosesinə başlanılıb. Ölkəmizin təsisçi-donor olduğu Fondun kapitalının mədən yanacağı istehsal edən ölkələrin, eləcə də neft-qaz və kömür hasilatı ilə məşğul olan şirkətlərin maliyyə dəstəyi ilə formalaşdırılması nəzərdə tutulur. Fondun üzvləri tərəfindən illik ödənişlər sabit məbləğdə və ya istehsal həcminə uyğun olaraq köçürüləcək. İMFF bərpa olunan enerji sahəsində fəaliyyət göstərən kiçik və orta istehsalçılar üçün gələcək məhsulların satın alınması üzrə sazişə zəmanətlə yanaşı, “yaşıl” sənaye layihələri üçün ilkin kapital itkisinin kompensasiyasını da təmin edəcək.

E.CƏFƏRLİ

Избранный
50
yeniazerbaycan.com

1Источники