RU

Orelyen Tçuameni azı bir ay “Real”a kömək edə bilməyəcək

Futbol üzrə Fransa yığma komandasının və Madrid “Real”ının dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni sıradan çıxıb.

Arena.az bu barədə Madrid klubunun rəsmi saytına istinadən xəbər verir.

Fransalı futbolçu UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində keçirilmiş “Milan”la qarşılaşmanın fasiləsində zədələnib. Oyundan sonra aparılmış müayinələr nəticəsində yarımmüdafiəçinin uzun müddət forma geyinə bilməyəcəyi bəlli olub. 24 yaşlı futbolçu ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, Tçuameni UEFA Millətlər Liqasında Fransa yığmasının İsrail və İtaliyaya qarşı keçirəcəyi matçlarda da iştirak edə bilməyəcək.

Xatırladaq ki, Fransanın “Bordo” klubunun yetirməsi olan Orelyen Tçuameni “Real”a 2022-ci ilin iyul ayında 80 milyon avro müqabilində “Monako”dan keçib. Fransalı “dayaqçı”nın “qaymaqlılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Tçuameni “Real”ın heəytində bütün yarışlarda 15 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Onun “Real”ın heyətindəki ümumi statistikası isə belədir: 103 oyun, 3 qol və 5 məhsuldar ötürmə.

Orelyen Tçuameni 2021-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 38 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Orelyen “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.

Tçuameni “Kral klubu” ilə İspaniya La Liqasını (2023/2024), İspaniya Kubokunu (2022/2023), İspaniya Super Kubokunu (2023/2024) qazanıb, həmçinin UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025) və FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı dayaq yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Избранный
52
arena.az

1Источники